"Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ lideri Donald Trampla danışıqları zamanı Ukraynada vəziyyətin Vaşinqtonun təklif etdiyi konsepsiya əsasında tənzimlənməsinə hazır olduğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Ultrahang" "YouTube" kanalına müsahibədə bəyan edib.
"Alyaskada Rusiya Prezidenti Putin dedi ki, Prezident Trampın xüsusi nümayəndəsinin Moskvada təqdim etdiyi və onların Ankoricdə müzakirəsini davam etdirdikləri konsepsiya və çərçivə yanaşması əsasında əməkdaşlıq etməyə hazırdır", - deyə nazir söyləyib.
Rusiya diplomatiyasının rəhbəri qeyd edib ki, Rusiya prezidenti ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoffun gətirdiyi konsepsiyanın hər elementini olduğu kimi təkrarlayıb. "Putin Ankoric danışıqlarında Uitkoffdan (danışıqlarda o da iştirak edirdi) soruşurdu: "Bu doğrudurmu?", "Elədirmi?", "Hər şey təsdiqlənib?" və bu cür davam edirdi", - deyə Lavrov bildirib.
Lavrovun sözlərinə görə, prezident bildirib ki, Moskva onların konsepsiyasını qəbul etməyə və təklif olunan əsasda praktiki baxımdan irəli getməyə hazırdır. Nazir qeyd edib ki, təklifə birbaşa cavab verilməyib. "Tərəflər təklifləri müzakirə etmək üçün fasilə götürməyə razılaşıblar", - deyə Lavrov fikrini yekunlaşdırıb.
Paylaş:




























