Xəbər lenti

 Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

 Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib.

 Bundan başqa, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

 Baxış zamanı xidməti it avtobusun sərnişin oturacaqlarından birinə reaksiya verib. Nəticədə, həmin oturacağın sol kənar tərəfində - oturacağın üzlüyünün kəsilərək içərisinə yerləşdirilmiş halda xalis çəkisi 202,306 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.

 Daha sonra, aşkar olunan narkotik vasitənin "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda sərnişin qismində gələn Azərbaycan vətəndaşı Abdullayev Rafayel Əli oğluna məxsus olduğu müəyyən edilib. Həmin şəxs saxlanılaraq sorğu-sual olunduqda, aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

 Hər iki faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 863          Tarix: 22-06-2017, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma