Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsinin müəllifləri ABŞ Konqresinin Nümayəndələr Palatasında problemlərlə qarşılaşıblar.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, respublikaçılardan ibarət əksəriyyəti Senat tərəfindən artıq bəyənilmiş sənədi beynəlxalq işlər üzrə komitəyə göndərib.
Əgər Nümayəndələr Palatası qanun layihəsini dəyişdirərərək yeni formada qəbul edərə, o halda sənədi Senatla uyğunlaşdırmaq lazımdır. Anti-Rusiya sanksiyalarının tərəfdarları isə Nümayəndələr Palatasının qərarından öz narazılıqlarını gizlətmirlər.
“Bu prosesi Kremlin məsuliyyətə cəlb edilməsi üzrə Ağ Evin səylərinə mane olacaq”, - Konqres üzvü Eliot Enqel bildirib.
Qanun layihəsində nələr nəzərdə tutulub?
Xatırladaq ki, ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini ötən həftə bəyənib. Qanun layihəsinə senatorların böyük əksəriyyəti - 100 senatordan 98-i səs verib. Sənəd Nümayəndələr Palatasında qəbul edildikdən sonra ABŞ prezidenti tərəfindən imzalanmalı idi.
Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur. Sənədin ayrı bəndində həmçinin “Şimal axını-2” qaz kəməri layihəsinin tikintisinə mane olmaq niyyəti ifadə olunub.
Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.
Rusiyaya qarşı yeni məhdudiyyətlərin əsas təşəbbüskarlarından biri kimi Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qrem çıxış edir. Onun sözlərinə görə, prezident Donald Tramp fərmanı imzalamağa məcburdur, əks halda o “demokratiyanı satacaq”.
“Biz rusları cəzalandıracağıq. Rusiyanı cəzalandırmaq istəməyən istənilən Konqresin üzvü demokratiyanı satacaq. Prezident Rusiyanın cəzalandırılması üçün bu qanun layihəsini imzalamasa, o da demokratiyanı satacaq”, - senator “SBC News” telekanalına müsahibəsində deyib.
Ağ Evin mövqeyi
Amerika KİV-i qeyd edir ki, Ağ Ev qanun layihəsini yumşaltmaq niyyətindədir. ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən “Politico” nəşri yazıb ki, qanun layihəsinin qəbulu Amerika-Rusiya münasibətləri fonunda Ağ Evin əllərini bağlayacaq.
Amma nəşrin həmsöhbəti qeyd edib ki, Ağ Ev bütovlükdə Rusiyaya qarşı sanksiyaları dəstəkləyir və veto imkanı hələ müzakirə edilmir.
Avropa İttifaqı sanksiyalara qarşı çıxır
Avropa İttifaqı Moskva barəsində yeni məhdudiyyətlərə qarşı çıxır. Qanun layihəsini Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel və Avstriyanın kansleri Kristian Kern tənqid ediblər.
Kern və Qabriel vurğulayıb ki, qanun layihəsində söhbət, faktiki olaraq, Amerikanın mayeləşdirilmiş qazının satışı və Rusiyanın təbii yanacağının Avropa bazarından sıxışdırılaraq çıxarılmasından gedir. Berlində və Vyanada hesab edirlər ki, bununla Vaşinqton yalnız özünün neft-qaz sənayesinin inkişafının qayğısına qalır.
Avstriya kansleri və Almaniya Xarici İşlər Nazirliyinin başçısı bildiriblər ki, Avropanın enerji təchizatı, ABŞ-ın deyil, Avropanın öz işidir.
“Enerji resurslarını bizə kim və necə çatdırmasını bazar qaydalarına uyğun olaraq həll edirik”, - birgə bəyanatda bildirilib.
Almaniya kansleri Angela Merkel də yeni sanksiyaları tənqid etdi. Alman hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert qeyd edib ki, Berlinin fikrincə, iqtisadi maraqları və ABŞ-ın sanksiyalarını bir-biri ilə qarışdırmaq olmaz.
Moskvanın reaksiyası
Kremldə də hesab edirlər ki, Avropa İttifaqının qorxuları yersiz deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, sanksiyalar yalnız Rusiyaya deyil, həm də onları dəstəkləyənlərə zərər vuracaq.
“Məsələ ondadır ki, Almaniyada fermerlər və sənaye sahibləri bu sanksiyalarla əlaqədar birbaşa zərər görürlər. Buna görə də narazılığın təzahürü tamamilə aydındır”, - Peskov jurnalistlərə bildirib.
Paylaş: