Xəbər lenti
   

Dünya neft bazarında “qara qızıl”ın qiyməti bu gün artıb. "APA-Economics"-in bildirdiyinə görə, "AzeriLight" markalı neft 0,19 dollar və ya 0,34% artaraq, 56,44 dollardan satılıb.
Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu nəzərə alsaq, istər-istəməz beyinlərdə bu sual meydana gəlir: Görəsən, bu artım davam edəcəkmi?

 İqtisadçı ekspert Elçin Qurbanov bu məsələdə nikbin deyil. Ekspertin sözlərinə görə, istənilən əmtəə kimi, neftin qiyməti də onun istehsal həcmindən asılıdır: “Son zamanlar qlobal neft bazarına ciddi təsir edən ölkələr isə nəinki hasilatı azaltmır, əksinə, artırırlar. Bu məsələdə xüsusilə ABŞ xeyli aktiv görünür. Dünyanın ən böyük üçüncü neft qazma şirkəti “Baker Hughes”un yayımladığı həftəlik hesabat da bundan xəbər verir”.
Qurbanovun bildirdiyinə görə, hesabatda Amerikada bu həftə daha 11 neft quyusunun fəaliyyətə başladığı bildirilib:
“Beləcə, ABŞ-dakı toplam neft quyusu 683-ə çıxarılaraq 2015-ci ilə aprel ayından bu yana ən yüksək səviyyəyə çatdırılıb. “Baker Hughes”, həmçinin ölkədəki neft qazma fəaliyyətində 13 həftə ərzində üst-üstə artım qeydə alındığını bildirib. Ucuz qiymətlərdən mənfi təsirlənməsinə baxmayaraq, ABŞ-ın xam neft istehsalında toparlama müşahidə edilərkən, hasilat son 8 həftədir ki, yüksəlməkdədir”.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu gün yaydığı məlumat da ekspertin fikirlərini təsdiqləyir. Məlumatlara görə, ötən ilin oktyabr ayında gündəlik orta hesabla 8,45 milyon barelə qədər azalan xam neft hasilatını ABŞ son 8 həftə ərzində yüksəldərək ötən həftə gündəlik 9,23 milyon barelə çatdırıb.
Elçin Qurbanov son zamanlarda neft birjalarında qeydə alınan qiymət artımını OPEK-in hasilatı azaltmasıyla əlaqələndirib. Bununla belə o, qiymətlərin yüksəlməsini fürsət bilən ABŞ şirkətlərinin neft sektoruna investisiyaları artıracağına, beləcə qiymətlərin yenidən ucuzlaşacağına inanır: “Ümumiyyətlə Amerikanın Enerji İnformasiya İdarəsi ən azı son iki il ərzində neft hasilatının artırılacağını proqnozlaşdırıb. Təşkilatın aprel ayında yayımladığı “Qısa dövr ərzində enerji hasilatı” hesabatına görə, ABŞ-ın xam neft istehsalını bu il gündəlik ortalama 9,2 milyon barelə, gələcək il isə 9,9 milyon barelə qədər yüksəltməsi nəzərdə tutulur”.
Bütün bu məqamları nəzərə alan ekspert neft qiymətlərindəki son zamanlar müşahidə edilən cüzi artımın müvəqqəti olduğunu düşünür.
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 120          Tarix: 14-04-2017, 14:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma