“Müharibənin bir günü Ukraynaya 100 milyon dollara başa gəlir və bu, könüllülərin hesabına yığılan məbləğ deyil, əsasən dövlət vəsaitidir”.
Bu barədə Ukraynanın istefa astanasında olan müdafiə naziri Aleksey Reznikov açıqlama verib.
Cəbhədə dronların azlığı və onların niyə büdcənin deyil, vətəndaşların könüllülərə bağışladığı vəsaitlə alınması barədə suala cavabında Reznikov bildirib ki, müharibəyə könüllülər tərəfindən göndərilən vəsaitlər ümumi göndərilənlərin 3%-ni təşkil edir.
“Sizə deyə bilərəm ki, 2022-ci il fevralın 24-dən bu günə qədər könüllülərin tədarük etdikləri müharibəyə göndərilən hər şeyin 3%-ni təşkil edir. Müharibənin bir günü bizə 100 milyon dollara başa gəlir.
İndi bütün böyük könüllü fondlarının büdcələrini götürün, baxın ki, nə qədər vəsait toplayırlar. Və ümumilikdə gündə 100 milyon dollar xərcləyən dövlətə baxın. Sadəcə bu barədə düşünün”, - deyə o qeyd edib.
Reznikovun fikrincə, dövlətə qarşı bununla bağlı etirazlar irəli sürmək ədalətsizlikdir, çünki bu belə deyil.
“Əslində, bunu Ukrayna vətəndaşları edirlər - işləyən vətəndaşlar, çünki onlar vergi ödəyirlər və bu vergilər büdcəyə gedir, büdcədən də orduya ayrılır. Ordu bu gün ən böyük vəsait istehlakçısıdır. Amma bütövlükdə ölkənin saxlanması üçün də vəsait lazımdır: infrastruktur, yenidənqurma və s. Ona görə də işləmək və vergi ödəmək lazımdır. Bizneslər aktiv olmalı və sahibkarları dəstəkləməlidir”, - deyə Reznikov əlavə edib.
Aleksey Reznikov dronlarla bağlı müqavilələr haqqında danışmağa haqqı olmadığını bildirib. Lakin onun sözlərinə görə, rəsmi olaraq müxtəlif tipli 30 modeldən ibarət yeni Ukrayna pilotsuz təyyarələri istismar üçün təsdiqlənib ki, bunlar kəşfiyyat, zərbə, kamikadze, o cümlədən 10 model FPV dronlarıdır.
Mənbə: “Ukrainskaya pravda”
Paylaş: