Vaşinqton administrasiyası ABŞ Konqresindən Türkiyəyə F-16 qırıcıları və modernizasiya dəstlərinin satışına ümumilikdə 20 milyard dollara razılıq verilməsini istəyib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” yazıb.
Onun mənbələrinə görə, bu barədə ABŞ rəhbərliyinin qanunvericilərə göndərdiyi məktubda deyilir.
Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel çərşənbə günü bildirib ki, Vaşinqton Ankaraya F-16-ları tədarük etməyə hazır olduğuna zəmanət vermir. O vurğulayıb ki, bu məsələdə əsas rol Konqresə həvalə olunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqini ABŞ Konqresinin Ankaraya F-16-lar satması ilə bağlı qərarı ilə əlaqələndirir. Bir neçə il öncə Türkiyə ABŞ-dən mövcud qırıcıları üçün 40 F-16 və 80 “Block 70” təkmilləşdirmə dəsti tələb etmişdi. ABŞ dövlət katibi Entoni Blinkenin daha öncə dediyi kimi, Konqresin bəzi üzvləri bu cür tədarüklərin Ankaranın İsveçin NATO-ya qəbulu üçün atacağı addımlarla əlaqələndirilməsini tələb edirlər.
Yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Macarıstan parlamenti İsveçin müraciətinə hələ səs verməmiş yeganə müttəfiq ölkə olaraq qalıb.
Paylaş: