Xəbər lenti

Erməni mediası birmənalı olaraq Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərinin bir hissəsi olan, Ermənistanın 29,743 kv.km ərazisinə qətiyyən daxil olmayan, 1990-92-ci illərdə işğal edilmiş Qazaxın 7, Naxçıvanın 1 kəndinin işğalda saxlanılması üçün bütün resurslarını səfərbər edib.

Dəfələrlə izah edilməsinə və ortaya fakt qoyulmasına baxmayaraq, erməni mediası Azərbaycanın ilkin mərhələdə anklav olmayan 4 kəndinin belə geri qaytarılmamasına çalışır: bunun üçün tətikçi rolunu oynayır, yerli camaatı qızışdırır, onların silahlanmasına dəstək verir və faktiki olaraq müharibə çağırışları edirlər.

Erməni müxalifəti də bundan maksimum istifadə edir – müxalif deputatlar “vəziyyəti yerdə öyrənmək” adı ilə Tavuşa səfər edir, əhalini hissləri ilə oynayır. Hətta bir deputat da tapılır ki, ümumiyyətlə, “dostları ilə” Əskiparaya köçüb, burada yaşayacağı və “sonadək” mübarizə aparacğını bildirir.

Bu prosesdə “Arabo” dəstəsinin komandiri Manvel Yegiazaryannın açıqlaması isə olduqca mühümdür.

Sitat: “Hansı ölkədə xalq müharibə arzusundadır və dərhal cəbhəyə qaçır? İnsanları həvəsləndirmək lazımdır: bəzilərini pul ilə, bəzilərini ideologiya ilə. Xalq öz övladını ölüm ağzına göndərmək istəmir, insanlar təşviq edilməlidir”.

Bu, birbaşa müharibə təbliğatı, insanları savaşa ruhlandırmaq üçün təşviq yoludur.

Bəs, erməni komandir nəyin “davasını” aparmağa hazırlaşır? Axı bu ərazilər Azərbaycana məxsusdur, Azərbaycan kəndləridir?

Diqqət edin erməni mediasının istinad etdiyi “komandir Manvel”in məntiqinə:

“O kəndlərin Azərbaycanın olduğunu demək savadsızlıqdır, tarixi bilməməkdir. O kəndlər 30 ildir bizim nəzarətimizdədir, 50 il əvvəl o kəndlər Rusiya imperiyası zamanı kimin nəzarətində idi? Necə olub ki, bu torpaqlar indi Azərbaycan olub? 30 ildir bizimlədirsə, necə olur ki, indi Azərbaycanın olur? Azərbaycan həmişə Rusiyanın tərkibində olub, necə olub ki, məsələn, o kəndlər rus deyil, azərbaycanlılarındır? Kim harada dayanırsa, sərhəd onundur”.

Tarix yoxdur – 50 il əvvəl o torpaqlar Rusiyanın deyildi, Sovet Azərbaycanının idi.

İkinci “məntiq”: 30 il bizim olubsa, demək, bizim olmalıdır.

Budur erməni təfəkkürü. Bu təfəkkürlə ermənilər Qərbi Zəngəzuru, Göyçəni, Dərələyəzi ələ keçiriblər. Eyni məntiqlə Azərbaycandan icarəyə aldıqları otlaq sahələrini bir neçə ildən sonra öz ərazilərinə qatıblar; bunun nəticəsində Naxçıvanı Azərbaycandan qoparan 1920-ci il lənəti zamanı 10 km-lik “en” indi 42 km-ya çatdırılıb.

“Kim haradadırsa, sərhəd ordan başlayır” düşüncəsi ilə yüz ildən çoxdur köçürülüb yerləşdirildikləri ərazilərin onlara aid olduğunu iddia və təbliğ edirlər.

Amma həqiqəti də altşüurda bilirlər. Bu “komandir” də açıq şəkildə bildirir ki, Azərbaycan bir müddətdən sonra Sünikə (Zəngəzura) da iddia edəcək, Geqarkunikə (Göyçəyə) də. Çünki özü bilir ki, bu əraziləri də işğal ediblər, tədricən mənimsəyiblər.

Ohanyan “əsgər qanunsuz əmri icra etməməlidir” deyərək, 4 kəndin işğalda saxlanılması üçün cinayətkar çağırış etmişdi, bildirmişdi ki, Paşinyan Azərbaycan kəndlərindən geri çəkilmək əmri verərsə, əsgərlər çəkilməməli və müqavimət göstərməlidir.

Eyni sözləri Yegiazaryan da deyir: “Kəndlər təslim olarsa, əsgərlər də onlara əmr verənlər kimi xain olurlar. Əmr verəndən daha xain və axmaq onu icra edən əsgərdir”…

Qəribə odur ki, erməni mediasının Azərbaycan ərazisinin işğalda saxlanılmasına istiqamətlənən bu açıq-aydın və davamlı təbliğatını Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar görmür, əksinə, o, Azərbaycan mediasının Ermənistana “hədələrini” qəbuledilməz adlandırır.

Axar.az




Ana səhifəyə qayıt        Baxış: 3 891          Tarix: 27-03-2024, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma