Çağdaş poeziyamızın tanınmış nümayəndələrindən biri Məmməd Tahirin "Könül verdiyim dünya" adlı yeni kitabı nəşr olunub. "Qanun" nəşriyyatında nəfis tərtibatla çıxan kitabda günümüzün hadisələri, xalqımızın kədər və sevinci, eləcə də sevgi-məhəbbət mövzusunda yazılmış müxtəlif şeir və poemalar toplanıb.
Gündəlik dövri-mətbuatda və sosial şəbəkələrdə tez-tez imzası görünən, şeir və yazılarıyla ardıcıl çıxış edən M.Tahir ölkəmizdə və dünyada gedən proseslərə biganə qalmayan, müxtəlif problemlərə fərdi şair münasibətini bildirən bir ziyalıdır.
Bu, onun bütün bədii yaradıcılığının ana xəttini təşkil edir. İkinci Qarabağ savaşından bəhs edən çoxlu sayda şeir və poemalar içərisində M.Tahirin kiçik bir şeiri özünəməxsus hissi-emosional ovqatıyla seçilir. Burada silahlı qüvvələrimizin əsgər və zabitlərimizin göstərdiyi şücaət və qəhrəmanlılardan, azğın düşmənlərin törətdiyi vəhşilik və amansızlıqdan uzun-uzadı danışılmır, cəmisi 44 gün davam edən qanlı döyüşlərdə şəhidlik zirvəsinə yüksələn igidlərin sayının şair qəlbində doğurduğu təəssürat mənalandırılır:
Payız yağışları yudu apardı,
Torpağın üstündən, daşın üstündən.
Güllələr ötəndə başı üstündən,
Ürəklərdən qalxan
Atəşi apardı, odu apardı.
Ha baxdı, heç kimsə görə bilmədi,
Açılan səhəri, düşən axşamı.
O soyuq yağışlar yağıb söndürdü
İki min yeddi yüz səksən bir şamı.
Təsvir etdiyi hadisə və predmetə bu duyğusal-ekspressiv münasibət M.Tahirin başqa şeirlərində də özünü göstərir. Məsələn, sırf fərdi şair fikir və düşüncələrini əks etdirən bir şeirinin son bəndində gözlənilmədən mövzu dəyişir, milli-etnik faciələrimiz və itirilmiş tarixi torpaqlarımız poetik dövriyyəyə girir, bununla da başdan lirik-romantik məzmun daşıyan şeir sonda ciddi ictimai-siyasi məzmun kəsb edir:
Nəsil ağacıdır, çox tərkdən gəlir,
Oğuzu, qıpçağı bir kökdən gəlir.
Dərbənddən, Təbrizdən, Kərkükdən gəlir
Payızdan bu yana yazılan şeir.
İki aydan artıqdır ki, qonşu İranda yaşayan bütün xalqlar azadlıq və insan haqlarının müdafiəsi üçün ayaqdadır. Gənc bir qızın polis işgəncələri nəticəsində öldürülməsindən qaynaqlanan bu iğtişaş və üsyanlar orada yaşayan soydaşlarımızdan da yan keçməyib. Bu gün Təbriz, Zəncan, Xoy, Urmiya və s. bölgələrdə yaşayan Azərbaycan türkləri də terror və istibdad rejiminə qarşı şiddətli mübarizə aparır. M.Tahirin 2018-ci ildə qələmə aldığı "Təbriz bayraq qaldırıb" başlıqlı şeiri sanki bu günlər üçün yazılıb:
Təbriz bayraq qaldırıb cənubdan şimaladək,
Hər kəs ayağa qalxsın adına-sanınacan.
Haydı, atlanın daha, birləşək bir yumruqtək,
Təbriz döyüşəcəkdir son damla qanınacan.
Eyni mövzulu başqa bir şeirində də bu ideya və arzunun davamını görürük. "Gözünüz aydın, ellər, Təbriz qalxıb ayağa", - deyə xalqını və oxucularını müjdələyən şair o taylı-bu taylı Azərbaycanın eyni arzu və istəklə yaşadığını diqqətə çatdırmaq istəyir.
Kitabda yer alan şeirlər içərisində "Ömür - bir xəritə" adlı şeir olduqca maraqlıdır. İnsan ömrünü bir xəritəyə bənzədən şair burada dağ-dərələrin, günəş və torpağın, gün, həftə və ayların öz yeri olduğunu bildirir və burada əsas yeri xatirələrə verir. Şeirdə mənaca bir-birindən fəqli olan, eyni zamanda səslənmə bucağına görə "Xəritə" sözüylə assosiasiya yaradan "xatirə" sözlərinin ehtiva etdiyi anlayışlar arasında da qəribə bir oxşarlıq və eyniyyət üzə çıxır:
Ömür gah dağlardı, gah dərələrdi,
Belə, qanad çalıb hara qonasan?
Ömür başdan-başa xatirələrdi,
Yerdə nə qalacaq, durub sanasan?
deyən şair bu zaman günəşi şair (insan) ömrünün qələmi, torpağı - varağı, ayları urvalıq, günləri isə kündəlik sayır. Şeiri diqqətlə oxuduqdan sonra müxtləif rəng və çalarlarıyla, doğrudan da, xəritəyə bənzəyən insan ömrünün çox hissəsinin acılı-şirinli xatirələrdən ibarət olduğuna inanmaya bilmirsən:
Aylar materikdi, həftələr qitə,
Arzular keçilmiş dağ-dərələrdi.
Ömür ümidlərə dönən xəritə,
Meridian xətlər xatirələrdi.
M.Tahirin "Könül verdiyim dünya" kitabına daxil etdiyi "Payız və şair" şeiri də elə bu baxımdan diqqət çəkir. Şeirdə deyildiyi kimi, payız saralan yarpaqlarına, şair isə ağaran saçına baxır. Həm təbiətin, həm də ömrün payızını seyrə çıxan şair "buludun üstüylə yeriyir", "payızın içindən keçir". Sonda ana təbiəti, yeri-göyü də bir şairə bənzədir:
Bu yer-göy bir şair dodaqlarıdı,
Öpüb sığallayır gecə-gündüzü.
Qələmi ağacın budaqlarıdı,
Kağızı payızın saralan üzü.
M.Tahirin şeirləri vicdanlı şeirlərdir, onun özü, şəxsiyyəti və davranışları kimi, şeirlərində də təvazökarlıq, gözütoxluq və vicdanlılıq çalarları daha çox qabarıqdır. Kitabdakı bütün şeirlərin leytmotivini təşkil edən belə təvazö və könül xoşluğunun ən aydın örnəyi kimi aşağıdakı misraları göstərə bilərik:
Mənə bircə qarış torpaq da bəsdi,
Üstündə könlümü padşah etməyə.
Hər bir şair, istəsə də-istəməsə də, şeirlərində doğulub boya-başa çatdığı yer-məkan, ana təbiət, ömür sürdüyü şəhər-kənd haqqında, hətta ailə-uşağı, dost-tanışları barəsində də hər hansı məlumat verməli olur. Məmməd Tahirin son kitabındakı bəzi şeirlərində də Naxçıvan, onun suyu, havası, adamları, eləcə də məskunlaşdığı Qaraçuxur bu və ya başqa şəkildə boy göstərir. Bu baxımdan "Könlümdən Naxçıvan keçir", "Orda, uzaqlarda bir kənd", "Bir gözəl qar yağır", "Qaraçuxurda bir həyət" və başqa şeirləri ayrıca qeyd olunmalıdır:
Qəmi yola verir, dərdi atladır,
Yerdə xoş əhval var, göydə xoş niyyət.
Mınim ürəyimdə qeydiyyatdadır
Bakı, Qaraçuxur, kiçik bir həyət.
Maraqlıdır ki, bu doğma yerlər bəzən şairin əsərlərində bədii təsvir vasitələri, təşbeh və bənzətmə predmeti olaraq meydana çıxır. Şairin bir beytində həsrətdən yanıb qovrulan aşiq qəlbinin Naxçıvanın kontinental iqlim qurşağına bənzədilməsi yeni və orijinal səslənir:
Sən avqust günəşisən,
Mən Naxçıvan torpağı.
Odun yaxır könlümdə
Göyərən hər yar
pağı.
Başqa sevgi şeirlərində "Biz iki dağ, Aramızdan bir ayrılıq çayı axır", "Öldür məni öpə-öpə, Əlini qana batırma", "Gəlmişdi cana can versin, Bilmir ki, öldürüb gedir", - deyən şairin klassik ədəbiyyatdan gəlmə obraz və bənzətmələrdən də ustalıqla bəhrələndiyini görürük. Fikrimizcə, "Bir yay günü" şeiri bu baxımdan ayrıca təhlil olunmalıdır. İsti yay günündə dənizdə çimib sahil qumları üstündə uzanan bir qızın təbii gözəlliyini daha dolğun göstərmək üçün xaliqin özünün də yaratdığı bu gözəlliyə heyran qaldığı, yerdəkilər kimi, onun da həmin gözələ həsrətlə baxdığı bildirilir. Bu gözəllikdən hərarəti bir az da yüksələn təbiətdə hər yer od saçır, düz-dünya alışıb yanır:
Hər yan atəş idi, hər yan od idi,
Ağ tüstü çıxırdı qara gözümdən.
Ayıldım, adicə bir həyat idi,
Sən evə getmişdin, mən də özümdən.
..."Çahargah" muğamının məşhur "Mənsuriyyə" şöbəsinin ifasının çox çətin olduğu və yüksək səs tembri tələb etdiyini çoxları bilir. Ustad xanəndələr Xan Şuşinski və Yaqub Məmmədovun ifasında həmin muğamın ayrıca özəllikləri və üstünlüyü vardır. M.Tahirin "Mənsuriyyə" adlı şeirində hər iki tanınmış muğam ifaçısının oxu tərzi poetik ustalıqla təsvir olunur:
Kaman elə havalanıb,
Səs götürüb onu gedir.
Qavalın köksü sökülür,
Tarın qızıl qanı gedir.
Müəllifin "Könül verdiyim dünya" kitabında "Qara zon", "Şahdağda bir zirvə var", "Çinarlar yola baxır", "Qanadı yanmış pərvanə" və "Üçüncü... sən" adlı lirik poemaları da yer alıb. "Lemma", "Dilemma" və "Trilemma" hissələrindən ibarət olan "Qara zon" poemasında günümüzün bəzi ictimai-siyasi prosesləri rəmzi dillə təsvir olunur. "Şahdağda bir zirvə var" poeması Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsində şəhid olan jurnalist Çingiz Mustafayevin qısa və faciəli həyat yolu haqqında elegiyadır desək, səhv etmiş olmarıq. Poemada Çingizin uşaqlıq illərindən başlayaraq Qarabağda peşə borcunu yerinə yetirərkən şəhid olduğu ana qədər dolğun və mənalı həyatı bütünlüklə təsvir edilib. Poema Şahdağın ən uca zirvəsinə Çingizin adının verilməsiylə başa çatır:
Təpələr tətikdə, zirvələr oyaq,
Bizi ora çəkir hər cığır, hər iz.
Qafqazın ən uca zirvəsi Şahdağ,
Şahdağın ən uca zirvəsi Çingiz.
"Çinarlar yola baxır" poemasının süjet və kompozisiyası Göyçayda Xalq şairi Rəsul Rzanın ev-muzeyində olarkən şairin keçirdiyi təəssüratlar üzərində qurulub. Həm heca, həm də sərbəst vəznlərdə qələmə alınmış lirik etüdlərdən ibarət olan poemada sərbəst şeirimizin ustadı R.Rzanın poetik obrazı gözlərimiz önündə canlanır.
"Qanadı yanmış pərvanə" poeması da Füzuli-Cəbrayıl bölgəsində şəhid düşmüş kəşfiyyat-bölük komandirinin müavini, cəsur kapitan Ceyhun Orucəliyevin xatirəsinə ithaf olunub. Bu da, yuxarıda dediyimiz kimi, şairin vətənimizin və xalqımızın ağrı-aclarıyla daim nəfəs aldığını, vətənpərvər insanlarımızı narahat edən vacib məsələlərə ən həssas münasibətini bir daha göstərir.
"Üçüncü... sən" poeması da "Qara zon" kimi, çağdaş dünyamızda gedən siyasi-ideoloji proseslərin lirik-romantik boyalarla təsviri və təqdimidir. Poemada bölüm adlarından ("Birinci Səddam", "İkinci Qəddafi", "Üçüncü sən") da göründüyü kimi, dünya mətbuatında "Ərəb inqilabı" kimi təqdim olunan siyasi iğtişaş və devrimlərin Şərqdəki bir sıra diktator və monarxiya hakimiyyətlərini tarix səhnəsindən silməsindən və bundan nəticə çıxarılması gərəkliyindən danışılır.
M.Tahirin poeziyası mövzu-məzmun baxımından rəngarəng olduğu kimi, formaca da çox çalarlıdır. Kitabdakı şeirlərdə, dediyimiz kimi, həm klassik və həm də çağdaş modern şeir ənənələrinin qəribə bir sintezini görürük, həm qoşma-gəraylı, həm də sərbəst şeir örnəkləri yetərincədir. O, hansı mövzu və formada yazmasından asılı olmayaraq, sadə, axıcı və anlaşıqlı bir dillə danışır, süni dərinlik və bayağı fəlsəfilik ardınca qaçmır, oxucunu yormur.
Hazırda ömrünün kamillik zirvəsinə qədəm qoymuş gözəl şair, səmimi insan və vicdanlı vətəndaş olan Məmməd Tahirə cansağlığı və yeni yaradıcılıq uğurları arzulamaqla sözümüzü yekunlaşdırmaq istərdik.
Zəkulla BAYRAMLI
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
Paylaş: