
Xəbər lenti
Dünən, 22:29
Dünən, 20:52
Dünən, 17:10
Dünən, 17:00
Dünən, 14:54
Dünən, 10:10
22-08-2025, 23:30
22-08-2025, 22:39
22-08-2025, 21:15
22-08-2025, 20:35
22-08-2025, 20:00
22-08-2025, 18:20
22-08-2025, 17:10
22-08-2025, 16:44
22-08-2025, 15:27
22-08-2025, 14:30
22-08-2025, 14:00
22-08-2025, 12:05

“Ukrayna bir an öncə NATO-ya üzv olmalıdır. Çünki ölkə təhlükədədir”
Ovqat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Axios” portalında müsahibəsində deyib.
Onun dediyinə görə, Ukraynanın əvvəl-axır NATO-ya üzv olacağından əmindir. Amma bu, nə qədər tez reallaşsa, bir o qədər ümumi işin xeyrinə nəticələnəcək. Çünki prezidentdən fərqli olaraq, Ukrayna əhalisində buna inam get-gedə azalır və “əsl problem də elə bundan qaynaqlanır”.
"Düşünürəm ki, NATO bizi öz sıralarına qəbul etmək istəyirlərsə, bunu dərhal həyata keçirməlidir. Durbinlə uzaq gələcəyə baxıb perspektiv planları müzakirə etməyin mənası yoxdur”, - Ukrayna lideri belə deyib.
Zelenski ABŞ-ın Ukraynanı kiçik hesablar xətrinə Rusiyaya satdığına da eyham vurub. O deyib ki, ABŞ prezidenti Co Baydenin hərəkətləri Vaşinqtonun Ukraynaya dəstəyini şübhə altına alır. Zelenskinin fikrincə, Vaşinqton “Şimal axını-2” layihəsinin inşasını aparan şirkətlərə qarşı sanksiyaların dayandırılması qərarını Kiyevlə məsləhətləşməli və ya heç olmasa onu xəbərdar etməli idi. Amma bunu etmədi.
Qeyd edək ki, Co Bayden hakimiyyətə gəldiyi ilk gündən etibarən “Şimal axını-2” layihəsini dayandırmaq üçün əlindən gələni əsirgəməyib. Üstəlik, layihənin dayandırılması Vaşinqtonun da iqtisadi maraqlarına uyğundur. Çünki Rusiyanın Qərbi Avropaya satacağı təbii qazı özünün LNG qazı ilə əvəz edib ciddi kapital qazana bilər. Fəqət ABŞ-ın bu israrı “Şimal axını-2” layihəsinin ortaqları Almaniya və Fransanın enerji təhlükəsizliyi strategiyasına cavab vermir. Bu strategiyaya əsasən, qaz tədarükçülərinin diversifikasiyası (şaxələnməsi) 1 nömrəli şərtdir. Xüsusilə Berlin qaz tələbatını yalnız 1 qaynaqdan alıb ölkənin taleyini ona buraxmaq istəmir. Özü də bu, ABŞ kimi beynəlxalq hüquq tanımayan dövlətdirsə...
ABŞ isə Qərbi Avropa ölkələrinə alternativ variant kimi özünün və Qətərin LNG qazını təklif edirdi. Qətərin də əslində ABŞ-ın kiçik bir ştatından başqa bir şey olmaması Berlin üçün gizli deyildi və bu təklifi qəbul edə bilməzdi.
Digər tərəfdən, tədarükün şaxələnməsi enerji bazarında rəqabət yaradır və qiymətlərin ucuzlaşmasına gətirib çıxarır.
Ən əsası isə, Almaniya ekoloji təhlükəsizliyini nəzərə alıb kömür, nüvə enerjisi kimi alternativ qaynaqlardan imtina edib. Bu itkiləri kompensasiya etmək üçün ona daha çox qaz mənbələri lazımdır. Rusiyanın təklif etdiyi təbii qaz isə digərlərinə nisbətdə 30% ucuza başa gəlir. Bu mənada Almaniyanın rus qazından imtina etməsi mümkün görünmür.
