Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya bildirilib ki, bu barədə sənədlərin qəbulu zamanı Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin təqdim etdiyi və zəvvarların imzaladığı müqavilənin xüsusi müddəa bölümündə qeyd olunub. Müddəada göstərilib ki, narkotik vasitələrin, spirtli içkilərin və təbliğat xarakterli ədəbiyyatların Səudiyyə Ərəbistanına aparılması qəti qadağandır. Ölkəyə narkotik aparanlar ölüm hökmü (edam) cəzasına məhkum edilir.
Müqavilədə o da qeyd olunur ki, buna görə təşkilatçı (QMİ) məsuliyyət daşımır. Bütün məsuliyyət zəvvarın öz üzərinə düşür.
Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də, növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.
Builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız QMİ-dir.