Xəbər lenti
  

Bahar xanımın hövsələsi yox idi. Nə qədər çalışsa da, səy  göstərsə  də, əri Cahangir müəllimi hamama göndərə bilmirdi. Hətta dünən axşam mübahisələri  o həddə çatmışdı ki,  az qala  bir –birini qıracaqdırlar.

Bazar günü yenicə qohum olduqları Kazım kişigil  onlara qonaq  gəlməliydi. Bahar xanım fikirləşəndə ki, əri iy verə-verə  qonaqlarla   eyni stol  arxasında  oturacaq, az  qalırdı başına hava gəlsin.  Səhər Cahangir müəllim işə gedəndə  Bahar xanım   Həzrət Abbasa and içib xəbərdarlıq etmişdi ki,  əgər  axşam  işdən gələn kimi  hamama getməsə,  onu evə  buraxmayacaq. Cahangir müəllim  qayıdıb dəyəndə  ki,  əgər məni bəyənmirsənsə, yığışıb  dədən evinə gedə bilərsən, Bahar xanımı od götürmüşdü. Sifəti pörtmüş halda ərinə demişdi ki, and olsun Allaha, səni mahalda rüsvay edərəm, çar çəkib bütün qohum-əqrabanı, qonşuları tökərəm bura. Əgər bu gün mən səni hamama göndərə bilməsəm, deməli, heç Qulam kişinin qızı deyiləm. Cahangir müəllim də dava-dalaşa son qoymaq üçün “dəyişəyimi yığıb hazır qoyarsan” deyib evdən çıxmışdı.

Cahangir müəllimin işdən gəlməsinə az qalırdı. Bahar xanım ərinin alt paltarını, dəsmal, sabun və kisəni kişinin həmişə özü ilə hamama götürdüyü çantaya qoyub gözləyirdi. Qısa zaman fasiləsindən sonra  qapının zəng çalındı. Bahar xanım qapını  açıb əlində  hamam  çantası  ərini qarşılardı:

- Evə girdi yoxdu!  Kişi kimi söz vermisən!

- Yorğunam. Qoy, bir stəkan çay  içim, gedərəm. - əri çəkinə-çəkinə dedi.

- Yox! İçməyəcəksən! O  boyda idarənin rəhbərisən ey... Zibilxana itləri kimi üfunət  iyi verirsən...  Tarakanlar  qoynunda  yuva  salıb, xəbərin var?  Görüm, daş düşəydi sənə gəldiyim  günə! Ömrümü cürütdün,   günümü qara elədin.  Mən bilmirəm,  bu “vid”də, licimdə  sən  o işçilərin üzünə  necə baxırsan?

- Yaxşı,  yaxşı,  az  danış! Baş-beynim getdi. Ver  bura, görüm - çantanı  aldı, – bilirsən ki, son vaxtlar işin çoxluğundan  başım açılmır. Sən yemək  işinə bax, mən bir saata  qayıdıram.

- A kişi,  tələsmə.  Bir aydı hamama  getmirsən. Qoy, yaxşı-yaxşı  sürtsünlər. Çantaya kisə qoymuşam. Dəlləyə də  getmədin, hər yerini tük basıb.

Sürücü Cahangir müəllimi  düşürüb  getmişdi. Bayırdakı "Mersedes" markalı şəxsi avtomobilinə oturub çantasını yanındakı oturcağa qoydu.  Yol  aldı həmişə təşrif  buyurduğu  Köhnə hamama.

Əli əsalı yaşlı kişinin köməkliyi  ilə maşını saxlamağa yer tapa bildi. Girişdəki oğlan  Cahangir müəllimi mehribanlıqla qarşılayıb soyunacağı şkafın açarını ona uzatdı. Sabah şənbə  günü olduğundan içəri müştərilərlə dolu idi. Cahangir müəllim yorğun olsa da, hamama gəlməyinə  peşman  deyildi. “Çoxdandır çimmirdim, yaxşı oldu” deyə, düşündü. Duş almazdan qabaq həmişə onu kisələyən Tolikə yaxınlaşdı:

-Salam, qoçaq. Gəlmişəm. Vəziyyət neçədir ?

- Sağ ol, müəllim.  Bu  gün bir az  sıxlıqdır.  Bunnan sonra iki nəfərim də var. Sən bir çay iç, inşallah, yola  salaram. 

- Yox, Tolik, gözləyə bilmərəm. İşim çoxdur. Tələsirəm. Görüm, uşaqlardan kim bekardı?

Həftənin əvvəli babat iş olmadığından  kisəçilər həftəsonu bunun əvəzini çıxmaq niyyətində idilər. Cahangir müəllimin  cavabı Tolikin  ürəyincə olmasa da, biruzə  vermədi:

- Nə deyim, müəllim? Neçə məsləhətdi.

Cahangir müəllim   əvvəlcə qonşu kabinədə  oturub  ayaqlarını  yelləyən yeniyetmə oğlana  yaxınlaşdı:

- Oğlum,  boşsanmı?

- Xeyr, müəllim. “Kilent”im var, indi gəlir.

Digər kisəçilər məşğul olsa da, Cahangir müəllim axırıncı kabinədəki xoşsifət oğlana yaxınlaşıb dedi: 

- Bundan sonra adamın varmı?

- Ağsaqqal, səni  niyə aldadım, yoxdur. Ancaq, incimə, mən səni kisiləyə bilmərəm.

- Niyə, ay oğul? - Cahangir müəllim təəccüblə  soruşdu.

-  Ona görə ki, sən mənlik deyilsən, Tolikliksən. Burda heç kim  başqasının “kilent”inə girmir.  Əgər girsə, olar gədə. Qayda belədir.

Cahangir müəllim boş dayanan oğlanın onu niyə kisələmədiyini indi anladı.

Sonra üçüncü kisəçiyə yaxınlaşdı. Ondan da müsbət  cavab ala bilmədi:

 - Müəllim, siz Tolikə məxsussunuz. Niyə darıxırsız  ki?  Zala keçib bir cay için, televizora baxın, ona kimi növbəniz  çatar. Gecə keçmir ki?

Cahangir müəllimi fikir apardı: “Bu neçə olur, ə?!  Əlimin altında  yüzlərlə adam işləyir,  heç biri  mənə məxus olmur,  mən bu əli kisəli gədəyə məxsus oluram? ” İstədi,  Tolikdən xahiş etsin ki, onu iş yoldaşlarına tapşırsın, ancaq sonra bu  fikrindən vaz keçdi: “Əgər qanacağı çatsaydı özü deyərdi”.

Cahangir müəllim  bilirdi ki,  kirini tökmədən evə qayıtsa, arvadı ilə “müharibə” yenidən başlayacaq. Əlavə bir-iki saat gözləməyə isə hövsələsi çatmırdı.  Elə bu barədə fikirləşirdi  ki, birdən ağılına nə gəldisə, tez dönüb gözləmə zalına çıxdı. Ətrafa nəzər salıb əsəbi halda soruşdu:

- Ə, buranın bir yiyəsi-sahibi var, ya yox?  İdman forması geymiş cavan bir oğlan ona yaxınlaşıb dedi:

- Ağsaqqal, nə lazımdı? Biz sizin qulluğunuzda hazır.

- Ay oğul, Tolikin işi çoxdur, bu  uşaqlar da mənə  yiyəlik  etmək istəmir. Deyirsiz, ta birdə bu hamama gəlməyək?! 

- Qələt eləyillər, ağsaqqal! – oğlan bərk əsəbləşdi, – it uşağı yenə başladı hoqqa çıxarmağa? – sonra  əlavə etdi:

-Zəhmət olmasa, arxamca gəlin. 

İçəri girən kimi kisəçilərə qışqırdı:

-  Ə,  siz qudurmusuz? İşdən  sonra heç  kim evə getməsin. İçlasdır. - üzünü yanındakı gənc oğlana  tutub - Sən  başla, gözləmə. -  dedi, -  Sabahdan sizə elə bir toy tutum  ki,  ağlınız başınıza gəlsin. – Hirsli halda dönüb getdi.

Kisəçi  “müəllim,  sən uzan,  mən bu dəqiqə gəlirəm” deyib tez Tolikin yanına qaçdı:

-Qağa,  mən onu yola verməsəm,  müdir ikimizi də işdən qovacaq. Bilirsən ki, indi iş tapmaq çox çətindir. İcazə ver, müəllimi  işləyim, qazancı sənin olsun.

-Yaxşı, işlə – deyə, Tolik kefsiz halda dilləndi.

Cahangir müəllim  özündən razı halda hamamdan çıxdı.  Çantasını arxa oturacağın üstünə atıb sükan arxasına keçdi. Əli əsalı kişiyə bir manat  verib  mühərriki işə saldı. Bərk  acsa da, kefi çox kök idi. Bilirdi ki, həyat yoldaşı Bahar xanım  onu böyük  sevinc və coşqu ilə qarşılayacaq.


Aləm Kəngərli 



Ana səhifəyə qayıt        Baxış: 2 546          Tarix: 28-03-2017, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Bənzər məqalələr
Prizma