Xəbər lenti


Bu zamanadək Macarıstan Baş naziri Viktor Orban və Serbiyanın lideri Aleksandr Vuciç Avropa İttifaqında Rusiyanın əyləci rolu oynayırdı. Rusiyaya qarşı bir sıra sanksiyaların qəbulunda, Ukraynaya hərbi yardımın göstərilməsində ən çox canfəşanlığı bu iki lider göstərirdi. Görünən budur ki, zaman keçdikcə Avropa İttifaqındakı rus tərəfdarlarının da sayı artır, xüsusilə slavyan liderlər açıq şəkildə Moskvanın tərəfini tutmağa başlayırlar

 

Ovqat.com-un məlumatına görə, ötən ilin oktyabrın sonlarında ölkəsinin Baş naziri postunu təhvil alan Slovakiyanın baş naziri Robert Fiko da Ukrayna savaşında Rusiyaya açıq dəstək verən avropalı liderlərdəndir.

 

Hakimiyyətə gəldikdən qısa müddət sonra Slovakiyanın Ukrayanaya hərbi yardımlarını rəsmən dayandıran Fikonun bu qərarı Avropada ciddi əks-sədaya yol açsa da, bir çox Rusiya rəsmiləri bu addımın savaşın taleyini dəyişdirəcək gücdə olmayacağını bildirirdilər. Çünki Ukraynanın qərbində yerləşən və cəmi 5.5 milyon əhalisi olan Slovakiya o qədər də güclü dövlət deyildi və indiyədək onun Ukraynaya hərbi yardımı da dəryada damla qədər idi. Bununla belə, Slovakiyanın öz çəkisindən daha ağır gücü var. Söhbət onun eynilə Macarıstan kimi Avropa İttifaqının Rusiya ilə bağlı qərarlarını veto etmək hüququndan gedir. Aİ-nın Nizamnaməsinə görə, bu birlik tərəfindən qəbul olunan qərarlar kollegial xarakter daşıyır, ittifaq üzvlərindən yanlız birinin vetosu ümumi qərarların qəbulu və həyata keçirilməsini əngələyir.

 

Slovakiya Baş nazirinin bu gün media orqanlarına verdiyi açıqlama sözügedən “strateji silahından” istifadə edəcəyini göstərir. 

 

Yaxın günlərdə Ukraynanın Baş naziri Denis Şmıqalla görüşə hazırlaşdığını deyən Robert Fiko həmkarına Ukraynanın NATO-ya üzvlüyünə mane olacağını deyib. Fiko qeyd edib ki, bu görüşə “humanitar yardım” təklifi ilə gedir: “Biz təsdiq edəcəyik ki, onlar dövlət anbarlarından, Slovakiya ordusundan heç bir silah almayacaqlar, deyəcəyəm ki, bizim fikirlərimizdə tamamilə fərqli məsələlər var”.

 

Slovakiyanın baş naziri Ukraynanın Avropa İttifaqına daxil olmaq istəyinə də münasibət bildirib. “Biz buna hörmətlə yanaşırıq, lakin onlar bəzi şərtlərə cavab verməlidirlər...”, - deyə o qeyd edib.

 

Fikonun bəhs etdiyi əsas şərt isə belə görünürün ki, Ukraynanın NATO-ya üzvlük iddiasından vaz keçməsidir. O, ukraynalı həmkarı ilə görüşündə bu ölkənin NATO-ya üzvlüyünə qarşı çıxıb, öz veto hüququndan istifadə edəcəyini və ölkənin alyansa daxil olmasına mane olacağını ondan gizlətməyəcəyini bildirib. Əlində isə daşdan keçən bəhanəsi var: “Çünki bu,  Üçüncü Dünya müharibəsinə yol aça bilər”.

 

Fiko ilə Şmıqal arasında görüşün yanvarın 24-də Ukraynanın Ujqorod şəhərində baş tutacağı gözlənilir.

 

Qeyd edək ki, Fukonun hakimiyyətə gəlişindən əvvəl Slovakiya parlamenti ölkə qanunvericiliyinə düzəlişi dəstəkləyib, ölkənin Müdafiə Nazirliyinə silah ixracı və tədarükünü təsdiqləməyə icazə verib. Yeni qanunvericiliyə görə, Slovakiyanın dövlət və özəl silah şirkətləri Ukraynaya hərbi yardım göstərə bilər. 

 

Robert Fikonun və digər Avropa İttifaqına üzv olan ölkə liderlərinin ruspərəst mövqeyi istər-istəməz ittifaq arasında ziddiyyətləri artırır, hətta onu parçalanmağa doğru aparır.

 




Ana səhifəyə qayıt        Baxış: 6 437          Tarix: 20-01-2024, 21:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma