Britaniyanın Moskvadakı səfiri martın 17-də Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Səfirin diqqətinə Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinə görə, rusiyalı diplomatların Britaniyadan çıxarılmasına qarşı cavab tədbirinin görülməsinin çatdırılacağı gözlənilir.
Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, Britaniya vətəndaşı Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təqribən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyli adlı şəxs də var.
Britaniya hakimiyyəti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.
Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Rəsmi London S.Skripalın zəhərlənməsinə cavab olaraq Rusiyanın 23 diplomatını ölkədən çıxarıb.
Paylaş: