Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu dövrdə valideynlər övladlarının məktəbə hazırlığı ilə məşğul olur, ona geyim, dərs ləvazimatları alır.
Amma diqqət edilməlidir ki, alınan vəsaitlər uşaqların fiziki sağlamlığına heç bir ziyan vurmasın. Xüsusilə də ibtidai sinifdə oxuyan uşaqlara çanta seçimi edərkən diqqətli olmaq lazımdır. Çünki mütəxəssislər ağır çantaların uşaqların onurğa sümüyündə hətta yırtıqlara belə yol açması ilə əlaqədar valideynlərə xəbərdarlıq edir.
Ovqat.com bildirir ki, ailem.az-ın məktəb bazarlığı edən valideynlər arasında apardığı kiçik sorğu zamanı bəlli oldu ki, əksər valideynlər ağır çantaların uşaq sağlamlığına zərəri barədə heç nə bilmir. Onlar düşünür ki, uşaqları hansı çantanı bəyənsə, onu da almaq lazımdır.
Gülnar Hüseynova deyir ki, oğlu bu il birinci sinfə gedir: "Mənim oğlum sevdiyi cizgi film qəhrəmanının şəkli olan çantadan istəyir. Biz də axtarırırq ki, ondan tapaq. Neçəyə olsa alacam".
Səbinə Kəromovanın qızı isə bu il dprdüncü sinfə keçir: "Qızım istəyir, çantası böyük olsun ki, bütün dərs vəsaitləri həmin çantaya sığışsın. Bir də çantanın rəngi, mütləq çəhrayı olmalıdır..."
Bəs çanta seçərkən valideynlər əsas nələrə diqqət etməlidir? Ümumiyyətlə, məktəb çantasının ağırlığı nə qədər olmalıdır? Ailem.az bu məsələlərə aydınlıq gətirməyə çalışıb.
Mütəxəssislər bildirir ki, son illər bel və boyun yırtığı ibtidai sinif şagirdləri arasında daha çox müşahidə edilir. Bunun əsas səbəbi isə məktəbli çantalarıdır. Belə ki, ağır yük qaldırmaq onurğada həddindən artıq stressə səbəb olur. Bu stress uşaqlarda hələ inkişaf etməkdə olan oynaq, əzələ və bağ toxumalarında gərginliyə və ağrılara gətirib çıxarır. Kiçik yaşlarda onurğada yaranan əyriliklər xroniki boyun, çiyin, kürək və bel ağrılarına, bel-boyun, kürək hissəsində əyriliyə, önə əyrilik səbəbindən bu bölgələrdən keçən damar və sinir sıxışmalarına, bel və boyun yırtıqlarına yol açır.
Bu cür problemlərin qarşısını almaq üçün mütəxəssislər bəzi tövsiyələr verir. İlk növbədə bel çantaları uşağın bədən ağırlığının 10 faizindən az olmalıdır. Çantalar beldə uzun müddət qalmamalıdır, uşaq ayaq üstə çox qalacaqsa, çanta beldən çıxarılmalıdır.
Məktəb ləvazimatları çantanın içərisinə elə qoyulmalıdır ki, ağırlıq bir yerə düşməsin. Çantanın qulpu və qayışları geniş, dəstəkli olmalı, bel dəstəyi, bel kəməri kimi hissələri olmalı, mümkündürsə, təkərli məktəb çantaları istifadə edilməlidir.
Uşaqlara dizdən əyilərək doğru ağırlıq qaldırma öyrədilməlidir. Müəllim və valideynlər bu mövzuda diqqətli davranıb, uşaqlara tez-tez xəbərdarlıq etməlidirlər. Bundan başqa elektron cihazlardan istifadə də məhdudlaşdırılmalıdır. Ən vacibi isə onurğaya ağırlıq verən yükü azaltmaq məqsədilə uşağı idmana istiqamətləndirməkdir.
Valideyn uşağında hər hansı bir narahatlıq hiss etsə, mütləq həkimə müraciət etməlidir.
Pediatr Vaqif Qarayev bildirir ki, ağır çantalar uşağın qamətini deformasiya edir: "Allı-güllü, iri, ağır, üzərində əcnəbi dilllərdə müxtəlif yazilar yazılmış, bahalı çantalar almaq mənasızdır. Uşağın fiziki parametrlərinə uyğun sadə, yüngül, ucuz çantalar alınsa yaxşıdır. Ağır çantalari məktəbdə də lazımsız vəsaitlərlə yükləyəcəklər. Bu, uşağın qamətini deformasiya edir".
V.Qarayev tövsiyə edir ki, valideynlər sintetik materialdan hazırlanmış paltarlar da almasınlar. Həmçinin, uşağa düzgün oturma qaydalarını (vərdişi) öyrətsinlər ki, bu da onların qamətində problemlərə səbəb ola bilər.
Paylaş: