Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Düşmən ümid edir ki, Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək...
Azərbaycan parlament seçkilərinə hazırlaşır. Ermənilər də. Biz 9 fevralda, erməni separatçıları da 31 martda - “Azərbaycanlıların soyqırımı günü “ kimi qeyd edilən gündə, qondarma rejimdə prezident və parlament seçkiləri keçirəcəklər. Qəsdən seçilmiş bir tarixdir, düşmən bizə 2020-ci ildə də 102 il əvvəlki soyqırımın bir başqa formasını yaşatmaq niyyətindədir. Namizədlərdən biri, indiki “xarici işlər naziri” və Qarabağ prezidentliyinə ən iddialı namizəd Masis Mailyanın dediyi kimi “ təhlükəsiz, rahat, ədalətli, sivil və bir sözlə demokratik gələcəyi olan Yeni Artsax quracaqları” barədə növbəti dəfə dünyaya səs salacaqlar. Biz də növbəti dəfə bu seçkiləri qanunsuz elan edəcəyik. Bu illərdə əlimizdən ayrı nə gəlib ki? Amma, 2020-nin (iyirmi- iyirmi yox!) 31 martını separatçılara başqa cür də yaşatmaq olar. Vəzifələrinin məhz düşmənə cavab vermək olduğunu bu illərdə unudan Müdafiə Nazirliyi 31 martı separatçılara sakit yox, başqa cür yaşada biləcəkmi?
Ermənilər də Dağlıq Qarabağ ətrafı rayonlarda məskunlaşmanı davam etdirəcək, yeni yaşayış və məişət obyektləri tikəcəklər. Mane ola bilərikmi? İstəsək olarıq, amma biz bu illərdə çox fürsətləri bada vermişik. Baxın, bunu yalnız biz demirik, düşmənlərimiz və düşmən dəyirmanına su tökən Rusiya politoloqları, Kazimirovlar, Zatulinlər, gecə - gündüz əleyhimizə yazı yazan Stanislav Tarasov kimiləri də açıq deyirlər. Onların mövqeyi sadəcə fərdi yanaşmanın nəticəsi deyil, bu adamlar Rusiya siyasətinin sözçüləridir, həm də yalnız Rusiyanın yox, Azərbaycanda bu siyasəti dəstəkləyənlərin də sözçüləridir. Yuxarıda seçki məsələsini təsadüfən xatırlamadıq. Tarasov bu günlərdə erməni saytı News.am-a müsahibə verib, qısa söhbətdə çox strateji məsələlərə toxunub, hətta Rusiya siyasətində Azərbaycanın növbəti parlamentinin tərkibinin ermənilərlə “barışıq ssenariləri” quracaq bir parlament olacağına işarə vurub. Tarasov bunu həm də onunla əsaslandırıb ki, Azərbaycan çıxılmaz vəziyyətə düşdüyündən başqa yolu qalmayıb. Bu, o Rusiya sözçüsdür ki, iki həftə əvvəl Azərbaycandakı yeni siyasi dəyişikliklərə “Regnum” saytında təriflər yağdırmışdı.
“Azərbaycan Qarabağ münaqişəsini güc yolu ilə həll etmək fürsətini əldən verib. Buna heç xarici oyunçular da imkan verməyəcək”. Politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bu nəticəyə birdən-birə gəlməyib, mövcud vəziyyətimizi və yanlış siyasətin yekunu olaraq ətrafımızda geopolitik oyunçuların sözünün daha keçərli olduğuna şərait yaratdığımız üçün bu qənaətə gəlib. 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində hərbi güc göstərib münaqişəni həll etmək fürsətlərindən yararlanmamağın acı nəticələri bu günkü dalana dirənişimizdir.
Tarasov qeyd edib ki, “Bakının Türkiyəyə güvənmədən Qarabağda hərbi əməliyyata başlaması ehtimalı azdır, çünki bu, Rusiya ilə toqquşma riski ilə əlaqələndirilə bilər, amma bildiyiniz kimi, Türkiyənin hazırkı vəziyyəti Qarabağlıq deyil”. Atəşkəsə qədər Qarabağ müharibəsi Türkiyənin dəstəyi ilə aparılmayıb ki, Bakı Türkiyəyə “güvənib” hərəkət etsin? Bu yanaşmada həqiqət çalarları olsa da, qısa desək, güc, ağırlıq öz üzərimizə düşür, qardaş ölkənin yox.
Tarasovun dediklərində ən təhlükəli olan məqamlar, qəribə də olsa, ölkədə baş verən siyasi dəyişikliklərin Qarabağa təsiri ilə bağlıdır.
“Bakı, əslində, dalana girib, Məclisdəki köhnə qvardiya hələ də revanşizmi düşünür (düşünürdümü?!-müəllif). Buna görə ümid etməliyik ki, vəziyyəti fərqli qiymətləndirə biləcək və barışıq ssenarilərini axtaracaq yeni bir nəsil(!!!) gələcəkdir. Ola bilsin ki, bütün bunlar üçün illər keçəcək, amma Bakıdakı siyasi dəyişikliklər gərginliyi bir qədər azalda bilər(?!) "- deyə Stanislav Tarasov əlavə edib.
“Ümid etməliyik”-yəni erməni ilə rus birgə ümid edirlər ki, gələcəkdə Azərbaycanda satqın bir nəsil formalaşacaq və Qarabağı təslim edəcək. Onun ilk işartılarını da rus politoloq “ Bakıdakı siyasi dəyişikliklər”də görür.
Rusiyanın Azərbaycanda baş verən siyasi prosesləri, o cümlədən keçiriləcək parlament seçkilərini xüsusi diqqətdə, hətta nəzarətdə saxladığı açıq hiss olunur. Sabah “barış ssenariləri”adı altında təslimçilik ssenariləri hazırlaya biləcək 5-ci kalon nümayəndələrinin parlamentin kandarından da içəri buraxılmaması üçün çox ayıq-sayıq olmaq lazımdır.
Biz ilk baxışda düşmənin fikirləşdiyi “dalana dirənən” kimi görünə bilərik və dalandan çıxış üçün yolların qalmadığını düşünənlər yanılırlar. Bütöv Qarabağ uğrunda savaşa hazır olacaq Azərbaycan xalqının iradəsi və bu iradəni təmsil edə biləcək parlamentin formalaşması bu çıxış yollarından biridir.
İl yekunlaşır. Bu cür yekunlaşan illər onsuz da təhlükəli durumda olan Azərbaycana yaxşı heç nə vəd etmir. Artıq hər ötən il deyil, aylar, günlər də bizim əleyhimizədir və düşmən ümidini həm də əleyhimizə işləyən bu zamana bağlayıb. Zamanı xeyrimizə işlətmək siyasəti başlanacaqmı?
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar