Səudiyyə Ərəbistanı hökuməti korrupsiya üzrə ittiham olunan 20-dən çox yüksək vəzifəli məmuru və biznesmeni, o cümlədən sabiq maliyyə naziri və “Saudi Aramco” kompaniyasının direktorlar şurasının üzvü İbrahim əl-Əssafı həbsdən azad edib.
“İnterfax” informasiya agentliyi xəbər verir ki, azad olunanlar arasında, həmçinin şahzadə Turki bin Xalid və “Saudi Telecom” kompaniyasının sabiq başçısı Səud əl-Daviş də var. Korrupsiyada şübhəli bilinən şəxslərin istintaq orqanları ilə əməkdaşlıq etmələri və girov ödəmələri müqabilində azadlığa buraxıldığı bildirilir.
Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, 4 nazir, 38 sabiq və vəzifədə olan məmur, həmçinin onlarla biznesmen olmaqla 200 nəfərdən çox şəxs saxlanılıb. Eyni zamanda, Milli Qvardiya və Hərbi Dəniz Donanmasının nüfuzlu rəhbərləri də vəzifələrindən kənarlaşdırılıb.
Korrupsiya üzrə təhqiqat çərçivəsində həbs olunanların əksəriyyəti xəzinəyə ümumilikdə 100 milyard dollara yaxın vəsait ödəməyə razılaşıb. Dünyanın ən zəngin insanlarından biri – “Citigroup” və “Apple” kimi kompaniyaların aksiya paketlərinə sahib olan şahzadə əl-Valid bin Talalın azadlığa buraxılması üçün 6 milyard dollar tələb olunur ki, bu da tutulanlar arasında ən yüksək məbləğdir.
Kral Salman bin Abdul Əziz Əl Səudun fərmanına əsasən yaradılan və varis şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi korrupsiya ilə mübarizə komitəsi vəzifəsindən sui-istifadə edən şəxslərin bank hesablarını açmaq, onların aktivlərini və vəsaitlərini dondurmaq hüququna malikdir.
Paylaş: