Xəbər lenti
27-11-2024, 19:25

 

Yanvarın 11-də Oman sultanı Qabus bin Səid bin Teymur Ali Səid vəfat etdi. Sultan Qabus körfəz ölkəsi Omanı 50 il – 1970-ci ildən bu yana dünyanın “qaynar qazanı” sayılan regionda bütün münaqişələrdən uzaq, neytral və sabit ölkəyə çevirə bildi. 

Sultan Qabus 1940-cı il noyabrın 18-də Omanın cənubunda hakim əl-Səid ailəsində, sultan Səid bin Teymurun tək oğlu olaraq dünyaya gəlib. Onun mənsub olduğu əl-Səid ailəsi Omanı 1744-cü ildən bu yana idarə edir. Qabus gəncliyində dünyanın ən nüfuzlu hərbi məktəbi olan Britaniya “Sandhurst” Kral Hərbi Akademiyasında təhsil alıb, hətta bir müddət ingilis ordusunun tərkibində Almaniyada xidmət edib. 1965-ci ildə atasının istəyi ilə Londondan Omana qayıdıb və beş il atasının yanında sarayda qalıb. 

1970-ci ildə İngiltərənin də dəstəyi ilə saray çevrilişi edən Qabus atasını taxtan endirərək sürgünə göndərir və əl-Səid ailəsinin səkkizinci monarxı kimi taxta əyləşir. Bundan sonra Omanı 50 ərzində şəriksiz idarə edib. Ancaq siyasətdə rəqibi olmasa da, 2014-cü ildə bağırsaq xərçəngi tapılan Qabus beş il davam edən müalicədən sonra bu amansız xəstəliyə məğlub olub. 

Sultan Qabus Omanda çox ciddi layihələrə imza atıb, infrastrukturu yeniləyib, yollar, xəstəxanalar, məktəblər tikib, rabitə sistemini yeniləyib, texnologiya, sənaye, eləcə də, dəniz limanlarını inkişaf etdirib. Onun zamanında Oman riyalı ölkənin milli valyutası elan olunub. 
Oman zəngin neft-qaz ölkəsi hesab olunur.

Ölkənin kəşf olunmuş neft ehtiyatlarının həcmi 5.373 milyard barel, qaz ehtiyatları isə 21.1 trilyon kubmetrdir. Bu isə Omanı dünya neft nəhənglərinin diqqət mərkəzində saxlayır. Ötən il BP Omanda enerji sektoruna 35 milyard dollar sərmayə yatıracağını bəyan edib. Ölkənin 27 milyard dollara yaxın xarici ixracatının 15 milyardını neft və qaz, o cümlədən, LNG təşkil edir. 

4,5 milyon əhalisi olan Omanda yerli vətəndaşlar 2,5 milyon nəfərdir. Yerdə qalan 2,1 milyon insan ölkədə yaşayıb işləyən əcnəbilərdir. Sultan Qabusun ən böyük xidmətlərindən biri də məhz xaricdə yaşayan omanlıları ölkəyə dəvət etməsi və Oman milli kimliyini formalaşdırmaq cəhdi olub. 

Ancaq Oman və sultan Qabusu dünyada daha çox məşhurlaşdıran onun regionda yürütdüyü siyasət olub. Ərazisinə görə Ərəbistan yarımadasının üçüncü böyük ölkəsi olan Oman hərbi və ya iqtisadi gücünə görə deyil, diplomatiya mərkəzi roluna görə nüfuz qazanıb. Bu isə sultan Qabusun tərəfsizlik diplomatiyasının nəticəsi idi. 

Hakimiyyətə gəldikdən az sonra Omanı birləşdirən, eləcə də, Yəmənlə sərhəd problemini (1992-ci ildə) qansız həll edən sultan Qabus uzun sürən hakimiyyəti dönəmində regionda baş verən münaqişə və müharibələrdə tərəfsizliyini qoruyub. Lakin eyni zamanda, Qərb və xüsusən də ABŞ, İngiltərə kimi ölkələrlə isti münasibətlərə malik olub. 

1996-cı ildə ölkədə ilk konstitusiyanı qəbul edən sultan Qabus hökumət postlarında qadınlara yer ayırıb, 21 yaşı tamam olan ölkə vətəndaşlara seçki hüququ verib. 

Sultan Qabus İran-İraq müharibəsində bitərfliyini qoruyub saxlayıb. Həmçinin, 1981-ci ildə Körfəz Əməkdaşlıq Təşkilatının qurucularındna biri olub. Eyni zamanda, İran, Səudiyyə Ərəbistanı, İsrail kimi bir-biri ilə ziddiyyətli və düşmən ölkələrlə isti münasibətlər qurub. 

Bu səbəbdən də Yaxın Şərqdə bir çox əsas siyasi-diplomatik danışıqlar məhz Omanda gerçəkləşib. Ona görə də region mütəxəssisləri Omanın paytaxtını “Yaxın Şərqin Cenevrəsi” adlandırıb. Ən son olaraq İranın gizli nüvə danışıqları, Qətərə qarşı körfəz ölkələrinin embarqoları zamanı gizli danışıqlar məhz Omanda – paytaxt Masqat şəhərində keçirilib. 

Məsələn, 1994-cü ildə İsrailin ozamankı Baş naziri İshaq Rabini Masqata dəvət edən sultan Qabus tarixə İsrail baş nazirini qəbul edən ilk ərəb lider kimi düşdü. Ötən il isə Oman hakimiyyəti İsraili bir Yaxın Şərq ölkəsi kimi tanıdığını bəyan etməklə yenə də öz fərqini ortaya qoydu. Eyni zamanda, Baş nazir Benyamin Netanyahu Omana səfər etdi. 

2011-ci ildə başlayan “ərəb baharı” dalğasında Omana da sıçrayan etirazlar zamanı digər ölkələrdən fərqli olaraq, Oman sultanı etirazları güc yolu ilə yatırsa da, siyasi islahatlara getdi.

Hökuməti yenilədi və əhaliyə yeni iş yerləri sözü verdi. Daha sonra regionda alovlanan müharibələr Omandan yan keçdi və sultanlıq sakit və sabit həyatını davam etdirdi. 2011-ci ildən başlayan və iki il sonra keçici bir anlaşma ilə nəticələnən İranın nüvə danışıqları məhz Omanda aparılıb. 

2017-ci ildə körfəz ölkələri Qətərə qarşı embarqo elan edəndə Oman yenə də neytrallığını saxladı və Qətərlə bağlı gizli barışıq danışıqlarına ev sahibliyi etdi.

Sultan Qabus öldükdən dərhal sonra xələfi müəyyən olunub. Omanın yeni sultanı keçmiş mədəniyyət naziri, mərhum Qabusun 65 yaşlı əmisi oğlu Heysəm bin Tariq əl-Səid olub. Yeni sultan Omanın mövcud siyasi kursunu davam etdirəcəyini, “sülhsevər bir xətt” tutacağını, qonşularla dostluq əlaqələrini davam etdirəcəyini və eyni zamanda, neft sənayesini inkişaf etdirəcəyini vəd edib. 

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 573          Tarix: 14-01-2020, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma