Xəbər lenti

 

Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Bunu AKP sözçüsü Mahir Ünal mətbuat açıqlamasında bildirib.

Ünalın sözlərinə görə, söhbət 40 dəqiqə çəkib və Ərdoğanın bu gün rusiyalı həmkarıyla da telefonla danışacağı gözlənilir.

Sözçü bu danışıqların mühtəvası ilə bağlı heç bir məlumat verməsə də, liderlərin Suriya məsələsini masaya yatırdıqları güman olunur. Ərdoğanın regionda ciddi rəqabət aparan iki güclü dövlətin lideriylə eyni gündə telefon danışığı aparması da bu ehtimalı qüvvətləndirir.

Son zamanlar  Suriyanın Afrin bölgəsindən Türkiyə sərhədçilərinə atəş açılması və Türk tərəfinin bu atəşə adekvat cavab verməsi, həmçinin sərhəddə yeni hərbi qüvvələrin nəql  olunması Ankaranın növbəti bir əməliyyata hazırlaşdığından xəbər verir. “Fərat qalxanı”nın davamı kimi ortaya çıxacağı güman edilən bu əməliyyatın növbəti hədəfinin Afrin olacağı gözlənilir. Afrin isə əsasən PKK qüvvələrinin nəzarətindədir və İŞİD-dən fərqli olaraq kürd separatçılarına qarşı əməliyyat keçirilməsinə aktyor dövlətlərin münasibəti birmənalı olmaya bilər. Mümkündür ki, Ankara dünyanın müxtəlif qütblərindən gələ biləcək reaksiyaları azaltmaq üçün liderlərlə əvvəlcədən danışıqlar aparmağı məsləhət bilib.

Prinsip etibarilə, istər ABŞ-ın, istərsə də Rusiyanın bu əməliyyatı Türkiyənin milli təhlükəsizlik məsələsi hesab etdikləri də bölgədən gələn xəbərlərin mahiyyətindən aydın olur. Xatırladaq ki, Türkiyənin Müdafiə naziri bu müddət əvvəl Brüsseldə ABŞ-lı həmkarı Ceyms Mattis ilə görüşmüş və PKK məsələsini də onunla müzakirə etmişdi. ABŞ Müdafiə naziri həmkarına Türkiyənin nigarançılığını başa düşdüklərini və PYD ilə əməkdaşlıqlarını alternativli seçim əsasında deyil, məcburiyyətdən qurduqlarını bildirmişdi.  Həmin görüşün üzərindən çox keçməmiş, Afrindəki PKK ünsürlərinin Türkiyə sərhədlərini atəşə tutduğu xəbərləri yayılmış və qardaş ölkə bu hücumu geri püskürtmüşdü.

Bu gün Pentaqonun Yaxın Şərqdəki ordu hissələri komandanlığının sözçüsü polkovnik Ryan Dillon da kürd separatçılarının Raqqadan kənarda hər hansı hərbi hərəkətlərini dəstəkləməyəcəklərini açıq şəkildə dilə gətirmişdi. Zənnimizcə, bu mövqe ABŞ-ın Afrin əməliyyatına razılığı kimi qiymətləndirilməlidir. Ərdoğanın da məhz bu açıqlamadan sonra öz həmkarıyla telefon danışıqları aparması və söhbətin 40 dəqiqə qədər uzun sürməsi də təsadüfi deyil. Mümkündür ki, tərəflər keçirilməsi nəzərdə tutulan əməliyyatların detallarını ən yüksək səviyyədə müzakirə ediblər.

Rusiyanın kürd separatçıları məsələsinə yanaşması da Ankaranın lehinədir. Separatçıların son zamanlar ABŞ-a daha çox meyllənməsi, onunla birgə əməliyyatda iştirak etməsi, ən əsası isə Rusiyanın dəstəklədiyi Suriya ordusuna hücumu Moskva tərəfindən xoş qarşılanmır. İstənilən halda Moskvanın Afrin əməliyyatına laqeyd qalacağı istisna edilmir.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 1 224          Tarix: 30-06-2017, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma