İsrailin baş naziri Benyamin Netanyahu İranı Tehran yaxınlığında gizli atom silahı anbarı saxlamaqda ittiham edib. O, BMT-də çıxış edib və İran rəsmiləri dərhal bu iddianı saxta adlandırıb.
Sentyabrın 27-də BMT Baş Məclisində çıxış edən Netanyahu İran paytaxtının peyk təsvirini göstərib və oradakı qırmızı oxun məhz həmin gizli anbarı işarələdiyini iddia edib. Baş nazirin sözlərinə görə, bu tapıntı İranın hələ də nüvə silahı hazırlamağa çalışdığını göstərir.
İranın 2015-ci ildə imzaladığı nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.
Netanyahu iddia edib ki, həmin ərazi Turquzabad bölgəsində yerləşir, orada 300 kiloqramadək radioaktiv material saxlanır, ancaq bir qismi bu yaxınlarda köçürülüb. O, BMT-nin atom agentliyini ərazini dərhal radiometrlə yoxlamağa çağırıb.
İran rəsmiləri isə iddiaları rədd edib.
“Dünya bu tip saxta, mənasız və gərəksiz nitqlərə, saxta görüntülərə yalnız güləcək”, – İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi “Fars” xəbər agentliyinə deyib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə İsrailin nüvə proqramının daha çox yoxlanmalı olduğunu vurğulayıb.
“Heç bir şou İsrailin regionumuzda gizli və açıqlanmamış nüvə silahı proqramlı yeganə rejim olmasını ört-basdır edə bilməz… İsrail qanunsuz nüvə proqramını beynəlxalq müfəttişlərin üzünə açmalıdır”, – Zərif Twitter-də yazıb. Netanyahu anbarda saxlandığını iddia etdiyi materialın adını açıqlamayıb, yaxud İranın nüvə sazişini pozduğunu da dilə gətirməyib.
İsrail lideri İranı yəhudi dövlətinin ən böyük düşməni sayır. O, daha öncə Tehranın nüvə sazişini pozduğunu deyib, amma onun iddialarını təsdiqlətmək mümkün olmayıb. İran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.
(Azadlıq radiosu)
Paylaş: