Xəbər lenti

 

Vüqar Bayramov: “Son dövrlər Şərq dövlətləri olan Çin, Yaponiya və Cənubi Koreya dünya turizminə maliyyə xərcləmək baxımından ən çox töhfə verən ölkələr sırasında aparıcı yerləri tuturlar”

Bu vaxta qədər ən çox pul xərcləyən turistlər kimi liderliyi ABŞ-dan olan turistlər edir. Hazırda isə bu rəqəm çinlilərin xeyrinə dəyişməyə başlayıb. Belə ki, çinli səyyahların xərcləri hər il fantastik surətlə artır. Beynəlxalq turizm təşkilatı UNWTO bildirir ki, 2016-cı ildə çinli turistlər səyahətə 261 milyard dollar xərcləyiblər. Bu rəqəmlər hər il artmaqda davam edir. 

Azərbaycana gəldikdə son illər ölkəmzidə də turizm sektoru xeyli inkişaf edib. Artıq dünyanın əksər ölkələrindən bura istirahət üçün gəlmək istəyənlərin sayı ildən-ilə artır. Turizmin gəlirli sahə olması fonunda hesab olunur ki, bu sektorda aktiv rol oynamağa başlayan daha çox çinli turisti də ölkəmizə cəlb etmək zəruridir. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, daha çox çinli turisti Azərbayacna cəlb etmək üçün ölkəmizin turizm potensialını bu ölkədə geniş şəkildə tanıtmalıyıq: “Son dövrlər Şərq ölkələri olan Çin, Yaponiya və Cənubi Koreya dünya turizminə maliyyə xərcləmək baxımından ən çox töhfə verən ölkələr sırasında aparıcı yerləri tuturlar. Bu ölkələrin turistləri yeni yaranan və ənənəvi turizm ölkələri olmayan dövlətlərə səyahət etməkdə daha çox maraqlıdırlar. Azərbaycan da bu mənada qlobal turizm bazarında yeni ölkələrdən sayılır. 
Onu da nəzərə alaq ki, postneft dövründən sonra ölkəmizdə turizmin inkişaf etdirilməsi əsas prioritetlər sırasında yer alır. O baxımdan da Çin kimi nəhəng ölkənin turistlərinin ölkəmizə cəlb edilməsinin mühüm əhəmiyyəti ola bilər. Buna nail olmaq üçün də müəyyən işlərin görülməsinə ehtiyac vardır. Azərbaycan bu günə qədər əsasən MDB məkanı və Avropa dövlətləri üçün turizm potensialına malik olan ölkə kimi tanınırdı. Son zamanlar isə bu siyahıya ərəb ölkələrini də əlavə edə bilərik. Çinli turistlərin ölkəmizə gəlməsinə şərait yaratmaq üçün isə ilk növbədə Asiyada Azərbaycanın turizm potensialının qurulmasına ehtiyac vardır. Ölkəmizin turizm potensialı Çində də tanıdılmalıdır. Ona görə də Azərbaycanın turizm potensialı ciddi şəkildə təqdim edilməlidir. 
Həmçinin, Çində Azərbaycanla bağlı maarifləndirmə, məlumatlandırma kampaniyasına da start verməliyik. Məlumatlandırma kampaniyası ilə yanaşı, eyni zamanda, institusional fəaliyyətlər də həyata keçirilməlidir. Çinlə ancaq Bakı-Urumçu arasında hava nəqliyyatı fəaliyyət göstərir. Daha məqsədəuyğundur ki, gələcəkdə hava nəqliyyatı Çinin paytaxtı Pekinə də açılsın. Bu, nəticə etibarı ilə Çindən daha çox turistin cəlb olunmasına səbəb olacaq. Habelə, Çin dilində broşuralar hazırlanması və onların internet üzərindən yayılmasına ehtiyac vardır. Azərbaycana gələcək çinli turistlərin daha asan və heç bir problem olmadan turist kimi yaşaması üçün Çin dilində broşuraların hazırlanması və otellər vasitəsilə yayılması da vacib amillərdən biridir. Belədə çinli turistlər ölkəmizlə bağlı daha çox məlumat əldə edəcəklər. Bu kimi addımların atılması fonunda sözsüz ki, Çindən daha çox turistin ölkəmizə gəlməsinə nail ola biləcəyik”.
Rüfət NADİROĞLU 




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 18-05-2017, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma