Xəbər lenti

ABŞ prezidenti Donald Tramp hazırkı və keçmiş ABŞ rəsmilərinin partlayıcı maddələrlə hədəf alınmasını iyrənc və rəzil hərəkət adlandırıraq deyib ki, Birləşmiş Ştatlarda siyasi zorakılığa yer yoxdur.

Ağ Evdə danışan Tramp keçmiş prezident Barak Obama və 2016-cı ildə ABŞ prezident seçkilərində onun demokrat rəqibi olan Hillari Klintona bomba və başqa partlayıcı maddələrin olduğu bağlamaların göndərildiyi xəbərini böyük qəzəblə qarşıladığını və bundan son dərəcə narazı olduğunu bildirib.

Eyni bağlamalar keçmiş baş prokuror, Konqresdə keçmiş demokrat qanunverici və Mərkəzi Kəşfiyyat agentliyinin keçmiş rəhbərinə göndərilib. Bu şəxslərin hamısı prezidentin tənqidçiləridir. Tramp bağlamaların kim tərəfindən göndərildiyini müəyyən etmək məqsədilə federal təhqiqatın aparıldığını deyib: “Amerika xalqının təhlükəsizliyi mənim ən böyük prioritetimdir”.

ABŞ-ın gizli xidmət idarəsi bir neçə saat ərzində Nyu-Yorkda Klintona, Vaşinqtonda isə Obamaya bağlama göndərildiyini aşkar edib. Eyni zamanda, Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş rəhbəri Con Brennana bağlama göndərildiyi müəyyən edildikdən sonra Nyu-Yorkda CNN tele-şirkətinin studiyalarının yerləşdiyi Time Warner mərkəzində təxliyə əməliyyatı keçirilib.

Nyu-York polis rəsmilərinin bildirdiyinə görə, bağlamanın içində aktiv partlayıcı cihaz olub. Bağlamada həmçinin ağ tozun da olduğu bildirilib.

(Amerikanın səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 332          Tarix: 25-10-2018, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma