Xəbər lenti
 
 
Məlum olduğu kimi, dekabrın 6-da ABŞ Konqresinin hər iki palatasında sabiq prezident Donald Trampın impiçment məsələsinə ikinci dəfə baxılıb. ABŞ Senatının 50 respublikaçı üzvündən 43-ü, Nümayəndələr Palatasındakı 211 respublikaçı konqresmendən 201-i Trampın ikinci impiçment prosesində onun lehinə səs verib. Beləliklə, impiçment qərarı üçün tələb olunan 2/3 səs çoxluğu alınmayıb.
 
Araşdırmalar nəticəsində məlum olub ki, Senatda impiçment layihəsini dəstəkləyən 7 Respublikaçı senatordan ikisi gələn il istefaya gedəcək. Digər 5 senatordan 4-ü 2020-ci ildə bu vəzifəyə seçilib. Bu isə o deməkdir ki, onlar 2026-cı ilə kimi seçilmə problemi ilə üzləşməyəcəklər. Tramp əleyhdarı senatorlar sadəcə 1-i   gələn il keçiriləcək seçkilərə qatılacaq. Həmin senator isə Alyaskada dərin kökləri ilə tanınmış siyasi ailəyə məxsusdur. Yəni heç kimin dəstəyinə ehtiyac duymadan da rahatlıqla növbəti seçkiləri qazana bilər.
 
Bu faktlar ABŞ-ın seçkili orqanlarının hələ də Donald Trampın təsir dairəsində qaldıqlarını göstərir.
 
Ovqat.com xəbər verir ki, ABŞ-ın Dəməşqdəki keçmiş səfiri, təcrübəli diplomat Robert Ford da bu qənaəti bölüşür.
 
Senat və Konqresdə Tramp əleyhinə impiçment layihəsinin müzakirəsi zamanı ortaya çıxan mənzərəni şərh edən təcrübəli diplomat vəziyyəti sabiq prezidentin cəmiyyətdəki nüfuzu ilə əlaqələndirib. O xatırladıb ki, Donald Tramp, ABŞ tarixində Cozef Baydendən sonra 74 milyon səs toplayan nadir namizədlərdəndir və bu durum Respublikaçı millət vəkillərini növbəti seçkilər dövründə ondan asılı vəziyyətə salır.


 
Sabiq səfirin fikrincə, eks-prezidentin ictimai nüfuzu Respublikaçılar Partiyasının Senat və Konqresdəki müzakirələr zamanı Trampdan yaxa qurtararaq mərkəzçi siyasətə yaxınlaşmaq üçün yaranmış fürsətinin qarşısını alıb. Amma problem bununla bitmir. Hakim Demokratlar Partiyası da Tramp “orbit”inin təsiri altındadır, eks-prezidentin siyasi nüfuzundan ehtiyatlanıb daxili və xarici siyasətini istədiyi kimi müəyyənləşdirə bilmir.
 
“Beləliklə, Baydenin istənilən böyük xarici siyasət təşəbbüslərini təxirə salmasının iki mühüm səbəbi var. Birinci səbəb; ona iqtisadiyyat və immiqrasiya ilə bağlı islahatlarını həyata keçirmək məqsədilə lazımi vəsaiti almaq üçün Konqresdən çıxarılacaq qanunlar lazımdır. Bayden hakimiyyəti üçün isə hazırda xarici siyasət prioritet təşkil etmir və yeni prezident ABŞ Konqresində indiki vəziyyəti Vaşinqtonda fikir ayrılıqlarını artıra biləcək xarici siyasət qərarları üçün uyğun şərait kimi qiymətləndirmir”,-sabiq səfirin analizində belə deyilir.
 
Diplomatın fikrincə, Bayden hakimiyyətinin qarşı-qarşıya qaldığı bu ikiləmin (dilemma) doğurduğu ətalət onun ən qatı tərəfdarlarını da narahat edir: “Baydenin azarkeşləri bundan razı deyillər. Məsələn, xarici siyasətin aparıcı müşahidəçilərindən biri olan Fərid Zəkəriyyənin səbri tükənmiş görünür. O, Baydenin 2015-ci ildə İranla imzalanan nüvə sövdələşməsinin dirçəldilməsinə, Çinlə ticarət müharibəsinin dayandırılmasına və ya Obamanın Kuba ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş siyasətinə qayıda biləcəyinə şübhə ilə yanaşır. Digər bir analitik Harri Kazianis də Baydenin Şimali Koreya ilə nüvə böhranını həll etmək sahəsində uğur qazana biləcəyinə inanmır. O, qeyd edir ki, Baydenin iqtisadi sanksiyalara əsaslanan ənənəvi siyasət yeritmək niyyəti daha əvvəl heç bir nəticə verməyib və Şimali Koreyanın nüvə proqramını dayandıra bilməyib”.
 
Diplomatın fikrincə, Bayden nə qədər ehtiyatlı xarici siyasət kursu tutmağa çalışsa da, bu mövqe Vaşinqtonun Rusiya və Çinlə bağlı həyata keçirməyə çalışdığı ənənəvi strategiyalarına isə mənfi təsir göstərməyəcək. Çünki ənənəvi rəqiblərə qarşı sərt mövqe Vaşinqtonda ciddi əks-reaksiyalar yaratmır:
 
“Bayden ehtiyatlı görünür, lakin onun administrasiyası Avropa və Asiyadakı müttəfiqlərlə məsləhətləşmələr apara, Moskva və Pekinə sərt xəbərdarlıqlar göndərə bilər. Vaşinqtonda siyasi müzakirələrə yol açmadan da bunları etmək mümkündür”. 
 
Yaxın Şərqə gəlincə, Robert Ford, Bayden administrasiyasının Yəməndə davam edən müharibə qarşısında hərbi səyləri dəstəkləməyi dayandıra biləcəyini təxmin edir: “Vaşinqton, Cimmi Karterin dövründən bəri davam edən ənənəvi siyasət olduğunu nəzərə alaraq, Səudiyyə Ərəbistanının təhlükəsizliyinə verdiyi dəstəyi də sürdürə bilər”.
 
Robert Fordun fikrincə, Baydenin böyük xarici siyasi təşəbbüslərdə iştirakdan çəkinməsinin ikinci səbəbi onun komandasının hələ hazır olmamasıdır: “Müdafiə, Xarici İşlər və Xəzinədarlıq nazirlərinin, həmçinin MKİ-yə təyin edilmiş müşavirlər və müavinlərin namizədliyi Senatın təsdiqini gözləyir... Bayden öz kadrlarının Senatda təyin edilməsini tez bir zamanda təsdiqləmək üçün Respublikaçıların səslərinə ehtiyac duyur”.
 
Göründüyü kimi, bu ehtiyac və Respublikaçı senatorların Trampdan asılılığı Cozef Baydenin də ürkək xarici siyasət kursu tutmasını şərtləndirir.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 5 433          Tarix: 17-02-2021, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma