Xəbər lenti

Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bu gün 92 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.
Yunanıstanın hazırkı prezidenti Katerina Sakellaropoulou onun vəfatı ilə əlaqədar başsağlığı verib. Prezidentin mətbuat xidmətinin yaydığı baş sağlığında aşagıdakılar qeyd olunub:

"Epir bölgəsindən olan vətənpərvər və siyasətçi Karolos Papulyası son dəfə həyəcan və kədərlə salamlayırıq. Onun milli Müqavimətdə və diktaturaya qarşı mübarizədə iştirakı taleyində həlledici rol oynadı, bütün karyerası boyu ardıcıl olaraq müdafiə etdiyi azadlıq və ədalət ideallarına sarsılmaz sadiqliyini əks etdirdi”.

Dövlət başçısı vurğulayıb ki, Karolos Papulyas beynəlxalq siyasət üzrə dərin ekspert kimi tanınıb:

"O, Xarici İşlər Nazirliyində işlədiyi müddətdə Yunanıstana xüsusi çəki verməyə və ölkənin regionumuzda sabitlik amili kimi rolunu gücləndirməyə kömək edib”.

Qeyd edək ki, Yunanıstanın tanınmış siyasətçisi olan Papulyas 2005-2015-ci illərdə ölkə prezidenti, Ümumyünan Sosialist Hərəkatı Partiyasının görkəmli nümayəndəsi, xarici işlər naziri (1985-1989 və 1993-1996) olub. O, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub. İkinci Dünya Müharibəsi illərində yeniyetmə ikən müqavimət hərəkatında iştirak edib.

Papulyas ixtisasca hüquqşünas olub. Afina Universitetinin hüquq fakültəsini bitirdikdən sonra təhsilini Milan Universitetinin aspiranturasında davam etdirib, beynəlxalq özəl hüquq üzrə ixtisaslaşıb və Köln Universitetində doktorluq dissertasiyası müdafiə edib. 1963-1981-ci illərdə vəkillik fəaliyyəti ilə məşğul olub.

Papulyas həm də Yunanıstanda faşistpərəst "qara polkovniklər” xuntasına qarşı mübarizənin (1967-1974) fəal iştirakçısı idi.



Ana səhifəyə qayıt        Baxış: 1 992          Tarix: 26-12-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma