Rusiyanın xarici işlər naziri Serqey Lavrov avqustun 26-da deyib ki, Moskvanın dəstəklədiyi Suriya hökumət qüvvələrinin İdlib qəzasındakı hücum əməliyyatları Türkiyə ilə heç bir razılaşmanı pozmur.
Reuters agentliyinin yazdığına görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan avqustun 23-də Vladimir Putinə demişdi ki, Suriya ordusunun ölkənin şimal-qərbində həyata keçirdiyi hücumlar humanitar böhran yaradır və Türkiyənin milli təhlükəsizliyinə hədə təşkil edir.
Suriya qoşunları qiyamçıları və Türkiyənin Suriyadakı hərbi postlarından birini mühasirəyə alıb.
Bu arada, avqustun 26-da Ərdoğan deyib ki, Türkiyə qoşunları Suriyanın şimalındakı “təhlükəsiz zonaya tezliklə yeridiləcək”.
ABŞ və Türkiyə arasında əldə olunmuş razılaşmaya görə Vaşinqton və Ankara Suriyanın bu bölgəsindəki vəziyyətə birgə nəzarət etməlidirlər.
Bu məqsədlə ABŞ və Türkiyənin birgə əməliyyat mərkəzinin yaradıldığı xəbər verilir. Lakin bu mərkəzin işi barədə heç bir təfərrüat açıqlanmır.
Ərdoğan deyib ki, “biz təhlükəsiz zonanın yaradılması istiqamətində tədricən tərəqqi əldə edirik”.
Türkiyə bildirib ki, bu razılaşmanın ABŞ tərəfindən hər hansı ləngidilməsinə yol verməyəcək və lazım gələrsə Suriya ərazisinə müdaxilə edərək kürd YPG birliklərini bu ərazidən geri oturdacaq.
Ərdoğan avqustun 26-da verdiyi bəyanatda bildirib:
“Bizim prioritetimiz dialoq və əməkdaşlıqdır. Amma əgər biz seçmək istəmədiyimiz yola sıxışdırılsaq, hazırlığımız var və biz öz planlarımızı tətbiq edəcəyik. Bizim dronlarımız və helikopterlərimiz regiona daxil olub. Çox tezliklə bizim quru qoşunlarımız da regiona daxil olacaq”.
Türkiyənin müdafiə naziri Hulusi Akar avqustun 26-da deyib ki, Suriyanın şimalında birgə patrul keşiyi barədə Ankara və Vaşinqton arasında danışıqlar davam edir. (azadliq.org)
Paylaş: