Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artırılması onun Ukraynaya qarşı müharibədə gücünü artırmayacaq.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın ordusunun şəxsi heyətinin sayının artırılmasını daha çox “müqaviləli” könüllü əsgərlərin cəlb edilməsi, yoxsa illik hərbi çağırış hədəflərinin artırılması yolu ilə həyata keçirməyə çalışacağı bəlli deyil.
Bildirilib ki, fərmanın Rusiyanın Ukraynada döyüş gücünün artırılması istiqamətində ciddi irəliləyiş gətirməsi ehtimalı azdır: “Bunun səbəbi, Rusiyanın on minlərlə hərbi qulluqçusunu itirməsi, çox az sayda yeni müqaviləli əsgərlərin işə götürülməsi və çağırışçıların Rusiyadan kənarda xidmət etməsi üçün texniki tələblərin olmamasıdır”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayının artırılması haqqında fərman imzalayıb. Sənədə əsasən, Rusiya ordusunun şəxsi heyətinin sayı 137 min nəfər artırılaraq, 2 milyon 39 min 758 nəfərə çatdırılacaq.
Bundan əvvəl, 2017-ci ildə imzalanmış fərmanda ordunun şəxsi heyətinin sayı 1 milyon 902 min 758 əsgər və zabit müəyyən edilmişdi.
Paylaş: