Xəbər lenti

 Bu gün - yanvarın 5-də şair, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın 65 yaşı tamam olur.

Bu münasibətlə 525-ci qəzet tanınmış şairin yaradıcılığına güzgü tutub. Həmin yazını Ovqat.com oxucularına təqdim edirik.



Asim Yadigar 1954-cü ildə yanvar ayının 5-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində anadan olub. 1975-ci ildə  Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. 
O, 2007-ci ilin yanvar ayının 23-də Naxçıvan  Muxtar RespublikasıYazıçılar Birliyinin konfransında Yazıçılar Birliyinin sədri seçilib. O, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi (2005) fəxri adı, “Heydər Əliyev” xatirə qızıl medalı (2013), “Tərəqqi” medalı (2014) və Naxçıvan MR Ali Məclisi Sədrinin Fəxri fərmanı ilə təltif olunub (2014), 2009-cu ildə Prezident mükafatına layiq görülüb. 
İndiyə kimi 11 kitab müəllifi olan A.Yadigarın şeirləri 30-dan artıq ədəbi almanaxda , 30-a yaxın qəzet və jurnalda dərc olunub, fransız, türk, fars dillərinə tərcümə edilib. 
Bugünlərdə Azərbaycan Yazıçılar Birliyi 65 yaşının tamam olması münasibəti ilə Asim Yadigarı təbrik edib. 
“525-ci qəzet” olaraq biz də bu təbrikə qoşulur, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Asim Yadigarın şeirlərindən seçmələri oxuculara təqdim edirik.

Asim YADİGAR

Dünya

Nə sığala, nə tumara ehtiyacı var,
Ha sığalla, ha tumarla - kələkdi dünya.
İblislərə iblis kimi görünür elə,
Mələklərin gözlərində mələkdi dünya.

Atdan düşüb atlananlar düşəcək atdan,
Odda yanıb qovrulanlar qaçacaq oddan,
“Mənəm” - deyən çox kişilər çıxacaq yaddan,
Ələnəcək bircə-bircə, ələkdi dünya.

Bülbül kimi dil - dil ötər - dil çata bilməz,
Dəli-dolu dağ çayıdı - sel çata bilməz,
Tozanaqlı bir atlıdı - yel çata bilməz,
Hərdən yorğun bir qarıdı, ipəkdi dünya.

İskəndərtək zülmətlərə yol açanı var,
Rüstəm Zaltək meydanlarda qol açanı var,
Qocası var, cavanı var, dil açanı var,
Şair demiş, bəzən sərtdi, kövrəkdi dünya.

Xeyir doğar, şər çıxarar yolların üstə,
Dilliləri dil çıxarar lalların üstə. 
Vaxtsız tökər kallarını kalların üstə,
Çərxi tərsə fırlanan bir fələkdi dünya.

Söz deyirəm oyalayır sözümü oyur,
Barmağını qoşa tutur - gözümü oyur,
Əyriləri başa çəkir, düzümü oyur,
Qollarımı sarımağa bələkdi dünya.

Min fitnəsi, min feli var uymaq olmayır,
Özü qonaq - qaralıdı, qonaq olmayır.
Acısı da şirin dadır - doymaq olmayır
Dərd-səriylə balla dolu pətəkdi dünya.

Sənə, mənə dərdi tanış, kədəri tanış,
Dörd bir yana çapdığımız kəhəri tanış,
Ayı, günü, hər axşamı, səhəri tanış
Bərk tutmuşuq ətəyindən - ətəkdi dünya.

Duyğusuzlar duya bilmir - duyğusu vardır,
Tanrı qurub, pozulmayan qurğusu vardır.
Ürək kimi döyünür o, vurğusu vardır,
Ürəkliyə, ürəksizə ürəkdi dünya.
                                                                                                              
Ulu Cavid

Ulu dünya, gidi dünya yenə də öz gərdişində,
Mələkləri öz işində, iblisləri öz işində,
Neçə-neçə mərd  oğulu təngənəfəs at döşündə,
Bu da belə bir zamandı, bir dövrandı, ulu Cavid!

Əyilməyən başı vurdu zəmanənin sərt qılıncı,
Dərd üstünə dərd gətirdi namərdlərin dərd qılıncı,
Enəndə də başımıza enəydi kaş mərd qılıncı,
Ona görə dərdin böyük, bağrın qandı, ulu Cavid!

Cənnətini cəhənnəmə döndərənin özü hanı?
Od oğlunu buzlaqlara göndərənin özü hanı? 
Səni taxtdan salan kəsin, endirənin özü hanı? -
Başdan-başa dünya özü burulğandı, ulu Cavid!

Sən ki göylər övladıydın, səmalardan enməz idin,
Əqidənin qulu idin, məsləkindən dönməz idin.
Əbədiyyət günəşiydin, elə-belə sönməz idin,
Sən günəşin yolun kəsən çən-dumandın, ulu Cavid!

Boynu tükdən nazik olub ədalətin, həqiqətin,
Əyiməzlik simvoludur dəyanətin, cəsarətin.
Sonu yoxmuş cinayətin, sonu yoxmuş xəyanətin,
Məhəbbətin, sədaqətin bir ümmandı, ulu Cavid!

Bükülməzdir haqqın qolu - min bir yerdən bursalar da,
Xeyir şərə boyun əyməz min bir fitnə qursalar da,
Mərdlər mərdtək yaşayacaq lap boynunu vursalar da,
Bu özü də bir sınaqdı, imtahandı, ulu Cavid! 

Biri enir, biri qalxır - nərdivandı həyat özü,
Söndürülən ocaqlar var, kül altında qalıb közü.
Gur işıqlı səhərlərə dikilibdi nurlu gözü,
Hər döyüşdən qalıb çıxan qəhrəmandı ulu Cavid!

Hansı yolla getmiş idin, necə gəldin - yoluna bax,
Kimlər yatır sənlə qoşa - sağına bax, soluna bax.
Mişkinaz tək el anası, Ərtoğrul tək oğluna bax,
Cəfakeşlər cəfakeşi, o, Turandı, ulu Cavid!

Necə varsan elə qaldın - daha ötkəm, daha məğrur,
Əbədiyyət yolçususan - qəlbində od, gözdə qürur.
Əyilməzlik simvolusan, qazancın bu haqqın budur,
Sənət yolun bir işıqlı kəhkəşandı ulu Cavid!

Nağıl

Bu neçə atəşdi yanır içimdə,
Bu oddan alışır, yanır içim də.
Yanğıma səpməyə su tapılmayır,
Sonuncu nəğməsin son nəfəsində
Son dəfə oxuyan Qu tapılmayır.
Şimşəklər lal olub, susub, kiriyib,
Bəlkə bir şimşəktək çaxıb gedəsən,
Bəsdi bu dünyanın ağrısı, dərdi,
Bəlkə bu dünyadan çıxıb gedəsən!
Gedəsən gecənin sükutu kimi,
Göylərin yağışsız buludu kimi.
Gedəsən, dolasan gözlərdən uzaq,
Gözünü buludtək sıxıb gedəsən.
Baxasan dünyaya sonuncu kərə,
Sonra öz yükünü yığıb gedəsən.
Yer səni axtara, tapa bilməyə,
Göy səni axtara, tapa bilməyə.
Bir qaya olasan, sıldırım qaya,
Kimsə bir də səni çapa bilməyə,
Kimsə bir də səni tapa bilməyə!
Gedəsən, nə qəbrin, nə izin qala,
Qala beş-on kəlmə xoş sözün qala.
Torpağa əkələr sözünü sənin,
Durub gözləyələr özünü sənin.
Görəsən yoluna bir baxan varmı,
Hardasa səninçün darıxan varmı?!
Gözünün kökləri saralanacan,
Səbrlər tükənib daralanacan
Bu Yer kürəsində yoxa çıxasan!
Qoyub əllərini qaşının üstə
Bir də öz yoluna özün baxasan.
Deyələr nə vaxtsa qayıdacaqdır,
Qayıdıb dağ-daşı oyadacaqdır.
Sənin yoxluğuna bu yer üzündə
Nə kimsə darıxa, nə gözü dola.
Dünyaya gəlişin bir nağıl idi,
Dünyadan gediş də bir nağıl ola!

Hər şeyin sonu var...

Hər şeyin sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş də, qəm də.
Belə qalmayacaq, quruyacaqdır,
Qəmli gözlərində görünən nəm də.

Gecəli-gündüzlü dünyamız kimi
Qəmin, sevincin də iki üzü var.
Ağlayan ömürlük ağlamayacaq,
Hər gün gülən kəs də bir gün ağlayar.

Bir azca kədər qat gülüşlərinə,
Sevinc payın olsun kədərində də.
Axşamlar günəşli səhəri düşün,
Gecəni unutma səhərində də.

Həyat var ilanın zəhərində də,
Zəhərdə qoşadır həyatla ölüm.
Sevincin bir ucu qəmə doğrudur,
Qəmin sonunda da sevinc var, gülüm.
Hər şeyin sonu var həyatda, gülüm.
Əbədi deyil ki, gülüş də, qəm də.
Gecəli-gündüzlü dünyamız kimi
Qəm-sevinc qoşadır ürəyimizdə.

Yoxdu

Bütün əzizlərimin əziz xatirəsinə

Bir vaxt necə bəxtəvərdim,
Xoşbəxtlikdə tayım yoxdu...
Ata, ana, qardaş sağdı...
...Ta onlarlı ayım yoxdu.

İpəkdi ana ürəyi,
Oğul, qız idi gərəyi,
Sandığında gizlətdiyi
Əziz, şirin payım yoxdu...

Dərd sinədə düyün-düyün,
Hər şeyə son qoydu ölüm...
Qabağına yüyürdüyüm,
Əmim, qoşa dayım yoxdu...

Nə küsdük, nə də incidik,
Yer biləndi böyük, kiçik...
Üç bacı, üç qardaş idik,
Kəsirdi...tam sayım yoxdu...

Ata, ana, əmi getdi,
Xala, dayı, bibi getdi,
Biçildi bir zəmi getdi,
Qardaşsız il, ayım... yoxdu...

Köçüb neçə dost-tanışım,
Eh... nə qaldı... nə danışım.
Dünyayla küsüm, barışım?
Yaşamağa hayım yoxdu...
                   
Bir gözəl əyləşib üzü qibləyə

Bir gözəl əyləşib üzü qibləyə,
Qibləmi səhv salıb ona baxıram.
Qorxuram görənlər qınaya məni,
Gah ona, gah da ki, yana baxıram...

Gözələ Mədinəm, Məkkəm demişdi,
Sanmayın Vaqif də səhv eyləyibdi.
Gözələ Məkkəmdi deyən şairi
Allahın özü də əfv eyləyibdi...

Sanmayın qiblədən üz çevirmişəm,
Qibləyə baxanın heyranıyam mən.
Tanrım bağışlayar günahlarımı,
Qiblə heyranının qurbanıyam mən...

Bir gözəl əyləşib üzü qibləyə,
O, qibləyə baxır, mən ona bu gün.
Elə heyran-heyran baxıram ona
Dünya da yadımdan çıxıb büsbütün.

Harda gözəl durub - o yer qiblədir,
Şairlər qibləsin tez tapıbdılar.
Qiblə deyildirsə gözəllər, onda
Şairlər haradan söz tapıbdılar?

Ey böyük Yaradan, keç günahımdan,
Qiblə də sənindi, gözəl də sənin.
Səcdəyə durmuşam yaratdığına,
Özün de, günahı nədir bəndənin?




Ana səhifəyə qayıt        Baxış: 154          Tarix: 5-01-2019, 16:01      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent