Xəbər lenti

İsrail ordusu Məscidi-Aksanın qapılarına qurulan elektron metal axtarışı detektorunun tətbiqini protesto etmək və axşam namazlarını qapıda qılmaq istəyən fələstinlilərə plastik mərmi, səs bombası və gözyaşardıcı qazla müdaxilə edib.

Publika.az xəbər verir ki, hücum nəticəsində 2-si ağır olmaqla, 22 nəfər xəsarət alıb. Polislər etirazı davam etdirən bəzi fələstinliləri həbs edib.

İsraildəki hadisələrə laqeyd qalmayan ABŞ-dan çağırış mesajları gəlib.

ABŞ Xarici İşlər Nazirliyinin spikeri Heter Nauret Məscidi-Aksa bölgəsində yaşanan hadisələrin sakitləşdirilməsi üçün İsrail və Fələstinə müraciət edərək hər iki tərəfə də gərginliyi artıracaq addımlardan qaçmaq çağırışını edib:

“Bunun çox həssas bir mövzu olduğunun fərqindəyik. Məhz buna görə də hadisələri yaxından izləyirik. Bölgədəki mövcud status-kvonu dəstəkləyirik və bunun qorunmasının tərəfdarıyıq”.

Xatırladaq ki, İsrail polisi iyulun 14-də Məscidi-Aksada silahlı hücumda iştirak etmək iddiası ilə 3 fələstinlini öldürmüşdü. İnsident nəticəsində 2 İsrail polisi yaralanmış və müalicə aldıqları xəstəxanada dünyasını dəyişmişdi.

Bu hadisə səbəbilə Məscidi-Aksanı ibadətə bağlayan polis Hərəmi-Şərifin qapısını bazar günü açmış və terror hadisələrinin qarşısını almaq məqsədilə metal axtarış detektoru quraşdırmışdı.

Hazırda minlərlə fələstinli isə buna etiraz olaraq namazlarını Məscidi-Aksanın qarşısında qılır.

Polislə fələstinlilər arasında bu səbəbə görə tez-tez mübahisələr yaşanır.




Ana səhifəyə qayıt        Baxış: 883          Tarix: 21-07-2017, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma