Xəbər lenti
Bu gün, 20:42
Bu gün, 18:43
Bu gün, 15:34
Bu gün, 13:51
Bu gün, 12:36
Bu gün, 09:28
Dünən, 23:20
Dünən, 22:04
Dünən, 21:25
Dünən, 20:47
Dünən, 19:00
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının istefası təsdiqlənib. Onun vəzifəsi Vüqar Qurbanova həvalə edilib.
Qeyd edək ki, uzun müddətdir ki, o, mediada və sosial şəbəkələrdə sərt tənqid olunur. Pandemiya dövründə koronavirusa qarşı mübarizədə problemlər və uğursuzluq da istefanın əsas səbəblərindən biri kimi səslənir.
Bu il avqustun əvvəlində sosial mediada Bakının Səbail rayonu, Badamdar qəsəbəsində Ramin Bayramlıya aid olduğu iddia edilən villanın görüntüləri yayılmışdı. Bildirilirdi ki, TƏBİB rəhbəri villanın tikildiyi torpaq sahəsinin sotunu 70 min manata əldə edib. Lakin TƏBİB-dən verilən açıqlamada bu məlumat təkzib olundu.
İqtisadçı, özəl tibb müəssisəsi – “Loğmed” klinikasının rəhbəri Nazim Bəydəmirli “Press Klub”a şərhində TƏBİB sədrinin vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə uzaqlaşdırılmasını real saymadığını söylədi. Ramin Bayramlının istefasında başqa səbəblər olduğunu düşünən keçmiş deputat kadr dəyişikliyinin səhiyyə sektoruna müsbət təsir göstərəcəyini gözləmir.
Onun sözlərinə görə, effektiv nəticə üçün səhiyyədə sistem dəyişikliyi baş verməlidir: “Bugünkü vəziyyət Ramin Bayramlıya bağlı deyil ki, onun istefasından sonra durum düzəlsin. Sistem dəyişikliyi baş verməsə, heç nəyə nail olmaq mümkün deyil. Səhiyyə sistemi uzun müddət sovetdənqalma təcrübə ilə – çarpayı hesabıyla maliyyələşirdi. Sonradan müəyyən islahatlara cəhd olunsa da, başa çatdırılmadı. İcbari tibbi sığortanın tətbiqi illərlə yubadıldı. Nəticədə bu eksperiment də iflasa uğradı. Hökumət dövlət büdcəsi hesabına xəstəxanalar tikməməlidir, bunu sahibkarlar etməlidir.
Lakin Azərbaycanda dövlət büdcəsini mənimsəmək məqsədilə müxtəlif layihələr ortaya çıxır.Böyük klinikalar dövlət büdcəsi hesabına tikilib istifadəyə verilir, ora da çox vaxt qohumluq, yerliçilik prinsipi ilə kadrlar işə götürülür. İddia oluna bilər ki, dövlət xəstəxanaları aztəminatlı, kasıb vətəndaşlar üçün tikib istifadəyə verir. Gəlin, görək, vətəndaş reallıqda orada pulsuz müayinə oluna, müalicə ala bilirmi?
Ölkədə ümumi iqtisadiyyatda inhisarçılıq olduğu kimi, tibbi sığorta məsələsində də inhisarçılıq var. Ən adi tibbi sığorta məsələsində də bu, özünü göstərir. Özlərinə yaxın klinikalara tibbi sığorta haqqını tanıyırlar, digər özəl klinikalara yox. Demək istədiyim odur ki, dövlətin münasibəti dəyişməlidir – istər özəl klinikalara, istər özəl universitetlərə… Hamıya eyni gözlə baxılmalıdır, eyni hüquq və vəzifələr tətbiq olunmalıdır”.
Səhiyyə Nazirliyi və TƏBİB-in eyni vaxtda mövcudluğunun məntiqsiz olduğunu vurğulayan Nazim Bəydəmirli hesab edir ki, ümumiyyətlə, Azərbaycan hökuməti idarəetmədə Gürcüstan modelinə keçməlidir. Onun sözlərinə görə, Azərbaycanda bir-birini təkrarlayan, oxşar funksiyaları yerinə yetirən xeyli qurumlar var və bu, dövlət büdcəsi üçün artıq yükdür.
Keçmiş deputat deyir ki, əgər hökumət vəziyyəti dəyişmək istəyirsə, o zaman Nazirlər Kabinetindən başlamalı, baş nazirin müavini postları ləğv olunmalıdır: “Nazirliklər, komitələr Gürcüstan modelində olduğu kimi, birləşdirilməlidir. Məsələn, Səhiyyə Nazirliyi, TƏBİB, Sosial Müdafiə Fondu, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – bunların hamısı bir sosial nazirlikdə birləşdirilməlidir. Gürcüstanda Nazirlər Kabineti 12 nəfərdən ibarətdir. Onun 11-i nazir, biri də baş nazirdir. Həmin nazirlərin arasından hər il ictimai əsaslarla baş nazir müavinləri seçilir. Ancaq bizdə baş nazirin funksiyaları bəlli olmayan bir neçə müavini var. TƏBİB də müavinlərdən birinin ərsəyə gətirdiyi qurumlardan biridir. Baş nazirin həmin müavini də daxil olmaqla, Nazirlər Kabinetində müavin postları ləğv olunmalı, hökumətin idarəetməsinə dinamiklik gətirilməlidir. Çünki istənilən ölkə iqtisadi böhran zamanı bürokratik əngəlləri, idarəetmə xərclərini azaltmaq üçün ixtisarlara gedir. Bizdə isə əksinə, 2014-cü ildən bu yana müxtəlif agentliklər, xidmətlər yaradılıb. Nazirlər Kabinetində 40-dan yuxarı mərkəzi icra hakimiyyəti orqanı hesab edilən qurumlar cəmləşdirilib. Ona görə də burada kimisə kiminləsə əvəz etməklə nəticə dəyişən deyil. Gürcüstanda büdcənin 51 faizi sosial məqsədlər üçün nəzərdə tutulur. Sosial dövlət anlayışı buradan qaynaqlanır. Hesab edirəm ki, TƏBİB də Səhiyyə Nazirliyinə paralel yaradılmış süni bir qurumdur. Bu cür işlərin perspektivi yoxdur”.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar