Aprelin əvvəlindən Venesuelada iğtişaşlar nəticəsində 80 nəfər ölüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Rabitə və informasiya naziri Ernesto Vilyeqas bildirib.
Bu gün Venesuelanın paytaxtı Karakasda baş verən iğtişaşlar zamanı 7 etirazçı xəsarət alıb. Ölkənin regionlarında da nümayiş və etiraz aksiyaları səngimək bilmir.
Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Paylaş: