Xəbər lenti
Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Binəqədi rayonunda tərkibi qida üçün yararsız olan kolbasaları satan Nicat Babaşi və Vüqar Səlimov adlı vətəndaşları saxlayıblar. Ədliyyə nazirliyinin Ekspertiza Mərkəzi də bu məhsulların qida üçün yararsız olması barədə rəy verib.

Deputat Fazil Mustafa Daxili İşlər Nazirliyinin bu istiqamətdə bütün qətiyyətli addımlarını dəstəklədiyini bildirib.

Deputat hesab edir ki, bununla yanaşı önəmli məsələ əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır: “Bu kolbasalar leş ətlərdən hazırlanıb. Yəni həmin kolbasaların hazırlanması zamanı at, it, eşşək, ölmüş xəstə mal-qara, hətta caynaqlı heyvanların ətlərindən istifadə edildiyi istisna deyil.
Bununla belə, düşünürəm ki, burada bəlkə də ən az suçu olan satıcılardır. Əsas sifarişçilərin və istehsalçıların aşkara çıxarılmasıdır. Bu məsələdə bütün ictimaiyyət polis əməkdaşılarına köməklik göstərməlidirlər. Ölkədə yayğınlaşan sağalmaz xəstəliklərin bir səbəbini də burada axtarmaq lazımdır. Bu adamlara qarşı hansı tədbirlər görülməsini müəyyənləşdirməkdə hələ də çətinlik çəkirəm. Çində, Koreyada bilinən hansısa ictimai cəza növü varmı? Məsələn, həbsə göndərməzdən öncə bu işdə cinayət əməli sübuta yetirilmiş sifarişçi, istehsalçı və satıcılara leş formasında olan it, at və ya eşşək ətini yedirdib televiziyadan canlı yayınla vermək olmazmı?” .

Fazil Mustafa qeyd edib ki, hələ də dövriyyədən çıxarılmamış xeyli yoxlanmamış ət məhsulları var: “Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, 70 ton bu cür ət məhsulu ötən il dövriyyədən çıxarılıb. Bəs çıxarılmayan hələ gör nə qədər yoxlanmamış qida məhsulu var? İndi durub çağırış etsən ki, ay camaat dönər yeməyin, toylarda, restoranlarda lüləkababa əlinizi vurmayın, mənşəyi bəlli olmayan su və spirtli içkiləri içməyin. Hər yerdən üstünə töküləcəklər ki, niyə biznesimizi öldürürsünüz? Bəs sizlər kimlərinsə himayəsinə arxayın olaraq bu xalqı leş ətləri ilə açıq-aşkar öldürürsünüz, o zaman hansı yol tapaq ki, özbaşınalığın qarşısını alaq?”. (bakipost)



Ana səhifəyə qayıt        Baxış: 916          Tarix: 13-04-2017, 18:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma