ABŞ Prezidenti Co Baydenin İsrailə səfər çərçivəsində 14 iyulda I2U2 (İsrail-Hindistan-BƏƏ-ABŞ) formatı liderlərinin onlayn görüşünün keçiriləcəyi gözlənilir.
Formatdakı ölkələrin hər birinin fərqli motivasiyasının olduğu bəllidir. Hindistan İsrail və BƏƏ vasitəsilə Yaxın Şərq və Ərəb dünyasındakı dayaqlarını möhkəmləndirməyə çalışır. ABŞ isə Yaxın Şərqdəki iki müttəfiqi vasitəsilə Hindistanı Çinə qarşı mübarizədə öz tərəfində saxlamağa çalışır. Bu mənada ötən ilin oktyabrında ortaya çıxan I2U2 formatı “Qərbi Asiya Quad-ı” kimi də adlandırılır.
Maraqlıdır ki, Hindistanın bir müddətdir Ərəb-Aralıq Dəhlizi (AMC) kimi adlandırılan yeni yol təşəbbüsü üzərində çalışdığı deyilir. Bu xətt Hindistandan çıxan yüklərin dəniz yoluyla BƏƏ-yə çatması, buradan quru yolla İsrailə (Səudiyyə-İordaniya vasitəsilə) keçərək Şərqi Aralıq sahillərinə çıxması, buradan da Yunanıstan üzərindən Avropa bazarlarına çıxarılmasını nəzərdə tutur. ABŞ-ın da yeni Hindistan-Yunanıstan xəttində xeyli maraqlı olduğu məlumdur.
Son dövrlərdə Vaşinqtonun Yaxın Şərqdə İsrail və Ərəb dövlətlərinin barışması prosesində yaxından iştirak etməsini və Yunanıstanda amerikan hərbi mövcudluğunun kəskin şəkildə artmasını həm də bu yeni AMC xətti ilə əlaqələndirmək mümkündürmü? Məncə, mümkündür. Yaxın Şərqdəki normallaşma prosesinin son həlqəsi olan Səudiyyə-İsrail normallaşması rəsmiləşəndən sonra “Hindistan-Yunanıstan” xəttindəki siyasi problemlər faktiki olaraq həll edilmiş olacaq.
ABŞ bu layihə vasitəsilə bir neçə məqsədə nail ola bilər: İsrailin Yaxın Şərq geosiyasətinə inteqrasiyasını sürətləndirmək, Yunanıstandakı hərbi mövcudluğu vasitəsilə Hindistan-Avropa ticarətinə nəzarət etmək, Hindistanın Avropaya yeni çıxış xəttini dəstəkləyərək Yeni Dehlini öz tərəfinə çəkmək, Çin-Avropa ticarətinə güclü rəqib yaratmaq və s.
Şərqə Baxış Analitik Mərkəz
Paylaş: