Yaxın vaxtlarda Türkiyəyə qarşı bir xaos planının tətbiqı planlaşdırılır.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “Ədalət yürüşü” ilə başlanan proses addım-addım irəliləyir.
Sayt yazır ki, vətənə xəyanətdə ittiham olunaraq 25 il azadlıqdan məhrum edilən Enis Bərbəroğlu üçün keçirilən və iyulun 9-da İstanbulda yekunlaşacaq yürüşün açıq bir təxribat olduğu artıq sübut olunub.
“Eyni vaxtda PKK və İŞİD terror təşkilatları hücumlara başlayıb. PKK-nın ölkənin şərqi və cənub-şərqində əvvəl Ədalət və İnkişaf Partiyasından (AKP) olan siyasətçiləri qətlə yetirməsi, daha sonra yol inşaatında çalışan işçilərə hücum edərək onları öldürməsi bölgəni yenidən qarışdırmaq istəyənlərin düyməni basdığını göstərir”, - yazıda qeyd edilib.
Bundan başqa, xüsusilə böyük şəhərlərdə suriyalı qaçqınlara hücumların təşkili üçün təxribat xarakterli informasiyalar dövriyyəyə buraxılır.
“Daxildə üçtərəfli bir oyun qurulduğu vaxtda, Yunanıstan da oyuna daxil edilib. Türkiyə bayrağı altında üzən yük gəmisi Yunanıstan Sahil Təhlükəsizlik Xidmətinə aid gəmilər tərəfindən atəşə tutuldu. İstanbulda başa çatacaq yürüşü İngiltərənin BBC kanalı kütləvi hərəkat kimi göstərməyə çalışır. 2013-ci ildə Gəzi Parkı hadisələri zamanı hadisə yerindən birbaşa efirə qoşulan Mark Loven da “Ədalət yürüşü”nə qatılıb”, - sayt yazıb.
İngilis müxbirə danışan CHP-nin İzmirdən olan millət vəkili Selin Sayek Böke isə yürüşün Gəzi Parkı hadisələrinin davamı olduğunu söyləyib.
Paylaş: