“Türk Hava Yolları” aviaşirkəti uğurla başa vurduğu 2017-ci ilin nəticələrini açıqlayıb. Ötən il şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 68,6 milyona çatıb.
“Türk Hava Yolları” aviaşirkətindən Azərtac-a bildirilib ki, 2017-ci ildə reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1 faiz təşkil edib. Ötən ilin dekabr ayında isə aviareyslərin yüklənmə səviyyəsi şirkətin tarixində ilk dəfə olaraq rekorda çataraq 79,5 faiz olub.
“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcra Komitəsinin sədri İlker Aycı ötən ilin yanvarında verdiyi proqnozda bildirmişdi ki, 2017-ci ildə əvvəlki ilə nisbətən daha yaxşı nəticələrə nail olunacaq. İllik plan hazırlanarkən Türkiyədəki vəziyyət, aviasiya və turizm sahələrinin aktual tendensiyaları əsaslı surətdə tədqiq edilib. “Əminəm ki, 2017-ci ili uğurla başa vuracağıq və “Türk Hava Yolları” bir qədər də güclü olacaq, brendin dəyərini və bazar payını artıra biləcək”, – deyə İ.Aycı bildirmişdi.
2017-ci ilin yanvar-dekabr aylarında tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 7,9 faiz və 9,3 faiz artıb. Daşınan sərnişinlərin ümumi sayı 68,6 milyona çatıb. Hesabat ilində reyslərin yüklənmə səviyyəsi 4,7 faiz bəndi artaraq 79,1 faizə çatıb, beynəlxalq reyslər üzrə bu göstərici 5 faiz bəndi artıb və 78,4 faiz təşkil edib.
2017-ci ilin dekabr ayının yekunlarına görə isə reyslərin yüklənmə səviyyəsi 5,1 faiz bəndi artaraq 79,7 faizə çatıb, kreslo/kilometrlərin sayı 8,9 faiz artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi 5 faiz bəndi artıb və 79,2 faiz təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi “Türk Hava Yolları”nın tarixində rekorda çatıb. İyulda başlayan tələbatın ikirəqəmli artımı dekabrda 16,3 faizlik artım ilə davam edib.
Daşınan sərnişinlərin ümumi sayı 21,4 faiz artaraq 5,5 milyona bərabər olub. 2016-cı ilin dekabr ayı ilə müqayisədə sərnişindaşımanın həcmi və tələbat 17 faiz artıb. Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 39 faiz artıb (tranzit sərnişinlər istisna olmaqla). Həmçinin daşınan yüklərin/poçtun həcmində əvvəlki ilin analoji ayı ilə müqayisədə 18,4 faiz artım olub. Artım əsasən Yaxın Şərq (28,7 faiz) və Avropanın (24 faiz) hesabına baş verib.
Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Yaxın Şərq, Şimali Amerika və Afrika müvafiq olaraq 7,1 faiz bəndi, 6,8 faiz bəndi və 5,6 faiz bəndi artıb.
Paylaş: