“Fransanın Nigerdəki səfirliyi növbəti xəbərdarlığa qədər bağlıdır, paytaxt Niameydəki səfirlik Parisdən fəaliyyətini davam etdirəcək”.
Musavat.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi öz saytında məlumat yerləşdirib.
Daha əvvəl “Agence France-Presse” xəbər vermişdi ki, Paris “normal fəaliyyət göstərə bilmədiyi” üçün Nigerdəki səfirliyini bağlamaq qərarına gəlib.
Qeyd olunur ki, nümayəndəlik Parisdən fəaliyyətini davam etdirəcək. Konsulluq fəaliyyəti Fransanın bölgədəki konsulluqları tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, 2023-cü ilin iyul ayının sonunda Niger ordusu milli televiziya ilə prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan etdi. Prezident qvardiyasının komandiri, general Əbdürrəhman Çiani dövlət televiziyasında çevriliş iştirakçıları tərəfindən yaradılan Vətəni Müdafiə Milli Şurasının rəhbəri kimi çıxış etdi. Əksər Qərb ölkələrinin liderləri və ECOWAS regional təşkilatı çevrilişi pislədi.
Qeyd edək ki, Nigerdə minlərlə insan dekabrın 22-də Fransa ordusunun geri çəkilməsini qeyd etmək üçün küçələrə axışıb. Aksiyada Burkina-Faso və Malinin baş nazirləri iştirak ediblər - bu ölkələr və Niger bu yaxınlarda yaradılmış Sahel Dövlətləri Alyansının üzvləridir.
Paylaş: