Birləşmiş Ştatlar Ukraynaya bir il ərzində öz mövqelərini möhkəmləndirməyi, müdafiəni saxlamağı, qüvvələr və silahlar toplamağı tövsiyə edib.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Qəzetin yazdığına görə, ABŞ hərbi rəsmiləri Ukraynanı “əlində olanı saxla, sonra hərəkətə keç” strategiyasına əməl etməyə çağırır. Lakin Ukrayna rəsmiləri ötən ilin payızında Krımda həyata keçirilən uğurlu dərin zərbələrə əsaslanan strategiyada israr edirlər. Onlar silah zavodlarına, silah anbarlarına və sursat qatarlarına hücumlar vasitəsilə Rusiya ordusunu sarsıtmağa çalışırlar.
Nəşr yazır ki, ukraynalı keçmiş yüksək rütbəli hərbçilərdən biri təklifləri müzakirə etməkdən imtina edib, lakin yeni planın yekunlaşmaq üzrə olduğunu və “çox cəsarətli” olduğunu bildirib.
Amerika rəsmiləri əmindirlər ki, yeni strategiya və əlavə maliyyə olmadan Ukrayna müharibəni uduza bilər. Lakin bəzi ABŞ generalları Ukraynadan gələn yeni ideyalara açıq olduqlarını ifadə ediblər. Onların fikrincə, Ukraynanın bu payızda Krıma dərin hücumları Rusiya üçün ölümcül olub və uğursuz əks-hücumda yeganə parlaq nailiyyətə çevrilib. Amerikalı strateqlərin düşüncəsinə görə, ukraynalılar enerjilərinin çoxunu öz güclərinin bərpasına sərf etsələr, gələn il bu uğuru davam etdirə bilərlər. ABŞ-ın Avropadakı komandanı general Kristofer Kavoli hazırda Ukrayna rəsmiləri ilə ciddi koordinasiya halındadır.
Bundan əlavə, Pentaqon general-leytenant Antonio Aqutonun da Kiyevə göndərilməsi barədə qərar qəbul edib. General Aquto Birləşmiş Ştatların təklif etdiyi məsləhətləri təkmilləşdirmək üçün birbaşa ölkənin hərbi rəhbərliyi ilə işləyəcək.
Paylaş: