
Rusiyanın Daxili İşlər Nazirliyi bildirir ki, Sovet zəmanəsinin düşərgələrində saxlanmış minlərlə məhbusa aid qeydiyyat kartları rəqəmsallaşdırılır. Bundan əvvəl tarixçilər bu sənədlərin məhv edilə biləcəyindən narahatlıq ifadə etmişdilər.
Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, nazirlik rəqəmsallaşma barədə bəyanatı iyunun 13-də yayıb, ancaq bundan bir həftə əvvəl rusiyalı tarixçilərdən biri sənədlərin məhv edildiyinə dair iddia irəli sürüb.
Tarixçilər deyirlər ki, qeydiyyat kartlarında onilliklər ərzində Sibir və başqa yerlərdəki düşərgələrdə saxlanmış insanlar barədə mühüm məlumatlar var.
Moskvadakı “GULag” (Düşərgələr Baş İdarəsi) Tarixi Muzeyində keçmiş SSRİ-nin məhbus düşərgələri sisteminə aid çox sayda eksponatlar saxlanır. Bu muzeyin bildirdiyinə görə, bu ayın əvvəllərində araşdırmaçı Sergey Prudovski qeydiyyat kartlarının məhv edilməsinə dair 2014-cü ilə aid direktivin mövcud olduğunu aşkarlayıb.
Bu narahatlıq barədə xəbər prezident yanında İnsan Haqları Şurasına çatdıqdan sonra, qurumun rəhbəri belə bir hərəkəti “vəhşilik” adlandırıb.
Müşahidəçilər bildirirlər ki, ümumiyyətlə Rusiya hökuməti tarixə yenidən nəzər yetirərək sovet düşərgə sisteminin dəhşətləri barədə xatirələri yumşaltmağa və unutdurmağa can atır.
Prezident Vladimir Putin SSRİ-nin çökməsindən şəxsən məyus olduğunu açıq bildirib.
Keçmiş SSRİ-də 1930-40-cı illər arasında 17 milyon insanın düşərgələrə göndərildiyi təxmin edilir.
Bu düşərgələrdəki dəhşətlər barədə bir çox məhbus yazıçılar, o cümlədən Aleksandr Soljenitsin çox sayda bədii əsərlər yaradıblar.
Paylaş: