Xəbər lenti

 

“Suriya müharibəsində iştirak edən Rusiya savaşın başa çatdığını elan eləsə də, bölgədə vəziyyət gərgin olaraq qalır. Digər yandan, Türkiyənin İŞİD-in məhv edildiyini açıqlamasına baxmayaraq, ABŞ bölgədə varlığını qorumaq üçün yeni hərbi bazalar qurur”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Ekspert ABŞ-ın bölgədə fəaliyyət göstərən terrorçu qruplaşmalara dəstək verməsinə də diqqət çəkib:

“ABŞ hazırda bu və digər məqsədləri üçün Nüsaybin və digər bölgələrdə hərbi baza qurmaq işini davam etdirir. Bu bazaların ABŞ və İngiltərə hərbçiləri tərəfindən birgə istifadə olunacağı açıqlansa da, fransız hərbçilərin bu ərazilərdə tez-tez görünməsi ilginc ehtimallar yaradır.

Buna adekvat olaraq, ABŞ eyni zamanda, YPG-nin bir qolu olan DSG-yə də silah göndərməkdə davam edir. Halbuki yaxın gələcəkdə ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxaracağı elan olunmuşdu. O biri tərəfdən isə terrorçulara dəstəyi davam etdirməklə bölgədəki gərgin situasiyanı qoruyur.

ABŞ-ın son zamanlarda atdığı addımlar o ehtimalı gücləndirir ki, Amerika Türkiyə sərhədlərində terror qruplaşmalarının qalmasında maraqlıdır. Şübhəsiz ki, həmin qruplaşmalar ABŞ-a Türkiyə təzyiq vasitəsi kimi lazımdır”.

Ramiyə Məmmədova Suriya məsələsinə dair Ankarada Rusiya, Türkiyə və İran prezidentləri arasında keçirilən görüşə də diqqət çəkib:

“Bu zirvənin bir nəticə verəcəyini düşünmürəm, buna görə də rəsmi Ankara bölgədə terrorizmə qarşı mübarizədə tək olduğunu yaxşı anlayır. Yəni, bu gün Suriyada davam edən savaşın ikinci ən böyük zərər vurduğu ölkə Türkiyədir. Vədlərə baxmayaraq, heç bir dövlət Türkiyə qədər suriyalı qaçqınlara öz qapısını aralamadı.

Buna görə də düşünürəm ki, vəziyyətdən çıxmaq istəyən Türkiyənin rəsmi Dəməşqlə danışıqlara getməkdən başqa çarəsi qalmır. Çünki hazırkı vəziyyətdə Suriyada gedən savaşda Əsəd əsas gücü öz əlində cəmləyib. Bu da, Ankaranın Əsədlə danışıqlar masasına oturmaq ehtimalını artırır”.




Ana səhifəyə qayıt        Baxış: 588          Tarix: 18-09-2019, 17:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma