Xəbər lenti

Serbiyada dekabrın 17-də keçirilən parlament və yerli özünüidarə orqanlarına seçkilərindən sonra ölkədə siyasi gərginlik artmaqda davam edir.

Müxalifət seçkilərdə 46,72% səs toplayaraq hakimiyyətdə qalmağı təmin edən hakim Serbiya Proqressiv Partiyasını və onun lideri Aleksandar Vuçiçi saxta bülleten və seçicilərin pulla ələ alınması yolu ilə seçkilərdə qələbə qazanmaqda ittiham edib. Onlar seçkilərin yenidən keçirilməsini tələb ediblər.

Seçkilərdə 23,56% səs toplayaraq 2-ci olan qərbyönlü “Serbiya Zorakılığa Qarşı” blokunun tərəfdarları seçkilərin nəticələrinin ləğvini tələb edərək dünən şəhərin mərkəzi küçəsini bağlayıb, seçki komissiyasının binası ilə prezidentin iqamətgahı arasında səhnə quraşdırıblar.

Gecə etirazçılar iki dəfə parlament binasına basqın etməyə cəhd göstərib, lakin təhlükəsizlik qüvvələri onlara gözyaşardıcı qazla müdaxilə edib.

Hadisələrlə bağlı xalqa müraciət edən Prezident Vuçiç ictimai asayişi pozan 40 nəfərin saxlanıldığını, 2 polis əməkdaşının hadisələr zamanı ağır xəsarət aldığını deyib.

Baş verən hadisələrdən sonra Serbiya lideri Təhlükəsizlik Şurasının iclasını keçirib və bu gün Rusiya səfiri ilə görüşüb. Baş nazir Ana Brnabiç isə Rusiya xüsusi xidmət orqanlarına planlaşdırılan iğtişaşlar barədə xəbərdarlıq etdiyinə görə təşəkkür edib.

Etiraz aksiyaları bu gün də davam edir və seçkilərin nəticələri ilə razılaşmayan tələbələr bu gün Belqradın bir neçə mərkəzi küçəsinə girişi bloklayıb.

Müşahidələr onu deməyə əsas verir ki, hadisələr postsovet və Şərqi Avropa ölkələrində dəfələrlə sınanmış “rəngli inqilab” ssenariləri əsasında cərəyan edir. Yəni, hadisələr prezident, parlament seçkiləri, yaxud digər siyasi əhəmiyyətli hadisədən sonra başlayır, cəmiyyətin ən radikal, amma azsaylı kəsiminin fəal iştirakı görünür, onlara xarici dairələrdən siyasi və maddi dəstəklə müşahidə olunur və həmin aksiyalar bir müddət sonra dövlət müəssisələrinin zorakılıq yolu ilə zəbt edilməsi, mövcud hakimiyyətin devrilməsi ilə nəticələnir.

Adda inqilab, reallıqda isə çevriliş olan bu siyasi proseslərin istər XX əsrdə, istərsə də XXI əsrdə çoxsaylı nümunələri var.

Bu “rəngli inqilab”ları birləşdirən əsas cəhətlərdən biri hadisələrin Qərblə hər hansı saziş, yaxud danışıqlar fonunda baş verməsindən ibarətdir.

Serbiyada baş verən hadisələrdə də biz yuxarıda sadaladığımız “rəngli inqilab” xəstəliyinin bütün simptomlarını görə bilərik.

Belə ki, Serbiyada baş verən hadisələr də Prezident Aleksandar Vuçiçin Avropa İttifaqı ilə üzvlük danışıqlarında sərgilədiyi mövqe, Kosovonun müstəqilliyini tanımaqdan imtina etməsi və hələ də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina etməsi fonunda baş verir.

Digər tərəfdən, Prezident Vuçiç parlament binasını ələ keçirməyə çalışan şəxslərin ümumi sayının 1200 nəfəri keçmədiyini bildirib. Bu, digər “rəngli inqilab” cəhdlərində olduğu kimi, aksiyalarda cəmiyyətin azsaylı və ən radikal kəsiminin hərəkətverici qüvvə olduğunu bir daha sübut edir.

Ümumiyyətlə, Aleksandar Vuçiç Qərbin özünə dost saymadığı, uyğunsuz partnyor hesab etdiyi siyasətçilərdən biridir. Belə siyasətçilərin isə öz ölkələrində davamlı hakimiyyətə qalması Qərbdə qıcıq doğurur və “rəngli inqilab” prosesi üçün katalizator olur.

Vuçiç Avropa İttifaqının və ABŞ-ın müəyyən etdiyi siyasi kursa tabe olmur. Əksinə, Qərbin ikili standartlarını və qərəzli addımlarını ifşa edir.

Aleksandar Vuçiç ölkə ictimaiyyəti ilə kifayət qədər açıq və səmimi danışan siyasətçidir. O, bu il oktyabrın 31-də Avropa Komissiyasının sədri Ursula von der Leyenlə görüşdən sonra ölkəsinin Avropa İttifaqına üzvlüyünə 2 amilin əsas maneə olduğunu açıq dilə gətirmişdi.

“Serbiyanın Avropa İttifaqına üzvlüyünə mane olan əsas səbəblər Rusiyaya qarşı sanksiyalara qoşulmamağımız və Kosovonun müstəqilliyini tanımamağımızla bağlıdır”, - deyə bildirmişdi.

Siyasətçi Rusiyaya qarşı sanksiyalara qoşulmaq üçün Qərbin Belqrada ciddi təzyiq göstərdiyini çıxışlarından deyirdi. Bu təzyiqlərə baxmayaraq, artıq 20 aydan çoxdur Serbiya Brüsselin istəyini yerinə yetirmir.

Digər tərəfdən, Kosovo ilə bağlı məsələdə də Vuçiç Serbiyanın maraqlarını ardıcıl şəkildə müdafiə edir. O, Ukraynadakı müharibə ilə bağlı Qərbin ölkələrin ərazi bütövlüyünü beynəlxalq hüququn əsas müddəa kimi göstərdiyini, lakin Serbiyanın Kosovo bölgəsi ilə bağlı məsələdə 2008-ci ildən bu prinsipdən imtina etdiklərini xatırladıb.

Onun bazar günü verdiyi açıqlama etirazların seçki sonrası baş verənlərin izahı baxımından önəmlidir.

“Serbiya hakimiyyəti Priştina ilə danışıqlara baxmayaraq, Kosovonun müstəqilliyini tanımaq niyyətində deyil. Bir daha təkrar edirəm: Serbiya Kosovonun müstəqilliyini tanımır və tanımayacaq”, - Vuçiç çıxışında demişdi.

Brüsselə Rusiyaya qarşı Qərbin sanksiya siyasətini dəstəkləyən, Moskva ilə özəl münasibətlərini dayandıran, həmçinin, Kosovonun müstəqil dövlət olması ilə barışmış Serbiya lazımdır. Amma son seçkilərinin nəticələri Brüsseli məyus etdi. Qərb onun siyasi kursunu kortəbii şəkildə dəstəkləməyəcək Vuçiç hakimiyyətinin 2027-ci ilə qədər iqtidarda qalmasını qəbul etmədi və ötən gün baş verən hadisələr məhz həmin məyusluğun yaratdığı əks-səda idi.

Bundan sonra hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyindən asılı olmayaraq, Serbiyada baş verənlərin ölkədəki daxili narazılığın deyil, xarici sifarişin təzahürü olduğunu söyləmək olar.

APA Analytics




Ana səhifəyə qayıt        Baxış: 5 168          Tarix: 26-12-2023, 07:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma