Ramazan SİRACOĞLU
Azərbaycanın tarixi şəxsiyyəti və qəhrəmanı Babək haqqında söz-söhbətlər bu günlərdə xüsusi vüsət almış, kütləvi informasiya vasitələrinin yardımı ilə təkrar gündəmə gətirilmişdir. 1200 ildən artıq bir zaman içərisində Babək haqqında yazılması, bəhs edilməsi, qızğın müzakirələrin aparılması, əyani şəkildə onun parlaq şəxsiyyət olmasının göstəricisidir. Onu bizim qəhrəmanımız kimi görənlər də var, islami dəyərlərin düşməni olaraq qəbul edənlər də. Bəziləri isə, Babəkin, ümumiyyətlə, bizə aid olmadığı inancındadırlar. Bu yazıda iliklərinə qədər müsəlman bir azərbaycanlı və Azərbaycan türkü olaraq Babək haqqında fikirlərimi və mövqeyimi bildirmək istəyirəm. Abbasilər xilafətini əsl mənada sarsıtmış Babək və tərəfdarları haqqında çox sayda kitab və məqalələr yazılmış, onun haqqında fərqli fikirlər bildirilmişdir. “Babək” adının anlamı haqqında müxtəlif ehtimallar irəli sürülür. Məsələn, Əsədinin “Lüğətnamə” əsərində “Babək” sözü bu şəkildə açıqlanmışdır:
بابك - (اسم) [پهلوی: pāpak، مصغرِ باب] [قدیمی] ۱. عنوان احترام آمیز و مهربانانۀ فرزند به پدر؛ پدرجان. ۲. (صفت) پرورشدهنده؛ تربیتکننده. ۳. (صفت) امین؛ استوار؛ درستکار
(Babək- isim, pəhləvicədə -papak- “baba” sözünün qədim kiçiltmə şəkli. 1. Övladın öz atasına sayqı və nəvazişlə verdiyi ad. 2. ( sifət ) Yetişdirən, bəsləyən. 3. (sifət) Əmin; möhkəm; doğrucul (
Qeyd edək ki, fars dilində sözdüzəldici şəkilçilərdən biri olan – ك - k - əlavə olunduğu sözlərdə kiçiltmə mənası ifadə edir, Məsələn:
– دخترك doxtər+ək ( qızcığaz), پسرك pesər+ək ( balaca oğlan), طفلكtefl+ ək körpəcik ), مردكmərd+ək ( kişicik ) vs. Qısa saitlər isə, məlum olduğu kimi, farscada yazılmır.
Babək Azərbaycanın Ərdəbil şəhərinin Bilalabad kəndində dünyaya gəlib. Çox erkən yaşlarında atasını itirib. “Dairətu’l muarif”əsərinin - “Babək Xürrəmidin” maddəsində- yazıldığına görə, anası Azərbaycanlı olduğu üçün farsça bilmədiyinə görə, Babək də cavanlıq illərində farsça yaxşı danışa bilmirmiş:
بابک در جوانی زبان اعجمی را خوب تکلم نمیکرد؛ بنابراین احتمالاً زبان مادری او آذری یعنی همان زبان باستانی آذربایجان بودهاست . علی بهرامیان – دائرة المعارف: بزرگ اسلامی/ بابك خرمیدن.
Babəkin türk şəhəri Ərdəbildən olması və türk dilində danışması dəqiq faktdır:
بابک به زبان باستان آذربایجان سخن میگفته است – Babək be zəban-e bastan-e Azərbaycan soxən miqofte əst- Babək qədim Azərbaycan dilində danışırdı.
Ola bilər ki, anası ona “yavrum, balam, bəbəyim” dediyindən, adına böyüdükdə də Bəbək- Babak- Babək söyləmişlər. “Baba” və “bəbək” sözlərinin isə türkcə olduğu hamıya bəllidir və bu gün də farslar bu sözləri sevə- sevə işlədirlər. Babək sözünün “Bay bək- Böyük bəy” sözündən yarandığını ehtimal edənlər də var.
Ərəb tarixçisi Məsudi isə Babəkin əsl adının “Həsən” olduğunu iddia etmişdir.
Məşhur ingilis ərəbşünası Klifford Edmund Bosfort ( Clifford Edmund Bosworth - 1928 - 2015 ) Babəkin rəhbərliyi ilə baş vermiş hərəkatın səbəblərinin qaynaqlarını dini və ictimai- siyasi zəmində görmüşdür ( Bax: Bosworth , Azerbaıjan iv. Islamic history to 1941, ss. 224-231 ).
Qurani- kərimdə ALLAH belə buyurmuşdur: إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ – İnnə-l-lahə yuhibbu-l- muksitin— “ALLAH, gerçəkdən də ədalətliləri sevir” /Mumtəhinə surəsi, 8-ci ayə ). Ədalət hissini əksər hallarda “unudub” Babək haqqında qərəzkar mövqe tutan ərəb tarixçilərinin və sifarişlə “tarix” yazıb Babəkə, xüsusən də onun anasına “təkgöz pozğun” deyə iyrənc böhtan atanların, Babəki əyyaş, xürrəmiləri “heyvan sürüsü” adlandıran müftərilərin qarayaxmalarına baxmayaraq, o nəslən mübariz və mücadiləçi bir şəcərəyə, soy kökünə mənsub şəxsiyyətdir. Xatırladaq ki, əməvilərin iqtidardan uzaqlaşdırılmasında və Abbasi xanədanlığının hakimiyyətə gətirilməsində çox önəmli və danılmaz xidmətləri olmuş məşhur Əbu Müslim Xorasani, tarixçilərin yazdığına görə, Babəkin babasıdır. Tarixdən məlumdur ki, 747-ci ilin iyun ayının 15-də onun rəhbərliyi ilə Əməvi iqtidarına qarşı başlayan möhtəşəm “qara paltarlılar” hərəkatı ( əməvilərə qarşı qara paltarda vuruşduqlarına görə, ərəb tarixçiləri onları اصحاب المسودة əshabu’l musvəddəti, farslar isə, جنبش سیاه جامگان conbəş-ə siyah caməgan- adlandırırdılar) II Mərvanın məğlubiyyəti, 750-ci ildə öldürülməsi və ilk Abbasi xəlifəsi Əssaffahın iqtidara gəlməsi ilə ilə sonuclanmışdı ( Bax: The revolt triumphed when the last Umayyad caliph, Marwān II, was defeated and killed (750) and as-Saffāḥ became the first ʿAbbāsid caliph / Encyclopedia Britannica, Abu Muslim ) Bəzi mənbələrdə Əbu Müslim Xorasani “məvali” kimi göstərilmişdir ( ərəblər başqa millətdən olub xəlifətə xidmət edənləri “məvali” adlandırırdılar).
İqtidarı möhkəmlənən Abbasi xanədanlığı Əbu Müslim Xorasaninin camaat arasında artan nüfuzundan ciddi şəkildə narahat olmağa başlamış, 754-cü ildə xəlifə vəzifəsinə yüksələn Mənsur isə 15 fevral 755-ci ildə onu saxta ittihamlarla suçlayaraq xaincəsinə edam etdirmişdi. Az sonra bütün xilafətdə uzun sürən ayaqlanmalar, qiyamlar və üsyanlar başlamışdı.
Belə hərəkatlardan biri və ən geniş miqyaslısı Şəhrək oğlu Cavidanın hicri qəməri tarixlə 192- ci ildən 201-ci ilədək rəhbərlik etdiyi ( miladi 808 -816-cı illər ) “xürrəmilər” hərəkatı olmuşdur. Xürrəmilər inanırdılar ki, onların mənəvi lideri Əbu Müslim Xorasani ölməmişdir, bəlli bir zaman üçün qeybə çəkilmişdir və ədalətin bərpası üçün, haqqı çeynənənlərin, iffəti tapdananların, namusu ləkələndirilənlərin hesabını soruşmaqdan ötrü, cəzasız qalacaqlarını düşünüb məzlumlara qan udduranlardan milyonların qisasını almaq naminə mütləq qayıdacaqdır. O səssiz-səmirsiz yox ola bilməz. Əbu Müslim gələnədək onun mənəvi varisləri hərəkətə keçməlidirlər. Xürrəmilər ərəblərə qarşı qırmızı rəngli paltarda vuruşduqlarından ərəb tarixçiləri onlara - المُحمَّرة - “əlmuhəmmərə”; fars tarixçiləri isə “ سرخ جامگان “ -“sorx caməgan”- yəni, “qırmızı paltarlılar” adı da vermişlər.
Ərəb məxəzlərində “xürrəm” sözünün etimoloji mənşəyi haqqında fərqli fikirlər təsbit olunmuşdur. Bəziləri “xürrəm”in fars dilində “əyləncə, şadlıq” mənası ifadə etdiyini, digərləri “xürrəm” kəlməsinin Məzdəkin arvadının adından yarandığını düşünürlər; bir başqaları isə həmin sözün pəhləvicədə “od, alov, atəş” mənası bildirdiyini irəli sürmüşlər. Bizim diqqətimizi çəkən isə başqa bir variantdır:
اسم خرّم وهي قرية قرب أردبيل في إقليم أذربيجان (Bax: الخرمية طلائع الانقسام الإسلامي. هيثم سعد)
(Xürrəm, Azərbaycan vilayətinin Ərdəbil şəhəri yaxınlığındakı bir kənd ismidir.)
Bildiyimiz kimi, Cavidanın həlakından sonra xürrəmilər hərəkatına Babək başçılıq etmişdir. Bəzi qaynaqlarda xürrəmilər hərəkatı 816-cı ildən sonra tamamilə fərqli məcraya yönəlmiş olduğundan ona “babəkiyyə” - البابكیة - də deyilir. Ərəb tarixçilərinin yazdıqlarına görə, Babək xürrəmilərin rəhbəri olduqdan sonra onları Şərvin adlı bir müqəddəs varlığın mövcudluğuna inandırmış və iddia etmişdir ki, “Şərvin bütün peyğəmbərlərdən üstündür”:
“شروين هذا أفضل من كل الأنبياء – Şərvin həzə əfdəlu min kulli ənbiya”. Bizim fiktimizcə, Şərvin sözü Ənuşirəvan sözünün qısaldılmış şəklidir, lüğəti mənası isə “hamının xoşladığı, sevdiyi” və ya “məbud, səcdə edilən” deməkdir. Yeri gəlmişkən, “Şirvan” toponiminin də açması belədir.
Yaqut Həməvi “Mucəmu’l bildan” əsərində qeyd edir ki, Babək Xürrəmi Bəzz şəhərində zühur etmişdi: بابك الخرمي الذى ظهر فِي مدينة البذ
İndi mövcud olmayan, ancaq qalası qalan Bəzz şəhəri Azərbaycanın indiki Kəleybər qəsəbəsinə yaxın bir yerdə yüksəkliklərlə və Araz çayı ilə əhatəli bir məkanmış. Təbərinin sözlərinə görə, Bəzz Babəkin ölkəsidir.
Sarayın sifarişi ilə yazan ərəb tarixçilərinin təqdimatında Babək və xürrəmilər haqqında ən ağlasığmaz ittihamlar irəli sürülmüş, Babəki ən iyrənc şəkildə göstərməyə çalışılmış, ictimai fikirdə xürrəmilərin mənfur obrazını yaratmağa səy göstərilmişdir. Bu işdə Muhəmməd bin İshaq Nədim, Əhməd bin Yəhya Bəlazuri, Əbu Cəfər Muhəmməd bin Cərir Təbəri, İbn Qətibə, İbn əl Əsir və Xacə Nizmül Mülk Tusi xüsusi fəallıq göstərmişlər. Muzdlu şairlər də Babək və onun tərəfdarları haqqında söyüş və istehza dolu şeirlər yazmaqda tarixçilərdən geri qalmamışlar. Məsələn, Əbdü’l Məlik Zəyyat adlı biri Babək Samərra şəhərinə gətirilərkən onu ələ salan şeir yazıb müqabilində beş-on manat pul da almışdı.
Babək başda olmaqla onun ailəsinə, övladlarına, tərəfdarlarına, öz ərazilərini müdafiə edənlərə divan tutanlar, xürrəmilərə qarşı aşırı dərəcədə zalım və qəddar davrananlar nədənsə ALLAHın əmrini “unutmuşdular”:
لاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبِّ الْمُعْتَدِينَ – Lə tətədu, innə-l lahə lə yuhibbu’l-mutədin- Həddinizi aşmayın, gerçəkdən də, ALLAH, həddini aşanları sevmir. ( Bəqərə surəsi, 190-cı ayə)
Babək və tərəfdarları fəaliyyətdə olduqları 22 il ərzində dəfələrlə xəlifə Məmunun və Mötəsimin qoşunlarını məğlub edə bilmişdilər. IX əsrin ortalarından başlayaraq Abbasilər Bizans torpaqlarına da hücumlar təşkil edtməyə başlamışdılar. Bu hal Bizans imperatoru Teofilosun dövründə ( 829-842-ci illər ) xüsusilə artmışdı. Onlar 831-ci ildə Sicilyanın mərkəzi Palermoyu işğal etmiş, 833-cü ildə isə xəlifə Məmunun ordusu Kapadokiya döyüşündə Bizans ordusunu məğlubiyyətə uğradıb 7 min yunanı da əsir almışdı. Teofilos 100 min qızıl pul qarşılığında əsirləri azad olunmasına çalışsa da xəlifəni razı sala bilməyəndə əlacsızlıqdan yardım üçün Babəkə müraciət etmişdi. (Babəkin arvadlarından biri rum patrikinin qızı idi.) Məmun müəmmalı şəkildə xəstələnib ölmüş və yerinə xəlifə olan Mötəsimlə Bizans imperatoru Teofilos sülh müqavilə imzalamışdılar. Əl-qolu açılan Mötəsim xürrəmilərə qarşı təzyiqi artırmışdı. Babək Abbasilərin onlara olan təzyiqinin azalması üçün Bizans imperatoruna məktubla müraciət etsə də Bizans impratoru cavab verməyi lazım bilməmişdi. Bunu da qeyd edək ki, imperator Teofilos 1830-cu ildə Bizans donanmasının erməni əsilli admiralının qızı Teodora ilə evlənmişdi.
Mötəsimin qulam ordusunda qulluq edən türk əsilli Afşin Heydər ibn Kavusun komandanlığı ilə xəlifə ordusu xürrəmilərə qarşı şiddətli hücuma başlayanda Bizans imperatoru Babəkə hərbi yardım göstərmədi. 837-ci ilin 26 avqustunda xüsusi təlim görmüş çoxsaylı yaşıl bayraqlı nizami xəlifə ordusu qırmızı bayraqlarla bəzədilmiş Bəzz qalasında müdafiə mövqeyində olan qırmızı geyimli xürrəmilərə hücum etdi. Babək və tərəfdarları son nəfəslərinədək döyüşdülər. Orta Asiyalı (Usruşanalı ) uyğur əsilli Afşin Heydər ibn Kavus Azərbyacanın türk əsilli qəhrəman oğlu Babək Xürrəmidini ( Xürrəmini ) məğlub etdi.
Afşin Heydər ibn Kavusun şəninə İbrahim Musuli, Əbu Təmmam, Buhturi kimi məddahlar mədhiyyələr də yazdı. Babək haqqında çirkin sözlər, böhtanlar yazan xilafət tarixçiləri onun qürurla söylədiyi sözlərin qarşısında heyrətlərini gizlədə bilməmişlər:
یک روز شاهی به از ۴۰ سال بردگی… مهم نیست که زنده مانم یا بمیرم، هر جا که من باشم یا از من یاد شود من آنجا پادشاهم!
(Bir gün şah olmaq 40 il kölə olmaqdan yaxşıdır...Sağ qalmağım və ya ölməyim önəmli deyil; əsas odur ki, harada mən varamsa, ya xatırlanıramsa, orada mən şaham! Bax: Crone. The Nativist Prophets of Early Islamic Iran, s.72)
Afşin Heydər ibn Kavusuni aqibəti çox acınacaqlı oldu, zavallı günə qaldı. Xəlifə Mötəsim onu maşa kimi işlətdi, sonra da zindana saldırdı, Afşin hər gün alçala-alçala əff olunması haqda təzzərrünamələr yazsa da xəlifə onu 841-ci ildə həbsxanada aclıqdan əzab çəkdirə-çəkdirə öldürtdü.
Hüquqda gerçəkləşdirildikdə cinayət əməli sayılmayan “son zərurət”- “necessity” - məfhumu mövcuddur. Xürrəmilər öz yurdlarını, yerlərini müdafiə edirdilər, fütuhat üçün səfərbər olmuş Abbasilər isə işğalçı kimi onların üstünə gəlirdilər. Babək və tərəfdarları nə etməli idilər? Əlləri- qolları bağlı, boynu bükük, diz çöküb xəlifə Mötəsimə biət gətirməli idilərmi? Axı Abbasilərə kim demişdi ki, gedin Azərbaycanda Babəki və tərəfdarlarını qılıncdan keçirin, onları öz dinlərindən döndərin? İşğalçılığı din pərdəsi ilə müdafiə edənlər nədənsə bu yerdə yenə də ALLAH hökmünü “unutmuşdular”: لاَ إِكْرَاهَ فِي الدِّينِ – Lə ikrahə fi’d dini- “Dində zorakılıq ( məcburiyyət ) yoxdur” (Bəqərə surəsi, 256-cı ayə ).
Hədislərdən birində ifadə olunmuş “ حب الوطن من الإيمان – Hubbu’l vətən min əl iman- Vətən sevgisi imandandır” xürrəmilərə də aid ola bilməzdimi? Məgər Babək və tərəfdarlarının öz vətənlərini sevməyə, onu qorumağa haqları yoxdumu? Yoxsa bu sevgi haqqı sadəcə xəlifə Mötəsimə və onun ordusuna aid idi? Qazi Mustafa Kamal ATATÜRKün bir ifadəsini nümunə gətirmək istəyirəm. Milli mücadilə illərində onun söyləmiş olduğu “Söz konusu VATANsa, gerisi təfərruattır!” fikri Anadolunu işğalçı “itilaf devletleri”ndən qurtarmaq istəyən milyonlarca insanın dilinin əzbəri olmuşdu. Bu gün bizim əsgərlərimiz də “ÖNCƏ VƏTƏN!”- deyirlər. Vətən uğruna ölməyə və öldürməyə hazır olanlar ən şərəfli insanlardır!
Azərbaycan Respublikası dünyəvi dövlətdir. Burada müsəlmanlarla bərabər digər dinlərə mənsub olanların hamısının hüquq və mənafeləri dövlət tərəfindən eyni dərəcədə qorunur. Azərbaycanın ərazi bütünlüyü, sərhədlərinin toxunulmazlığı, bayrağımızın daim dalğalanması naminə, konstitusiya qanunlarımıza riaəyət edilməsi, işğal olunmuş kənd və şəhərlərimizin azad olunması uğrunda mübarizə aparan istisnasız olaraq bütün Azərbaycanlılar— türklər, talışlar, tatlar, ləzgilər, saxurlar, avarlar, yəhudilər, ruslar və başqaları bizim üçün dəyərlidirlər.
Biz tarixi keçmişimizin maddi və mənəvi dəyərlərinə də sahibik. Bizim üçün islamiyyətdən öncəki dönəmin də, islamiyyətdən sonrakı mərhələdə ümumi tariximizə aid olan hər şeyin xüsusi önəmi var. İndi islamiyyətə aid olmadığı üçün Qobustan qaya rəsmlərindən, Azıx mədəniyyət nümunələrindən imtina etməliyikmi? Alban hökmdarı Cavanşir, hun imperatoru Atilla, Mete xaqan müsəlman olmadıqlarından onları unutdurmalıyıqmı? Dünyaya dəfələrə ( ən azından 8 dəfə ) çıxış etmiş türklərin ümumi sayı, dəqiq olmayan məlumata görə, təxminən 600 milyondur. Bunların bir hissəsi müsəlman deyil ( qaqauzlar, qaraimlər, çuvaşlar, yakutlar, kırımçaqlar, xakaslar, tofalar, dolqanlar, tuvalar, sarı uyğurlar vb.). Müsəlman olmadıqlarından onlarla da əqrəbalıq əlaqələrini kəsmək lazımdırmı? Müsəlmanlıqla əlaqəsi olmadığından Novruz bayramını keçirməməliyikmi? Küçə və meydanlardaki heykəlləri islami dəyərlərlə bağlaşmadığından yığışdırmalıyıqmı? Muzeylərdəki rəsm əsərlərini də anbarlarda gizlətməliyikmi?
Təsəvvür edin ki, sabah hansısa bir müsəlman dövləti bizə qarşı ərazi iddiası ilə nota göndərdi. Müsəlman ölkəsi olduğu üçün o dövlət qarşısında susacaqmıyıq? Babək və onun rəhbərlik etdiyi xürrəmiliyi dini zəmindən yox, yurda bağlılıq, torpağa sevgi baxımından, tarixi durumu göz önündə tutmaqla dəyərləndirsək Babəkin, gerçəkdən də, qəhrəman bir tarixi şəxsiyyət olduğu bir daha təsdiqlənəcəkdir. Babək bütün dini çəkişmələrin fövqündədir. Onun 22 il boyunca apardığı şanlı mübarizəni islamiyyət əleyhində hərəkat kimi dəyərləndirmək, xürrəmiliyin mahiyyətini cılızlaşdırmaq cəhdidir. Babək və onun silahdaşları, birmənalı şəkildə, AZƏRBAYCAN fədailəridirlər. Bu gün onun adını daşıyan bölgədə şərəflə yaşan, çalışan, oxuyan insanlar, heykəli önündən keçənlər, prospektdə hərəkət edənlər istər - istəməz Babək adıyla qürur duyur, onu xatırlayır və adını yaşadırlar. Azərbaycanın böyük qəhrəman oğlu Babək haqqında fikirlərimi türk şairi Mithat Cəmal Kuntayın misraları ilə tamamlamaq istəyirəm:
“Gökten ne çıkar? Gök ha büyükmüş, ha değilmiş?
Sen alnını göster: Ne kadar yükselebilmiş!
Gökler çıkabildin, uçabildinse derindir,
Tarihi kendin yazıyorsan, eserindir.
Asrın yaşamak hakkını vermez sana kimse-
Sen asrını, üstünde izin varsa, benimse.
Bayrakları bayrak yapan üstündeki kandır,
TOPRAK, eğer uğrunda ölen varsa- VATANDIR!!!
Paylaş: