Dünyada tarixi qəhrəmanları olmayan xalq yoxdur. Hamısının varıdır - bəzilərində tarixi şəxsiyyətlər, hökmdarlar, sərkərdələrdir, bəzilərində isə - sadəcə, mifik, uydurulmuş obrazlar.
Ermənilərin tarixi qəhrəmanları mifik obrazlardır. Bizim Cavanşir, Babək kimi gerçək sərkərdələrimiz, Şah İsmayıl Xətai, Nadir şah Əfşar kimi fateh hökmdarlarımız var, onlarda belələri yoxdur, əllərində olan Sanasar, Bağdasar, Sasunlu David və Kiçik Mğerdir. Sasunlu David isə bizim Koroğlunun identikidir, o da öz "dəliləri" ilə məşhurdur.
Ancaq ermənilər 1988-2020-ci illər arasında özlərinə yeni "qəhrəmanlar vinyetkası" düzəltmişdilər və onları ötən əsrin 20-ci illərinin əvvəlində Türkiyənin və Azərbaycanın siyasi və hərbi xadimlərinə qarşı silsiləvi terror aktları həyata keçirmiş qatillərin sırasına əlavə etmişdilər.
Düşmənlərimizin ən çox öydüyü qəhrəman Monte Melkonyan idi. Hansı döyüşçümüzün əlində öldüyü dəqiq bilinməyən bu şəxs öz terrorçu keçmişi ilə tanınırdı, aqibəti axırda əməllərinə layiq oldu.
Xocalıda günahsız insanlara qarşı qətliam törətmiş, hərbi cinayətə qol qoymuş erməni zabitlər milli qəhrəman səviyyəsinə qaldırılmışdılar. Onların ən öndə gedəni Vazgen Sarkisyan idi, əvvəlcə müdafiə naziri, sonra baş nazir olmuşdu, parlamentdə öz soydaşları tərəfindən güllələnib öldürüldü. Onun Şuşada qoyulmuş heykəlinin ömrü də uzun olmadı-Şuşa düşmənin əlindən alınan kimi o heykəlfə daş, beton qırığına çevrildi.
44 günlük müharibədən əvvəl ermənilərin başqa müasir mifləri də vardı: "Regionun ən güclü ordusu"; "igid erməni zinvorlar", "tarix yazan əsgərlər", "böyük Ermənistan quracaq oğullar", "Sasunli Davidin ardıcılları" və sair və ilaxır.
Rayonlarımızın işğal günlərinin hər ildönümündə ermənilər meydanlara toplaşır, misli-bərabəri olmayan qürrə ilə öz əsgərlərinin qəhrəmanlığından, "fatehliyindən" ağız dolusu, pafosla danışır, arada bizim ünvanımıza da hədə biçir, "lazım gəlsə, Gəncəni, Bakını götürərik" deyir, yerə-göyə sığmırdılar.
Xankəndidə, Şuşada, Hadrutda keçirilən tənrənəli tədbirlərdə yeni-yeni miflər doğulurdu və ermənilər kütləvi şəkildə öz əsgərlərinin mifik gücünə, döyüşkənliyinə inanırdılar.
Əslində 2016-cı ilin aprelində Lələtəpə və Talış istiqamətində gedən döyüşlərdə "müasir erməni mifi"nin bir hissəsi dağılmış olmalıydı. Həmin vaxt Sünikdən avtobusa doluşub Suqovuşan nahiyəsinə gəlmiş keçmiş erməni döyüşçüləri avtobusdan düşməyə macal tapmamışdılar, onların mindiyi avtobus dronla vurulmuşdu, çoxu ölmüşdü, sağ qalanlar isə şikəst olmuşdu.
Bax, o zaman ermənilər anlamalıydılar ki, bu dəfə qarşılarındakı gecəyarısı tank-topla üstlərinə getdikləri dinc və əliyalın Xocalı camaatı deyil.
Ancaq beyinlərinə mifik obrazlar, mifik qələbələr haqda dastanlar yeridilmiş sadə ermənilər reallığı anlayacaq gücdə deyildilər. Onların başbilənləri isə mifik qüvvələrdənsə real himyədarlara bel bağlayırdılar və 6 il öncə Azərbaycan ordusunun 4 günlük reydindən Moskvanın, Kremlin hamiliyi ilə can qurtardılar.
İllər keçdi, ay dolandı, 2020-ci ilin 27 sentyabrı oldu və səfərbər olmaq lazım gəldi. Lazım gəlincə, olanlar oldu.
Həmin günü erməni miflərinin tamam dağıldığı gün də saymaq olar. İlk həmlədən yarılan cəbhə sağa-sola genişləndikcə "qəhrəman zinvor"ların gücü qaçmağa, əl qaldırıb təslim olmağa, fərarilik etməyə çatdı.
Rusiyanın müharibəni tezliklə, bir neçə günə dayandıracağını düşünən və topdağıtmaz bunkerlərə sığınaraq müqavimət göstərənlər də axırda ağ bayraq qaldırası oldular.
Bəzi strateji yaşayış məntəqələrini əldən verməmək üçün döyüşə atılanların, əldən verdikləri qəsəbələri yenidən qaytarmaq istəyənlərin aqibəti acınacaqlı oldu, onlar dağ-dərədəki kol-kosların dibində, çay məcralarında, uçuq-sökük tikililərin daldalarında cansız düşüb qaldılar. Bir-iki həftənin içində döyüşdən qaçaraq fərarilik edənlərin sayı müqavimət göstərənlərlə bərabərləşdi.
Vaxtilə mülki əhalimizi qırmaqda ad çıxarmış, özlərinə "fidain", "azatmarik" kimi adlar qoymuş hərbçilərin ölüm xəbərləri ard-arda gəlirdi. Heç demə, onlar yalnız əliyalın əhaliylə döyüşə bilirmişlər, qarşılarındakında silah olanda ya ölür, ya da təslim olurlar.
Beləcə, 44 günün içində "qəhrəman zinvorlar" mifi ilə yanaşı, "regionun ən güclü ordusu" mifi də dağıldı. Əslində bu mif daha tez dağıla bilərdi. Həm savaşın ilk günlərində ölkəmizdəki, hərbi sferadakı 5-ci kolonun növbəti xəyanəti ordumuzun vaxt itirməsinə səbəb oldu, həm də fransız istehkamçıların təmas xəttində tikdikləri beşqat müdafiə səddi əsgərimizin yürüşünü bir az ləngitdi.
44 günlük savaşda "güclü erməni diplomatiyası"na dair illərlə yaradılmış mif də dağıldı. Ortaya çıxdı ki, ermənilərin qüdrətli paytaxtların siyasi dairələrinə ardı-arası kəsilmədən zəng edərək, "bizi qırırlar" deməkdən başqa bir diplomatik çabaları yoxdur. İllərlə münaqişə tərəflərini qarşılıqlı güzəştlərə, sülh danışıqlarına səsləyən qüdrətli dövlətlərə yekə-yekə "biz o torpaqları qanla almışıq, elə-belə verə bilmərik" deyən ermənilər qan görüncə çox qorxmuşdular və öz himayədarlarına açıq mətnlə yalvarırdılar.
Amma heç kəs, heç bir qüvvə gərilmiş yaydan çıxmış oxu havada tutub saxlaya bilmədi və o ox üçrəngli bayrağımızı aparıb Şuşaya sancdı.
Bu gün biz düşmənin mifini və tifağını dağıdan öz qəhrəman əsgərlərimizin - şəhid və qazilərimizin qarşısında minnətdarıq. Onları mifləşdirməyə, barələrin uydurma dastanlar bağlamağa ehtiyac yoxdur. Hamısı gerçək qəhrəmandır - baş komandandan tutmuş ta naməlum əsgərə qədər.
Yeni Müsavat
Paylaş: