Xəbər lenti

 
Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 
 
Ovqat.com-un məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bunu bildirib.
 
O deyib ki, Təhlükəsizlik Şurasının genişləndirilmiş iclası yaxın bir neçə dəqiqə ərzində başlayacaq. İclasda Putinin Təhlükəsizlik Şurasının üzvləri qarşısında çıxışı gözlənilir. Amma Peskov toplantının əsas mövzusu ilə bağlı sualı cavablandırmayıb. Peskov həmçinin əlavə edib ki, Kreml Ukraynanın cənub-şərqində gərginliyin azalması əlamətlərini görmür, bu da Rusiyada dərin narahatlığa yol açır: “Vəziyyət həqiqətən son dərəcə gərgindir və hələlik biz gərginlik səviyyəsində azalma əlamətləri görmürük. Təxribatlar, mərmi atışları daha da intensivləşir, təbii ki, bu, çox dərin narahatlıq yaradır”.
 
Putinin sözçüsü DXR və LXR hakimiyyətlərinin vəziyyətin gərginləşməsi ilə bağlı yardım istəyəcəyi təqdirdə Rusiya Silahlı Qüvvələrinin buna müsbət cavab verib-verməyəcəyi ilə bağlı sualı şərh etməkdən imtina edib.
 
Rusiya Təhlükəsizlik Şurası kimi, Aİ-nin Xarici İşlər nazirləri də bu gün toplanıblar. Onlar toplantıda Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ittifaq ölkələrinin hansı mövqe tutacağını masaya yatırıblar. Nazirlərin konkret hansı qərara gəldikləri bilinməsə də, toplantıdan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen səsləndirdiyi bəzi fikirlərlə Rusiyanın Ukraynaya təcavüzü qarşısında Qərbin yürüdəcəyi siyasətə kifayət qədər aydınlıq gətirir və yəqin ki, toplantıda da məhz bu məsələ müzakirə edilib.


 
Bəs, Avropa İttifaqı Rusiyanın Ukraynaya təcavüzünə necə reaksiya verə bilər?
 
Ursula fon der Leyen deyib ki, Rusiya Ukraynanı işğal edərsə beynəlxalq maliyyə bazarları ilə əlaqəsi kəsiləcək və Qərbin əsas ixracatına çıxışdan məhrum olacaq. 
 
O əlavə edib ki, vəziyyət gərginləşərsə, Rusiyanın ixracına da sanksiyalar tətbiq olunacaq: “Onun istehsal etdiyimiz və qlobal səviyyədə üstünlük təşkil etdiyimiz bütün malların Rusiya iqtisadiyyatını modernləşdirməsi və diversifikasiyası üçün təcili lazımdır və buna görə də Rusiyanın bizim məhsullarımızı əvəz etmək şansı yoxdur”
 
Von der Leyen həmçinin qeyd edib ki, Avropa İttifaqı rus təcavüzü baş verərsə, bu ölkənin zəif nöqtəsinə zərbələr endirəcək və bu zəif nöqtə onun “karbohidrogen ixracından asılılığı”dır. 
 
“Karbohidrogenlər Rusiya ixracının üçdə ikisini təşkil edir ki, bu da ölkə büdcəsinin yarısının mənbəyidir”, - deyən Von der Leyen qeyd edib ki, Rusiya iqtisadiyyatının bu sektorlarını modernləşdirməyə ehtiyac duyur və “əlavə sanksiyalar tətbiq olunarsa, bu, mümkün olmayacaq”.
 
Siyasətçi eyni zamanda vurğulayıb ki, bu sanksiyalar “işğal baş verməyənədək” tətbiq olunmayacaq. Onun fikrincə, “sanksiyalara keçid genişmiqyaslı və ciddi olduğundan” Rusiyaya “diplomatiyaya və danışıqlar masasına qayıtmaq şansı” vermək lazımdır.
 
"Bu pəncərə hələ də açıqdır", - deyə Avropa Komissiyasının rəhbəri vurğulayıb. 
 
Görünür, Putinin sədrliyi ilə keçirilən Rusiya Təhlükəsizlik Şurasının genişləndirilmiş toplantısında Ukraynaya hücum planının doğuracağı mənfi nəticələr və bu nəticələrin ölkəyə vuracağı zərər müzakirə olunur.


Ana səhifəyə qayıt        Baxış: 4 844          Tarix: 21-02-2022, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma