Ermənistanla Türkiyə arasında sərhədin tam açılması regionda kommunikasiyaların açılması zəncirinin növbəti mühüm həlqəsidir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT Nazirlər Şurasının 32-ci sessiyasındakı çıxışında deyib.
Mirzoyan qeyd edib ki, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin 2025-cü il avqustun 8-də Vaşinqtonda imzaladığı bəyannamə tarixi əhəmiyyət kəsb edir.
"ATƏT-in məsuliyyət zonasındakı ən qeyri-sabit və müharibə şəraitində olan regionlardan birində sülhün bərqərar olduğu bəyannamə", - Mirzoyan vurğulayıb.
O xatırladıb ki, tərəflər Ermənistan-Azərbaycan sülh sazişini də paraflayıb və ATƏT-in fəaliyyətdə olan sədrinə münaqişənin yekun simvolu kimi Minsk prosesinin strukturlarını ləğv etməyi birgə təklif ediblər.
Nazirin sözlərinə görə, Vaşinqton Sammiti regional kommunikasiyalar, ölkədaxili, ikitərəfli və beynəlxalq əlaqələrin təmin edilməsi, o cümlədən Cənubi Qafqazın təhlükəsiz logistika mərkəzinə çevrilməsinə yönəlmiş “Tramp yolu”nun həyata keçirilməsi üçün real imkanlar açıb.
Mirzoyan Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaq barədə açıqlamasını alqışlayıb.
"Birbaşa və praktiki nəticə olaraq, Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə artıq ilk taxıl yükləri Ermənistana gəlib", - Mirzoyan qeyd edib.
Nazir Ermənistan da öz növbəsində Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.
"Təqdim etdiyim zəncirdə Ermənistan və Türkiyə arasında sərhədin tam açılması regionun transformasiyası prosesini başa çatdıracaq növbəti mühüm həlqədir. Biz Türkiyə ilə ikitərəfli münasibətlərin tam normallaşmasına yönəlmiş dialoqu fəal şəkildə davam etdiririk. Bununla əlaqədar nəzərinizə çatdırmaq istərdim ki, bir neçə gün əvvəl iki ölkənin müvafiq qurumlarının nümayəndələri texniki müzakirələrin ikinci mərhələsini keçiriblər", - Mirzoyan bildirib.
Paylaş:




