Məsələnin bir də Ukrayna ilə iqtisadi rəqabət tərəfi var. Kiyev “Şimal axını-2” layihəsinə qarşı çıxarkən özünün rus qazının tranzitindən qazanacağı gəlirləri düşünür və bunu heç gizlətmir də. Ukrayna rəsmiləri dəfələrlə bəyan ediblər ki, “Şimal axını-2” layihəsi Ukraynadan nəql olunan rus qazına alternativ olaraq çəkilir və bu layihə baş tutsa, Kiyev ildə 4-5 milyard dollar itirəcək. Eyni məntiqlə, Almaniya da “Şimal axını-2” layihəsindən imtina edərsə, ən azı o qədər itkini gözə almalıdır. Çünki Ukraynadan aldığı qaza görə Kiyevə tranzit pulu ödəməlidir. Bundan əlavə, Almaniya Rusiyanın digər enerji xətlərindən də qaz alır və “Şimali axını” layihələri ilə tranzit pulu yükündən azad ola bilər. Elədirsə, Berlin niyə bu qədər böyük vəsaitdən Ukraynanın xeyrinə vaz keçməlidir?
Ukrayna və digər Şərqi Avropa dövlətləri Rusiyadan üz döndərib Avropaya inteqrasiya yolunu tutmalarını özlərinn başlıca imtiyaz haqları kimi görürlər. Onların fikrincə, Qərbə inteqrasiya etdikləri üçün mükafatlandırılmalı, ən azı Rusiyanın cəzalandırıcı tədbirlərindən sığortalanmalıdırlar. Əvvəllər Avropa İttifaqı həmin ölkələrin bu gözləntiləri ilə razılaşır və onları həvəsləndirməyə çalışırdı. Lakin sonralar yeni “tərəfdaşların” və “müttəfiqlərin” Rusiya əleyhinə “xırdaçılığa” getməsi və ABŞ-ın da bundan faydalanmağa çalışması Qərbi Avropa dövlətlərini əməlli-başlı boğaza yığdı. Bir müddət əvvəl Almaniyanın Xarici İşlər naziri Hayko Maas Rusiya ilə Aİ arasında ziddiyyətləri dərinləşdirmək istəyən Şərqi Avropa ölkələrini “hiyləgər hayküyçülər” adlandıraraq demişdi: “Rusiya ilə dialoq aparmaq və mehriban qonşuluq münasibətləri saxlamaq lazımdır. Qarşıdurma səs-küyünə qoşulmaq bizə lazım deyil”.
ABŞ da Almaniyanın bu mövqeyi qarşısında iki seçənəklə üz-üzə qalmışdı: ya Şərqi Avropanın “hiyləgər səs-küyçü”lərinə qoşulub Rusiya əleyhinə siyasətini davam etdirməli, ya da Qərbi Avropadakı ənənəvi müttəfiqlərinin mövqeyinə hörmətlə yanaşmalı idi. Nəzərə alsaq ki, ABŞ-ın öz mövqeyində israrı Qərbi Avropanı Rusiya və Çin cizgisinə sürükləyə bilərdi, Vaşinqtonun son anda Uktaynanı meydanda tək buraxmasının əsl səbəbini anlamaq mümkündür.
Yeri gəlmişkən, Ukrayna Qərbi Avropa layihəsi olan Aİ üçün də çətin həzm edilə biləcək böyüklükdədir. Əhalisi 1-2 milyon olan Baltikyanı ölkələri öz tərkibinə alan Avropa İttifaqı bundan narahat deyildi. Çünki İttifaqın qanunvericilik və hökumət orqanlarında təmsilçilik əhalinin sayına görə müəyyənləşdiyindən az saylı ölkələrdən ona zərər gəlməzdi. Ukrayna kimi 46 milyonluq əhali isə sabah Avropa İttifaqında Almaniya və Fransa kimi ölkələr üçün əlavə baş ağrısına çevrilə bilərdi. Odur ki, həmin təhlükəni NATO-nun qanadları altına alıb qorumaq, sonra isə Avropa İttifaqına almaq Qərbi Avropa ölkələrinin ən son arzulayacaqları aqibətdir. Ukrayna ən yaxşı halda ittifaqdan kənarda tərəfdaşlığa iddia edə bilər ki, hazırda elə bu statusu da daşıyır.
Rəsmi Kiyevin səhvinə gəlincə, bütün post-sovet ölkələri kimi o da bütün mənfi və müsbət ehtimalları nəzərə alıb hansısa tərəfə söykənməməyə çalışmalı, xarici siyasətdə balansı qaçırmamalıdır. Çünki hazırda dünyanın yenidən bölüşdürülməsi prosesi gedir və belə vəziyyətlərdə bütün zəif dövlətlər nəhənglərin həqiqi müttəfiqləri yox, “oyun kozırları”dır. Lazım gələndə ən böyük kozırlar belə, ən kiçik kartlara qurban verilir.
Zelenski hökuməti isə hələ də bunun fərqində deyil, kor-koranə Qərbin arxasınca sürünür.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar