
Rusiyanın "Lukoyl" və "Rosneft" neft şirkətlərinin iştirakı ilə Azərbaycan və Qazaxıstanda həyata keçirilən beynəlxalq layihələr Böyük Britaniyanın sanksiyalarından azad edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Lukoyl" və "Rosneft"i sanksiyalar siyahısına daxil edən Böyük Britaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, "Xəzər Boru Kəməri Konsorsiumu", "TengizChevroil", "Şahdəniz", "Cənubi Qafqaz Qaz Boru Kəməri" (Bakı-Tbilisi-Ərzurum), "Azerbaijan Gas Supply Company" və "Qaraçaqanak" layihələri 2027-ci il oktyabrın 14-dək sanksiyalardan azad olunub.
Böyük Britaniya Rusiyanın "Lukoyl" və "Rosneft" neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az-ın məlumatına görə, bu, Böyük Britaniya hökumətinin saytında dərc olunan sənəddə əksini tapıb.
Məlumata görə, Rusiyanın milli ödəniş kart sistemi, Rusiya ilə əlaqəli 51 gəmi, "Transstroybank", "Primsotsbank" və "BBR Bank" da məhdudiyyətlər siyahısına daxil edilib.
Daha əvvəllər bildirildiyinə görə, Böyük Britaniya 2024-2025-ci illərdə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların effektivliyinin araşdırılması üçün təxminən 756 min funt sterlinq (1 milyon ABŞ dolları və ya 85 milyon rubldan çox) ayırıb.
Qeyd edək ki, sentyabrda Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar paketini genişləndirib. Məhdudiyyətlər Honkonq, Tailand, Hindistan və Türkiyədə yerləşən firmalara, məhz "Jin Tang Technology", "Shenzhen Blue Hat International", "Scorpion's Holding Group" (Çin), "Phaeton Group", "Soguzo", "Tecgr" (Tailand), "Hayers Infotech" (Hindistan) və "Mastel Makina" (Türkiyə) şirkətlərinə də təsir edib.
Paylaş: