Xəbər lenti

Paşinyana deyəcəklər ki, Azərbaycan və Türkiyə ilə dil tapmağa çalış! – siyasi şərhçi

Sabah, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşinyanla ABŞ və Aİ rəsmilərinin planlaşdırılan görüşü olmalıdır. Görüş ərəfəsi Qərb rəsmilərinin dilindən səslənən, Azərbaycana yönəlik daha çox sakitləşdirici açıqlamalara baxmayaraq, rəsmi Bakının narahatlığı davam edir. Ötən gün ABŞ-ın dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı da bu nigaranlığa öz damğasını vurdu. Ölkə başçısı açıq şəkildə onda olan narahatedici məlumatları Blinkenə çatdırdı: “üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunması” dair məlumatlar var. Və bu hallar regionda silah yarışına rəvac verə və təxribatlara gətirib çıxara bilər. Blinken isə sabahkı görüşdə müzakirə olunacaq məsələlərin daha çox iqtisadi məsələləri əhatə edəcəyini və Azərbaycanın maraqlarına qarşı yönəlməyəcəyini vurğulayıb, narahatlığa əsas olmadığını deyib.

Bəs Blinkenin bu sözləri rəsmi Bakının narahatlığına son qoya bildimi?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, narahatlıq təkcə Azərbaycan tərəfində deyil.

Onun qədər Blinken də sabahkı Brüssel görüşündən sonra Azərbaycan-Ermənistan sərhədlərində gərginliyin arta biləcəyindən narahatdır:

“Əslində, Blinkeni İlham Əliyevə telefon açmağa vadar edən də bu narahatlıq idi və bu fakt söhbətlə bağlı verilən rəsmi məlumatda dolayısıyla etiraf olunurdu. Məlumatlara görə, Antoni Blinken söhbətə başlayarkən ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda suallara aydınlıq gətirilməsini vacib hesab etdiyi üçün İlham Əliyevə zəng vurduğunu bildirib. İlk addımın dövlət katibindən gəlməsi və bu görüşün Azərbaycanın maraqlarına qarşı yönəlmədiyini deməsi ABŞ-ın iki Qafqaz ölkəsinin sülh danışıqlarına verdiyi önəmi göstərir. Təsadüfi deyil ki, Prezident də telefon danışığında bir daha xatırladıb ki, Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur və xaricdəki bəzi qüvvələr bu barədə yalan məlumatlar yayırlar”.

O ki qaldı Blinkenin Azərbaycana verdiyi təminatlara, Heydər Oğuz bunu da inandırıcı və ciddi qəbul edir:

“Məsələ onda deyil ki, ABŞ və Qərb ölkələri bizim “qara qaşımıza, qara gözümüzə” aşiq olduğu üçün Ermənistana oyundəyişdirici silah verməzlər. Məsələ ondadır ki, Qərbin hazırda Ermənistana o cür silah vermək imkanları yoxdur. Məlum olduğu kimi, Qərb dövlətləri bu gün Rusiya ilə dişə-diş mübarizə aparan Ukraynanı belə, doğru-düzgün silahlandıra bilmirlər. Uzun illər boyu ABŞ-a özlərinin müdafiə çətiri kimi baxan Avropa ölkələri hərbi xərclərini xeyli azaltmış, hətta könüllü ordu sisteminə keçərək əsgər sayında da böyük ixtisarlara getmişdilər. Bu da nəticə etibarilə onların hərbi sənaye sektorunu da xeyli zəiflədib. Məsələn, Danimarka kimi ölkənin rəsmi statistikaya görə, cəmi 6 min əsgəri var. Onların hərbi xidmət müddəti isə 4 ay və ya 1 ildir. Eyni sözləri digər Baltik ölkələri üçün də demək olar. Avropanın ən qüdrətli dövlətlərindən olan Almaniyanın cəmi 181 min 500 əsgəri var. Müasir çağımızda hərbi sahədə həlledici rolu əsgər sayı yox, qabaqcıl texnikalar oynasa da, kəmiyyət də olduqca vacib xüsusdur. Çünki canlı qüvvə azlığı silahların da az istehsal olunması reallığını doğurur. Təsadüfi deyil ki, hazırda Ukraynanın Rusiyaya qarşı silahlandırılması işində ciddi nöqsanlar özünü göstərir. Avropa ölkələri açıq şəkildə bildirirlər ki, əllərindəki bütün silah-sursat ehtiyatını Ukraynaya verdiklərindən anbarlar tamamilə boşaldılıb. Belə vəziyyətdə NATO ölkələri həm Ukraynanı silahla təchiz etməli, həm də öz sursat anbarlarını doldurmalıdır”.

Üstəlik, ABŞ-ın yaxın zamanlarda Ukraynanı tamamilə Avropa İttifaqının ixtiyarına buraxıb özünün Çinə və İrana yönələcəyini proqnozlaşdıran həmsöhbətimizin fikrincə, ilin sonunda keçiriləcək prezident seçkilərində Trampın hakimiyyətə gəlmə ehtimalı var və bu da Qərb ölkələrinin təhlükəsizlik qayğılarını artırır:

“Bunun əvəzində isə biz Rusiyanın Çindən, İrandan və Şimali Koreyadan ciddi ölçüdə silah-sursat aldığını görürük. Rusiyanın özü də silahlanma prosesinə başlayıb və bütün hərbi sənaye komplekslərini var gücü ilə çalışdırır. Söz yox ki, Rusiyanın silah sənayesi NATO ölkələri ilə müqayisədə zəifdir. İstehsal etdikləri də köhnə model silahlardır. Bununla belə kəmiyyət üstünlüyü rusların əlindədir və o, bu zəifliyini iki önəmli taktika ilə kompensasiya etməyi bacarır. Əvvəla, Ukraynaya daha çox mərmi yağdırır və kəndləri, şəhərləri darmadağın dağıdır. Ukrayna rəsmilərinin özləri etiraf edirlər ki, cəbhə xəttində atılan mərmilərin sayına görə Rusiya Ukraynanı 6/1 nisbətində üstələyir. İkincisi, Rusiya öz hərbi texnologiyadakı zəiflliyini canlı qüvvə kompensasiya etmək yolunu tutub. Ölkədə avtoritar rejim hökmran olduğundan rus xalqı bütün itkiləri sinəsinə çəkmək məcburiyyətində qalır. Ukraynanın isə o şansı yoxdur. Həm əhalisi Rusiya ilə müqayisədə azdır, həm də ölkədə demokratik əhval ruhiyə hələ də özünü qoruyur. Savaşın yaxşı getməməsi istər-istəməz Ukrayna xalqında narazılığı artırır və nəticədə Zelenski hakimiyyəti laxlayır”.

Heydər Oğuzun fikrincə, bu qeyri-mütənasib vəziyyət Qərb dövlətlərini Ukraynanı daha çox silahla təchiz etmək məcburiyyətində buraxır:

“Bir tərəfdən də ermənilərin silahla təchizatı perspektivi Qərb dövlətlərini də tamamilə çökdürə bilər. Ən azı o səbəbdən ki, ermənilərin Qərb ölkələri tərəfindən ciddi şəkildə silahla təchiz edilməsi həm də region dövlətlərinin – Rusiyanın, Türkiyənin, Azərbaycanın və İranın maraqlarına ziddir. Bu da İrəvanı regionda daha da çıxılmaz hala sala bilər”.

Ermənistanın NATO standartlarında silahlandırılması qarşısında dayanan ən mühüm problemlərdən birinin də bu ölkənin zabit heyətinin Rusiyaya bağlılığı olduğunu düşünən həmsöhbətimiz vurğuladı ki, Paşinyan nə qədər böyük dəyişikliklər aparsa da, erməni ordusunu rusqafalılardan tam təmizləyə bilməyib:

“Bu həm də o deməkdir ki, Ermənistana veriləcək müasir silahlar Rusiyanın əlinə keçə bilər. ABŞ və Avropa ölkələri hətta bu təhükəni nəzərə alıb Ukraynanı belə, yetərincə silahlandırmaqdan çəkinirlər. Məhz bu səbəbdən Kiyevə əski model F-16-lar verməyi düşünürlər. Alman kansleri bu yaxınlarda verdiyi bəyanatda “biz Ukraynaya “Taurus” raketləri versək, gərək onu atacaq kadrları da bu ölkəyə göndərək” deyərkən həm də bunu nəzərdə tuturdu. Ukrayna kimi özünü anti-Rusiya mövqeyində tam təsdiqləmiş ölkəyə müasir silahlar göndərməyən NATO ölkələri bunu Ermənistana heç rəva görməzlər”.

Siyasi şərhçinin fikrincə, erməni ordusunun “rusqafalı”lardan təmizləməsi o qədər də asan məsələ deyil:

“Bu, bəlkə də 10 illərlə zaman alacaq. Çünki hər bir potensial zabit güvənli adamlar arasından seçilməli, sıfırdan yetişdirilməli və bundan sonra ordunun müxtəlif strukturlarında rəhbərliyə gətirilməlidir. Azərbaycan bu işi 30 ildir, davam edirməsinə baxmayaraq, 44 günlük müharibədən sonra nəticə almağa başlayıb. Onu da Türkiyənin sayəsində. İndiyədək rus təsir dairəsində qalan Ermənistanın bu işi nə zaman yekunlaşdıracağına isə heç kim qarantiya verə bilməz”.

Bütün bu amilləri nəzərə alan Heydər Oğuz hesab edir ki, sabah Brüsseldə keçiriləcək görüşün gündəmində hərbi strateji məsələlər dayanmayacaq:

“İndiki anda həqiqətən də İrəvan üçün iqtisadi cəhətdən Rusiyanın təsir dairəsindən çıxıb Avropaya bağlanmaq hədəfləri əlçatandır. Bunun üçün isə o, Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalı, ABŞ və Aİ-nin regionun inkişafı üçün hazırladığı beynəlxalq layihələrə qoşulmalıdır. Hesab edirəm ki, sabahkı görüşdə bu məsələlər müzakirə olunacaq”.

Həmsöhbətimiz sonda onu da vurğuladı ki, bütün bu reallıqlara baxmayaraq, Azərbaycan prezidenti tərəfindən nigaranlığın dilə gətirilməsi də başa düşüləndir:

“Ermənistanı yola gətirmək üçün ən gözəl metod basqı siyasətidir. İstər 44 günlük müharibədə, istərsə də 1 günlük anti-terror əməliyyatında rusların onlara heç bir faydasının olmadığını rəsmi Bakı erməni ictimaiyyətinə başa salmışdı. İrəvan məhz bu dərslərdən sonra Qərbə üz tutdu. İndisə ona və erməni lobbisinə “çox böyük xəyallara qapılma, Azərbaycan və Türkiyə ilə dil tapmağa çalış” həqiqətini başa salmaq lazımdır. Məncə, bu, Qərbin də, Bakının da birgə hədəfləridir və İlham Əliyev ermənilərin ən çox güvəndiyi şəxslə söhbətində bu xüsusu dilə gətirməklə əslində həm də tərəfdaşlarının fikrini İrəvana çatdırdı. Yəqin ki, digər detalları sabah Blinken və Ursula fon der Leyen xanım əfəndi Paşinyanın qulağına pıçıldayacaq”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 7 671          Tarix: 4-04-2024, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma