Xəbər lenti

"Sumqayıt şəhərində uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir". 

Bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev bildirib. 

Onun sözlərinə görə, artıq xəstəxana tərəfindən də oxşar diaqnoz qoyulub: “Onlara dəqiqləşdirilməmiş virus infeksiyası, bəzilərinə də mədə-bağırsaq virus infeksiyası qoyulub. Bu gün xəstəxanaya 14 uşaq yerləşdirilib. Hazırda xəstəxanada 54 uşaq müalicə olunur. Son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. İnfeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşlarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq. Son məlumatlar ictimaiyyətə açıqlanacaq”.


***14:52

Sumqayıt. 10 iyun. REPORT.AZ/ Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

"Report"un Sumqayıt bürosunun verdiyi məlumata görə, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. 

Xəstaxanadan "Report"un yerli bürosuna bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub: "Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən 2-7 yaş arasındadır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərilib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq". 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 109          Tarix: 10-06-2017, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma