Xəbər lenti

Rusiyada soydaşlarımızın təqibi əfsus ki, dayanmayıb. Şimaldan gələn son həbs xəbərləri belə söyləməyə əsas verir. Gözləmək olardı ki, Düşənbədə iki ölkə liderlərinin məlum görüşündən, ortamın yumşalmasından sonra Azərbaycan əleyhinə, diasporumuza qarşı demarşlara və ideoloji basqılara, “əcinnə ovu”na, nəhayət, “dur” deyiləcək.

Amma və lakin hələlik səngimədən danışmaq mümkün deyil. Sanki Rusiyada sözü Putindən daha keçərli biri var. Kim? Xalqlar arasında normal, insani əlaqələrin bərqərar olmasını gözü götürməyənlər harda, hansı ünvan(lar)da oturub?..

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko isə bu arada qəribə açıqlama verib. Matviyenko deyib ki, “MDB ölkələrində rus dilinin dəstəklənməsi əməkdaşlığın ümumi gələcəyinə sərmayədir”. Bu barədə o, “Rus dili MDB regionunda inteqrasiya dialoqunun əsasıdır” adlı konfransın iştirakçılarına müraciətində bildirib.

“Rus dilinin dəstəklənməsi siyasi məqsədəuyğunluq məsələsi deyil, ümumi gələcəyimizə, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına sərmayədir”, - Matviyenko vurğulayıb və əlavə edib ki, “MDB ölkələrinin ümumi vəzifəsi rus dilinin mövqeyini qorumaq və möhkəmlətməkdir”.

“Ümumi gələcək”, “ümumi vəzifə”... Görəsən hansı “ümumi vəzifə”dən, “ortaq gələcək”dən söhbət gedir əgər MDB ölkələri çoxdan BMT üzvü olan suveren dövlətlərdirsə?

Konkret olaraq Azərbaycanın rus dili ilə bağlı hər hansı beynəlxalq öhdəliyi yoxdur. Konstitusiyamızda da, Moskva Bəyannaməsində də (22.02.2022) bu haqda heç nə deyilmir. Bizim dövlət dilimiz Azərbaycan dilidir. O zaman Valentina xanım nəyə işarə edir? Rusiya niyə narahatdır?..

Şübhəsiz, bir xalqı assimilyasiyaya uğratmağın ən asan yolu onun dilini əlindən almaqdır. Əlbəttə, Azərbaycan xalqı əgər 200 il ərzində (Çar Rusiyası + SSRİ dönəmi) öz dilini, milli-mənəvi dəyərlərini, qan-yaddaşını, mədəni və genetik kodlarını qoruyub saxlaya bilibsə, suveren dövlət ikən ona heç bir təhlükə ola bilməz.

Gəl ki, Rusiya hələ də özünə “arxa bağça” saydığı postsovet məkanının müstəqil ölkələrdən ibarət olması gerçəyi ilə barışmayıb. Yaxud axıradək barışmayıb. Postsovet dövlətlərinə ciddi iqtisadi, texnoloji örnək ola bilməyən şimal qonşu belə görünür, heç olmasa, mədəni silahla – rus dili hesablına hansısa şəkildə azad xalqlara təsir imkanını saxlamaq istəyir. Həmsərhəd dövlətlər üzərində de-fakto dominant statusun tanınmasına ümidlidir.

Fəqət, alınmır. Nədən ki, dil-mədəniyyət incə sahədir, burada “balta” ilə, hədə-qorxu ilə işləmək, diktat, kobudluq keçmir. Əks nəticə verir. Eyni səbəbdən Kremlin aparıcı olduğu KTMT, AİB, MDB faktiki ölü qurumlardır. Daha bir səbəbə: hər hansı birlik o zaman işlək və uzunömürlü olur ki, orada ideya-amal ortaqlığı, o sırada ortaq iqtisadi və hərbi-təhlükəsizlik maraqları, ən azından dil-din birliyi var...

Rus dilinə gəlincə, nə qədər ki, postsovet ölkələri Rusiyanı öz müstəqilliyinə təhlükə qismində görəcək, - Ukraynaya qarşı işğalçı müharibə görkdür, - ona kimi Moskvanın ilk baxışda ziyansız, faydalı görünən təklif-çağırışlarına da şübhə ilə yanaşılacaq. “Başına gələn başmaqçı olar”. Hər halda biz yaxın tariximizi unutmamışıq. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) necə süqut etdiyi də yaddaşlardan silinməyib.

Qısası, hər şey niyyətə bağlı. Rusiyanın rus dili ilə bağlı məramı isə əfsus ki, xoşniyyətli deyil. Belədə xarici dil bilməkdə eyib ola bilməz. Amma bu dili “imperiya dili” kimi bizə təzədən sırımağa çalışanda artıq vəziyyət dəyişir. Dil mədəni, humanizm aləti, millətlə arasında ünsiyyət vasitəsi olmaqdan çıxıb geosiyasi çalar alır.

Və sonda. Azərbaycan Putinin dediyi kimi rusdilli ölkə deyil, olmayıb. Bizdə, sadəcə, Puşkinin, Lermontovun, Tolstoyun, Dostoyevskinin ana dilini yaxşı bilənlər və ona hörmətlə yanaşanlar var. Bunlar isə fərqli şeylər. Rus dilini bilmək rusdilli olmaq deyil...

Z.SƏFƏROĞLU

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 474          Tarix: Dünən, 16:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma