Çox-çox illər əvvəldən türkəçarə üsullardan, bitki və heyvani mənşəli məhsullardan istifadə edərək dərdlərə çarə axtarıldığı barədə məlumatlar var.
Ovqat.com AZƏRTAC-a istinadən bildirir ki, həmin çarə və üsullar təkcə sıravi adamların deyil, həm də məşhurların üz tutduğu müalicə formaları olub. Belə məlumatlardan biri də sovet rəhbəri İosif Stalinin xalq təbabəti üsulları ilə müalicə olunması barədədir. Svetlana Alliluyeva xatirələrində yazırdı: "Atam anamın ölümündən sonra qulluqçuları işdən çıxardı. Evimizdə yeni simalar və işçilər peyda oldu, o cümlədən 19 yaşlı Valentina İstomina. Onun ağzı bir dəqiqə bağlanmırdı, bütün günü yeyib-içir, hər sözə uğunub gedirdi. O, əyalətdən paytaxta gəlib tibb məktəbini bitirmiş, bir müddət general Vlaşikin evində qulluqçu işləmişdi".
Bundan 20 il sonra Stalinin ən qocaman mühafizəçilərindən biri danışırdı: "Deyə bilmərəm ki, Valya gözəl idi, ancaq o bizim xoşumuza gəlirdi. Öz aramızda ona bəxtəvərlik oxuyurduq ki, həm işi yaxşıdır, həm də rəhbər onu çox istəyir. Bəzən biz öz xahişlərimizi Valyanın vasitəsilə rəhbərə çatdırırdıq.
Evdəkilər də hiss edirdilər ki, Stalinin davranışlarında dəyişikliklər baş verib. O, az deyinir, qışqırmır, hamıyla zarafatlaşır və mülayim davranırdı. Bir dəfə Stalin sətəlcəm oldu. O, həkimlərə etibar etmədiyindən dərmanlardan imtina edirdi. Sibirli qız kişinin qızdırmadan yandığını görüb dözmədi: "Yoldaş Stalin, icazə verin, sizi müalicə edim. Söz verirəm ki, dərman verməyəcəyəm".
O, başını tərpətdi. Qız cəld nanə, sürvə və çobanyastığı dəmləyib rəhbərə içirdi, onu hamama aparıb ot dəmləməsinin buxarına verdi, sonra öz əli ilə toxuduğu yun şala bürüyüb uşaq kimi yatırdı. Türkəçarə və sevgi dolu qayğı nəticəsini verdi, Stalin iki günə sağalıb ayağa qalxdı. Həmin gündən o, Valeçkanı "şəfakarım" deyə çağırırdı, yalnız onun əlindən dərman və çay qəbul edirdi.
Paylaş: