Xəbər lenti

Bakının “Sovetski” kimi tanınan ərazisinin söküntüsü başa çatandan sonra həmin ərazidə avtomobil yollarının tikintisi ilə yanaşı, ərazidə böyük sahədə yaşıllaşdırma və abadlıq işləri, yəni parkın salınması da nəzərdə tutulur.

Belə ki, aparılan işlər ümumilikdə 26 hektar ərazini əhatə edir. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasıdır.

“Report” “Sovetski”də parkın salınması işlərinin gedişi ilə bağlı vəziyyəti araşdırıb.

Cahangir Qocayev

Uzun illər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışmış, hazırda isə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda mühəndis kimi fəaliyyət göstərən Cahangir Qocayev "Report"a deyib ki, park salınması nəzərdə tutulan ərazidə sıx yaşıllıq olacaq: “Şəhərin mərkəzi hissəsinin 1 150 hektarının park olması ilə bağlı planlaşdırma layihəsi var. Planda nəzərdə tutulub ki, həmin ərazilər sıx yaşıllıq olsun. Təbii ki, əhalinin dincəlməyi üçün oturacaqlar da olacaq”.

Mütəxəssis qeyd edib ki, parkın ərazisi böyük olduğu üçün orada kiçik kafe və restoranların da olmağı məsləhətdir: “Yəni piyada gedən adam dincəlmə üçün bir stəkan çay içməsinə imkan olmalıdır”.

C.Qocayev yeni salınacaq parkın adı ilə bağlı öz təklifinin olduğunu da deyib: “Parka qoyulması üçün fərqli adlar səsləndirirlər. Mən isə təklif edirəm ki, bu parkı “ Heydər Əliyev xiyabanı” adlandırsınlar".

Elçin Əskərov

Gənc memar Elçin Əskərov “Report”a açıqlamasında yeni parkda sıx meşəliyin salınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, “Qış Bulvarı”nda olduğu kimi, bu ərazidə də yeraltı parkinqlər mövcud olacağı təqdirdə hündür ağaclar əkmək mümkün olmayacaq: “Yuxarıdan yaşıllıq görüntüsü yaratmaq üçün xeyli sayda kiçik kollar əkilə bilər, lakin bu halda meşə tipli istirahət parkı olmayacaq. Çünki parkinqin üstündə hündür ağaclar əkilə bilməz”.

Memarın vurğuladığı digər məsələ salınan yolların relyefi ilə bağlıdır. E.Əskərov qeyd edib ki, hazırda salınan yollar ictimaiyyətə təqdim olunmuş foto və video plan ilə üst-üstə düşmür: “Plana görə Heydər Əliyev Sarayından başlayan yol Akademik Milli Dram Teatrının yanından düz keçdiyi təqdirdə, hazırda həmin yolun maili formada çəkildiyini müşahidə edirik.”

Yasamal rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq yolların genişləndirilməsi, inşaat və abadlıq işləri aparılır: “Hazırda ərazidə söküntü işləri aparılır. İşlər bir neçə mərhələdən ibarətdir, yəni proses mərhələ-mərhələ davam edir. Ərazidə söküntü prosesi Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aparılır. Yolun salınması işinə isə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti baxır. Söküntü tam başa çatmalıdır ki, park salınmasına başlanılsın. Hələ parkın salınması ilə bağlı işlərə başlanılmayıb. Hələ yollar genişlənəcək, yol salınacaq. Bu səbəbdən də, parkla bağlı dəqiq bir şey deyə bilmərik”.

İcra Hakimiyyətindən qeyd olunub ki, park üçün söküntü daha geniş aparılmalıdır: “Park haqqında hazırda dəqiq məlumat verə bilmərik”.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin məlumatına görə, "Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi iki mərhələdən ibarətdir: “Birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Layihənin icrasına 2016-cı il avqustun 5-də start verilib. Aparılan işlər yüksək keyfiyyətlə, texnoloji ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra edilib. Layihə çərçivəsində yenidən qurulan 440 metr uzunluğunda Balababa Məcidov küçəsinin eni genişləndirildikdən sonra 15 metrə çatdırılıb. Burada da tam müasir yol infrastrukturu yaradılıb".

Hazırda Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsinin həyata keçirildiyi ərazi boyu son tamamlama işləri aparılır. Yeni yollarda müasir işıqlandırma sistemləri, avtobus dayanacaqları quraşdırılacaq, yeraltı və yerüstü parkinq yerləri, həmçinin piyada keçidləri inşa ediləcək”.

“Report”un sorğusuna cavab olaraq “Azəravtoyol”dan bildirilib ki, avtomobillər üçün parkinq “Təzəpir” məscidi kompleksinin qarşısında olacaq. Parkinq 400 avtomobil üçün nəzərdə tutulub. Məscidin qarşısına park salınacaq, parka birləşən Füzuli və Mirzəağa Ə. Küçələrinin üzərindən park genişliyində yerüstü keçid salınacaq: “Həmin keçid parkın davamı kimi görünəcək”.

Yolun əyri olması ilə bağlı isə bildirilib ki, yolun layihə üzrə trayektoriyası bu formadadır. Bildirilib ki, yol əslində əyri deyil, sadəcə maililik var: “Həmin ərazidə qurulacaq landşaftda yaşıllıq zolaqları, süni təpəciklər, xüsusi landşaft yaradılıcaq. Ona uyğun olaraq da yol həmin şəkildə layihələndirilib”.//Report.az

 




Ana səhifəyə qayıt        Baxış: 1 790          Tarix: 12-06-2017, 15:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma