Xəbər lenti

Rusiya prezidentinin ictimai əsaslarla xüsusi nümayəndəsi, bir vaxtlar diaspor təşkilatı “AzərRos”a rəhbərlik edən Söyün Sadıqov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarından bəhs edən məqalə yazıb. Virtualaz.org xəbər verir ki, Söyün Sadıqovun məqaləsi “Regionı online” informasiya-analitik portalında yerləşdirilib. Bəs bizim Söyün nə yazır və Qarabağ münaqişəsinin düyünə düşmüş həll yolunu necə görür?

Müəllif məqaləsinə ABŞ-ın beyin mərkəzinin-Xarici Əlaqələr Şurasının Dağlıq Qarabağda hərbi əməliyyatların 2017-ci ildə yenidən alovlana biləcəyinə dair bu yaxınlarda açıqlanmış təhlilindən başlayır. Həmin məqalədə hərbi əməliyyatların genişlənəcəyi təqdirdə Rusiya, Türkiyə və İran kimi regional oyunçuların da bura cəlb oluna biləcəyi göstərilirdi.

Söyün Sadıqova görə Qərbdən hərbi əməliyyatların başlayacağı haqda bu cür hesabatlar tez-tez səslənir. Məqsəd isə onun fikrincə, Azərbaycan və Ermənistanda ictimai rəyi formalaşdırıb vəziyyəti qızışdımaqdır. Belə ki, Qərb bu münaqişəyə Rusiya, Türkiyə və İranı da cəlb edib onların mövqelərini zəiflətməyi, onları Yaxın Şərqdən çıxarmağı, Avrasiya İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi blokların fəaliyyətinə son qoymağı düşünür. Ən azından Söyün Sadıqovun amerikalı təhlilçilərin hesabatından gəldiyi nəticə belədir.

Bəs Söyün nə təklif edir?  O, hesab edir ki, bu qorxulu planların qarşısını almaq üçün gərək ABŞ və Avropa İttifaqı danışıqlardan kənarlaşsın, Rusiya, İran və Türkiyə özləri danışıqlar masası arxasına oturub məsələni həll etsin.

“Münaqişənin dayandırılması üçün mühümdür ki, Ermənistan işğal etdiyi 7 rayonu qaytarsın, Dağlıq Qarabağa isə muxtariyyət statusu verilsin. Bu zaman sərhədin Dağlıq Qarabağın Ermənistanla birləşdirən hissəsini açıq saxlamaq lazımdır, ərazinin mühafizəsini isə Azərbaycan və Ermənistan xüsusi xidmət orqanları iranlı, rusiyalı və türkiyəli həmkarları ilə birgə təmin edə bilərlər”-Söyün Sadıqov yazır.

Müəllif əlbətdə, münaqişənin həllinin mühüm aspekti kimi bütün qaçqınların uşaqları və nəvələri ilə birlikdə öz torpaqlarına qayıtmasını vurğulayır. Və qeyd edir ki, bu situasiyada ən mühüm məsələ Azərbaycan və Ermənistan KİV-lərində hərbi təbliğatın dayandırılması, azərbaycanlı və erməni diaspor nümayəndələri arasında Rusiya, Türkiyə və İranda xalq diplomatiyasının başladılmasıdır. O cümlədən informasiya məkanında. “ABŞ və onun müttəfiqlərinin strateji planlarının qarşısını ancaq bu cür almaq olar”-Söyün Sadıqov vurğulayır.

 




Ana səhifəyə qayıt        Baxış: 739          Tarix: 4-09-2017, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma