Xəbər lenti

Türkiyə millisində çıxış edən əslən azərbaycanlı atlet Ramil Quliyev Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək dünya çempionatında yalnız 200 metr məsafəyə qaçacaq. "Report"un məlumatına görə, bu barədə 27 yaşlı idmançı sports.ru-ya müsahibəsində bildirib.

Quliyev deyib ki, bu məsafədə medal şansı daha çoxdur: "Dünya çempionatı və olimpiadaların medalları istənilən halda böyük əhəmiyyətə malikdir. Rekord nə vaxtsa yenilənir, mükafatlar isə həmişə səninlədir. Mənim 200 metr məsafəyə yaxşı qaçış təcrübəm var".

Bakıda doğulmuş Quliyev 2011-ci ildə Türkiyə vətəndaşlığını qəbul edib. Azərbaycan Atletika Federasiyası Avropanın gənclər arasında rekordçusunu qoruya bilməsə də, 3 illik karantində saxlamağa müvəffəq olub. Nəticədə atlet 2012-ci il London Yay Olimpiya Oyunlarından kənarda qalıb. Azərbaycanlı idmançı vətəndaşlığını dəyişmə səbəbini belə izah edib: "Federasiya ümumiyyətlə kömək etmirdi. Nə təqaüd verirdi, nə də məşqlərə dəstək olurdu. Prinsipcə, yenə eyni vəziyyətdir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında və 2009-cu il dünya çempionatında Azərbaycanı təmsil etdim. Hazırlığımız əsasən öz həvəsimizə əsaslanırdı. Qışda soyuq manejdə, yayda pis örtüklü stadionda məşq edirdik. Əlbəttə, çalışır, işləyirdim. Onsuz da başqa variantım yox idi. Həmin vaxt şəraitlə barışmaq mümkün idi. 18-19 yaşın var, sadəcə, şəraiti fikirləşmədən məşq edirsən. İndi isə belə şey qəbuledilməzdir. Mən pul, şərait istəyirdim. Lakin federasiya bunu qəbul etmirdi. 2010-cu ildə Azərbaycan vətəndaşı kimi Türkiyənin "Fənərbağça" klubu ilə müqavilə bağladım. Əlaqələrimizi işə saldıq. Bu keçiddə mənə Türkiyədə qalan Azərbaycandan olan keçmiş idmançılardan biri kömək etdi".

Azərbaycan əsilli atlet Türkiyədə ona yaradılan şəraitdən də danışıb: "Mənim evim İstanbuldadır. İstanbul Türkiyənin heç bir şəhəri ilə müqayisə oluna bilməz. Bu, Türkiyə daxilində ayrıca ölkədir. Yəqin ki, Rusiyada Moskva kimi. "Fənərbağça" klubu mənə ev kirayələyib. Orada mənzil almağa elə də ehtiyac yoxdur. İl ərzində bu mənzildə maksimum ayyarım qalıram. Qalan vaxtım təlim-məşq toplanışları və yarışlarda keçir. Hazırda Moskvada dünya çempionatına hazırlaşıram. Mənimlə birgə yalnız məşqçimdir. Ona əmək haqqını klub ödəyir. Heç bir əlavə mütəxəssis yoxdur. Türkiyədə klub sistemi inkişaf edib. "Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" kimi böyük klublar var. Onlar XX əsrin əvvəllərində yaradılıblar. 100 ildən çox müddətdə böyük inkişaf yolu keçiblər. Onlar heç bir quruma tabe deyillər. Amma hər biri futbolla yanaşı, digər növlərə də dəstək olur. "Fənərbağça" mənə evdən başqa, təqaüd ayırdı. Dedilər ki, nə qədər istəyirsənsə, məşq et. Bunun üçün baza, mehmanxana, məşq zalı, stadion var. Heç bir əlavə bonus, imtiyaz, avtomobil, mənzil vermədilər. Bura kral kimi gəlməmişəm. Dedilər ki, nəticən olsa, mükafatın da olacaq. Mən də "Oldu" cavabını verdim".

Quliyev 3 illik karantin dövründə heç bir beynəlxalq yarışda iştirak etməyib. O, yalnız daxili turnirlərə və kiçik kommersiya yarışlarına qatılıb: "Əlbəttə, bu, formama təsir etmişdi. Mövsümə 100 metr məsafəyə 10,15 saniyə, 200 metr məsafəyə isə 20,20 saniyə nəticələrlə başlamışdım. Çox yaxşı göstəricilər idi. Sonradan ciddi yarışlara yollanmaq imkanım oldu. İnkişaf üçün isə rəqabət lazım idi. Azərbaycan Türkiyədən mənim keçidim qarşılığında pul da istəmədi. Sadəcə dedilər ki, o ölkənin adından çıxış etməyəcəksən. "Yaxşı, bu sizin qərarınızdır" cavabını verdim. Bununla da dialoq yekunlaşdı. Azərbaycanda özüm üçün perspektiv görmürdüm. Bu səbəbdən, Türkiyə adından çıxış etmək üçün bir neçə il itirdim".

Təcrübəli atlet mayda Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanarkən, qələbəni Türkiyə və Azərbaycan bayraqları ilə birgə qeyd edib. O, belə bir planının əvvəldən olduğunu söyləyib: "Göstərmək istəyirdim ki, Azərbaycanda böyümüşəm, orada idmançı olmuşam, öz istəyimlə ayrılmamışam və mənim vətənim olduğunu unutmamışam. Azarkeşlər məni isti qarşıladı. Narazılığa heç bir işarə vurmadılar. Hamıya xoş idi. İnsanlar hər şeyi gözəl başa düşürlər. Türkiyədə belə bir anlayış var: Hər bir idmançı öz ölkəsinin əsgəridir. Bayraq qalxdıqda ona əsgəri salam vermək lazımdır. İslamiadanın fəxri kürsüsündə olduqda mən də salam verdim".

Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçış üzrə 2009-cu il Universiadasının və "Brilliant Liqa"nın 2017-ci il Paris mərhələsinin qalibi, 2015-ci il Universiadasının və 2016-cı il Avropa çempionatının bürünc mükafatçısıdır. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib, 100 metr məsafəyə qaçışda 9,97 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,88 saniyə nəticələrlə şəxsi rekordlara imza atıb.    

 




Ana səhifəyə qayıt        Baxış: 1 570          Tarix: 17-07-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma